Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5759/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı vətəndaşlıq vəziyyəti akt qeydinə düzəliş edilməsi barədə ərizəsi üzrə mülki işə 16 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16.09.2005-ci il təvəllüdlü X11 və 31.10.2007-ci il təvəllüdlü X9 doğum yeri haqqında vətəndaş vəziyyəti haqqında akt qeydlərində uşaqların doğum yeri barəsində yol verilən yanlışlıqların aradan qaldırılması, doğum yerinin “Qobustan (Azərbaycan)”dan “Hamburq (Almaniya Federativ Respublikası)”na dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi saxlanılmaqla 16.09.2005-ci il təvəllüdlü X1 “Əmirhüseynli”dən “Əmirhüseynova”ya, 31.10.2007-ci il təvəllüdlü X2 “Əmirhüseynli”dən “Əmirhüseynov”a dəyişdirilməsi barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, X10 ilə birgə nikahdan Almaniya Federativ Respublikasının Hamburq şəhərində 16.09.2005-ci il təvəllüdlü X11 və 31.10.2007-ci il təvəllüdlü X12 anadan olmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən və Almaniya Federativ Respublikası tərəfindən verilən 2833/2005 reyester nömrəli müvəqqəti doğum haqqında şəhadətnamədən görünür ki, qızı X5 şəhərində anadan olmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilən və Almaniya Federativ Respublikası tərəfindən verilən 2699/2007 reyester nömrəli müvəqqəti doğum haqqında şəhadətnamədən görünür ki, oğlu X12 da Hamburq şəhərində anadan olmuşdur. Həmin müvəqqəti şəhadətnamələr sonradan Azərbaycan Respublikasında doğum haqqında şəhadətnamə alınması üçün aidiyyəti üzrə cavabdeh Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə təqdim edilmişdir. Maraqlıdır ki, doğum faktına dair arayışlarda doğum yeri və tarixi dəqiq göstərilməyinə baxmayaraq, maraqlı şəxs inzibati orqan tərəfindən verilən 27 dekabr 2005-ci il tarixli 4622 reyester nömrəli Şəhadətnamədə və 12 fevral 2008-ci il tarixli 623 reyestr nömrəli doğum haqqında şəhadətnamələrdə yalnışlığa yol verilmiş və uşaqların doğum yeri kimi Qobustan şəhəri qeyd edilmişdir. Nəticədə doğum haqqında şəhadətnamələrdə yol verilən bu yalnışlıq səbəbindən Almaniya Federativ Respublikası hər iki uşağın daimi yaşayış hüququnu məhdudlaşdırmışdır. Bu yalnışlığın aradan qaldırılması üçün 01.04.2021-ci il tarixdə ərizə ilə cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin inzibati orqandan verilən 01 aprel 2021-ci il tarixli 05/Q-767/15 saylı məktubla ərizəsində qeyd etdiyi düzəlişlərin edilməsindən imtina edilmişdir. Maraqlı şəxs inzibati orqan öz imtinasının "Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları” (bundan sonra Qaydaların) ilə əsaslandırmış və qeyd etmişdir ki. həmin qaydalara əsasən, soyadının və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Uşağın doğum yerinin şəhadətnamədə yalnış qeyd edilməsi ilə əlaqədar isə onu qeyd edir ki, Almaniya Federativ Respublikasında verilən müvəqqəti doğum haqqında şəhadətnamələrlə doğum yerinin Almaniyanın Hamburq şəhəri olduğu öz təsdiqini tapır. Lakin cavabdeh inzibati orqan bu hissədə səhvə yol vermiş və uşaqların doğum yerini qeyd etməklə uyğunsuzluq yaratmışdır. Səhvlərin düzəldilməsi üçün iki halın olması kifayət edir ki, inzibati orqan bu düzəlişi həyata keçirsin. Bu əsaslardan biri vətəndaş vəziyyəti aktlarında səhvləri təsdiq edən kifayət qədər əsasların olmasıdır ki, Almaniya Federativ Respublikası tərəfindən verilən 2833/2005 reyestr nömrəli və 2699/2007 reyestr nömrəli müvəqqəti doğum haqqında şəhadətnamələrdə uşaqların doğum yerləri dəqiq qeyd edilmişdir. Akt qeydində düzəliş edilməsi öhdəliyini müəyyən edən növbəti hal isə hər iki valideynin razılığının olmasıdır ki, həm o, həm də ki, həyat yoldaşı Elşən Əmirhüseynovun buna dair razılığı olmuşdur. Bu hal isə bir daha sübuta yetirir ki, inzibati orqan ərizəsinə imtina edərkən öz səlahiyyətlərindən düzgün istifadə etməmiş və öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda doğum haqqında şəhadətnamələrdə hər iki uşağa Əmirhüseynli soyad verilmişdir. Almaniya Federativ Respublikası tərəfindən verilən müvəqqəti doğum haqqında şəhadətnamələrdən görünür ki, oğlanın soyadı Əmirhüseynova, qızın soyadı isə Əmirhüseynova kimi qeyd edilmişdir. Yol verilən bu yalnışlıq səbəbindən Almaniya Federativ Respublikası hər iki uşağın daimi yaşayış hüququnu məhdudlaşdırmışdır. Bu yalnışlığın aradan qaldırılması və soyad sonluğunun dəyişdirilməsi üçün 01.04.2021-ci il tarixdə ərizə ilə cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etdimişdir. Həmin inzibati orqandan verilən 01 aprel 2021-ci il tarixli 05/Q-767/15 saylı məktubla ərizəsində qeyd etdiyi düzəlişlərin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan öz imtinasının “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları” (bundan sonra Qaydalar) ilə əsaslandırmış və qeyd etmişdir ki, həmin qaydalara əsasən, soyadının və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Qaydaların 4.1-ci bəndinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Qaydaların 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qaydaların 5.10-cu bəndinə əsasən, qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın yuxarıda sadalanan normalarından da görünür ki, soyadı sonluğuna növbəti dəyişiklik edilməsinə yalnız şəxsin yetkinlik yaşına çatması mane olur. Hazırki işdə isə heç bir uşaq yetkinlik yaşına çatmamışdır. Bu cavabdeh orqanın imtinasının əsassızlığını göstərən ilkin haldır. Soyad sonluğunun valideynlər olaraq onlardan fərqli olmasının özü də övladlarına daimi yaşayışın alınmasına maneə törədir. Hətta hazırki iddia ərizəsinə əlavə edilən Almaniya Federativ Respublikasına məxsus müvəqqəti yaşayış vəsiqəsi və xarici pasportdan görünür ki, hər iki uşağın soyadı Əmirhüseynov kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrdə bu fərqin yaranması qeyd edilən problemlərin ortaya çıxmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 16.09.2005-ci il təvəllüdlü X11 və 31.10.2007ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Uşaqların anası Ərizəçi 2004-cü ildən Azərbaycan Respublikasının sərhədlərini tərk etmişdir. O, 2021-ci ilə qədər Azərbaycana qayıtmamışdır. Bu halın özü də Ərizəçi övladlarının Azərbaycanda doğulmadığını təsdiq edir. Həmin uşaqlar Almaniya Federativ Respublikasında təhsil alır və məktəbə gedirlər. Bundan başqa ərizəçinin övladlarının doğum haqqında şəhadətnamələrində soyadının sonluğunun valideynlərindən fərqli olması onlara yaşadıqları ölkədə əlavə problemlər yaradır. Göstərilənlərə əsasən vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İ 709075 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16.09.2005-ci il tarixdə Qobustan rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası X6r. İş materiallarına əlavə edilmiş Hamburq Eimsbüttel VVAQ İdarəsi tərəfindən verilmiş 07.11.2018-ci il tarixli G 2833/2005 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə edilmiş surətindən görünür ki, X13 16.09.2005-ci ildə Hamburq şəhərində doğulmuşdur. Anası Ərizəçi, atası X6r. İşdə olan AZ-İİ 058754 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 31.10.2007-ci il tarixdə Qobustan rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası X6r. İş materiallarına əlavə edilmiş Hamburq Eimsbüttel VVAQ İdarəsi tərəfindən verilmiş 07.11.2018-ci il tarixli G 2699/2007 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə edilmiş surətindən görünür ki, X14 31.10.2007-ci ildə Hamburq şəhərində doğulmuşdur. Anası Ərizəçi, atası X6r. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İ 087198 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi X10 ilə 27.11.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 552 saylı qeyd edilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 01.04.2021-ci il tarixli 05/Q-767/15 saylı məktubu ilə Ərizəçi bildirilmişdir ki, soyadın sonluğunun növbəti dəfə dəyişdirilməsi barədə 12.05.2011 -ci il tarixli, 79 saylı “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları’na əsasən soyadının (soyad sonluğunun) və adının növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Eyni zamanda Azəbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydlərində düzəliş edilməsi üçün zəruri olan sənədləri təqdim etməklə'bu barədə ərizə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilərsiniz. Yuxarıda göstərilənləri nəzərə alaraq ərizənin təmin olunması imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10.03.2021-ci il tarixli ******* saylı Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarından görünür ki, 31.10.2007-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15.02.2021-ci il tarixli ******* saylı Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarından görünür ki, 16.09.2005-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 18.07.2021-ci il tarixli məlumatdan görünür ki, Ərizəçi 2003-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında 18.12.2004-cü il tarixdə Fransa istiqamətində çıxışı, 03.03.2021-ci il tarixdə Türkiyə istiqamətindən girişi barədə məlumat vardır. Məhkəmənin sorğusu əsasında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 622 saylı 27.12.2005-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X13 16.09.2005-ci il tarixdə Qobustan rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası X6r. 623 saylı 12.02.2008-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X14 31.10.2007-ci il tarixdə Qobustan rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası X6r. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi övladları X13 16.09.2005ci ildə, X14 isə 31.10.2007-ci ildə Almaniya Federativ Respublikasının Hamburq şəhərində doğulmuşdur. Lakin onların doğum haqqında şəhadətnamələrində doğum yeri səhvən “Qobustan rayonu” kimi göstərilmişdir. Bu fakt ərizəçinin Azərbaycan Respublikasından hərəkəti barədə İAMAS bazasında olan məlumatlarla, Almaniya Federativ Respublikası Hamburq Eimsbüttel VVAQ İdarəsi tərəfindən verilmiş 07.11.2018-ci il tarixli G 2833/2005 və 07.11.2018-ci il tarixli G 2699/2007 saylı doğum haqqında şəhadətnamələrlə və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə qeyd edir ki, ərizəçinin övladlarının vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməməsi onun mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir, həmçinin şəxsin sosial təminat hüququnun reallaşmasına maneə törədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı AR Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, rayon (şəhər) icra hakimiyyətinin nümayəndəlikləri (doğumun dövlət qeydiyyatını aparır və doğum haqqında şəhadətnamələr verir) tərəfindən aparılır. AR Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin müddəalara görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlər olduqda vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. (1-4-cü bəndlər) Azərbaycan Respublikası MPM-nin müddəalarına görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. (maddə 339, 340, 341) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə 16.09.2005-ci il təvəllüdlü X8 və 31.10.2007-ci il təvəllüdlü X9 doğum yerinin “Qobustan (Azərbaycan)”dan “Hamburq (Almaniya Federativ Respublikası)”na dəyişdirilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. (4.1, 5.1, 5.10) İş materiallarından görünür ki, 16.09.2005-ci il təvəllüdlü X11 və 31.10.2007-ci il təvəllüdlü X9 xarici pasportlarında, o cümlədən Hamburq Eimsbüttel VVAQ İdarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrində soyadları Əmirhüseynov (Əmirhüseynova) kimi qeyd edilmişdir. məhkəmə hesab edir ki, uşaqlara məxsus sözügedən sənədlərdəki ziddiyyətin aradan qaldırılması üçün ərizə 16.09.2005-ci il təvəllüdlü X1 “Əmirhüseynli”dən “Əmirhüseynova”ya, 31.10.2007-ci il təvəllüdlü X2 “Əmirhüseynli”dən “Əmirhüseynov”a dəyişdirilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220, 341 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16.09.2005-ci il təvəllüdlü X11 və 31.10.2007-ci il təvəllüdlü X9 vətəndaş vəziyyəti haqqında akt qeydlərində doğum yeri “Qobustan (Azərbaycan)”dan “Hamburq (Almaniya Federativ Respublikası)”na, 16.09.2005-ci il təvəllüdlü X3 “Əmirhüseynli”dən “Əmirhüseynova”ya, 31.10.2007-ci il təvəllüdlü X4 “Əmirhüseynli”dən “Əmirhüseynov”a dəyişdirilsin və onlara bu barədə yeni doğum haqqında şəhadətnamələr verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5759/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5759/2021
16.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver