Məhkəmə qərarları › İş №2(060)-5831/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5831/2021

19.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5831/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdeh “Şəfqət” Klinikasının nümayəndəsi (baş həkimi) X1 iştirakı ilə, İddiaçı cavabdehlər “Şəfqət” Klinikasına və “Cavabdeh2”-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Şəfqət” Klinikasına və “Cavabdeh2”-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat ödənilmiş pul vəsaiti, maddi ziyanın əvəzi olaraq 20500 manat, mənəvi ziyana görə 30000 manat, dövlət rüsumunun əvəzi olaraq 31 manat olmaqla, cəmi 52031 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2006-cı ildə iddiaçı Bakı şəhərində Yeni Yasamal massivində tikinti şirkətində işləyərkən 10-cu mərtəbədən zirzəmiyə yıxılmış və sol qolundan xəsarət almışdır. Şirkətin səlahiyyətli nümayəndələri heç bir sənədləşmə aparmayaraq bildirmişlər ki, onu müalicə etdirəcəklər. Lakin, iddiaçının ardınca gələn olmamışdır. İddiaçı Şirvan şəhər xəstəxanasında öz vəsaiti hesabına 2 dəfə əməliyyat olunmuşdur. Sümüyünün birini bitişdirsələr də, digərini bitirə bilməmişlər. Sonra qoluna saldıqları mili çıxarmışlar və bir daha əməliyyat etməmişlər. İddiaçının qolu ağrımadığı üçün dolanışıq xatirinə təxminən 10 il yəni 2017-ci ilə kimi bənna, suvaqçı kimi tikinti işlərdə işləmişdir. Həmin ilin noyabrında qolu ağrımağa başlamışdır. Sumqayıt şəhər X7 Xəstəxanasına travmatoloq həkim olan X5 müraciət etmiş, həkim qoluna baxandan sonra söz vermişdir ki, əməliyyat edəcək və əməliyyatdan sonra qolu 100 faiz düzələcək. Qolumun əməliyyatı üçün ilk dəfə 1500 manat pul ödəmiş və 2018-ci ilin mart ayında “Şəfqət” Klinikasında ilk dəfə əməliyyat olunmuşdur. Lakin əməliyyatın heç bir əhəmiyyəti olmamış və qolunda ağrılar olduğu kimi qalmışdır. O, Fuad həkimə bu barədə bildirikdikdə o iddiaçını 2-ci dəfə mənim əməliyyat edəcəyini bildirmişdir. İkinci dəfə isə 16 yanvar 2019-cu ildə “Liman” Medical Center əməliyyat olunmuşdur. 2-ci dəfə qolunu əməliyyat edəndə Fuad Ağayev iddiaçıya məlumat vermədən salamat sümüyünü kəsmişdir. Əvvəlcədən iddiaçıya bunu desəydi o, salamat sümüyünün kəsilməsinə razılıq verməzdi. Həkim qoluna «Elza» aparatı qoymuş və 3-4 aydan sonra çıxararaq plastik qaba qoymuşdur. Bütün bunlara baxmayaraq qolu düzəlməmiş, əksinə vəziyyəti bir az da ağırlaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra göndəriş əsasında Travmatologiya İnstitunda 02.07.2019-cu ildə «sol said sümüklərinin orta 1/3-nin əməliyyatdan sonrakı yalançı oynağı» diaqnozu ilə həkim Fikrət Bayramov əməliyyat etmişdir. Fikrət həkim tam sağala biləcəyinə zəmanət verməmişdir. Lakin demişdir ki, kəsilən sümüyü bitsə də gec bitəcək və ümid azdır. İddiaçının dolanışığı, müalicə xərcləri sosial şəbəkələr vasitəsilə, camaatın maddi köməkliyi hesabınadır. Onun maddi durumu çox acınacaqlı vəziyyətdədir. O, ağrılardan yata bilmir, özü-özünə xidmət etmək iqtidarında deyil və mənim maddi durumu çox çətindir. İddiaçı göstərilən müddətdə işləyə bilməmişdir. Buna görə də, işləmədiyi müddət üçün pul məbləği cavabdehlər tərəfindən tutularaq ona ödənilməlidir. Bütün bu əməliyyatlar cavabdeh olan klinikalarda baş vermişdir.Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı maddi ziyanla yanaşı mənəvi ziyan da çəkmişdir. İddiaçı həmin ziyanı 30000 manat dəyərində qiymətləndirir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, o əməliyyat olunması üçün həkim Fuad Ağayevə 1500 manat pul ödəsə də, əməliyyat səhv aparılmışdır. O, hazırda şikəst vəziyyətdədir. Ödədiyi pulla yanaşı uzun müddətdir ki, işləyə bilmədiyi üçün ona dəyən maddi ziyanı da tələb edir. Həmçinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əsəb və sarsıntı keçirmiş və mənəvi ziyana uğramışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmamsını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Şəfqət” Klinikasının nümayəndəsi (baş həkimi) X3 izahatında bildirdi ki, həkim Fuad Ağayev onun rəhbərlik etdiyi klinikasında işləmir. O, “Liman” klinikasının həkimidir. Sadəcə həmin vaxt Fuad Ağayev ona müraciət edərək xəstəni əməliyyat etmək üçün şərait yaradılmasını xahiş etmişdir. Onlar da əməliyyatı təşkil etmişlər. İddiaçı əməliyyatla bağlı iddia ərizəsində göstərilən məbləğdə klinikaya rəsmi ödəniş etməmişdir. Fuad Ağayev “Şəfqət” Klinikasının həkimi olmadığı üçün onun etdiyi əməliyyatla bağlı klinika məsuliyət daşıya bilməz. Eyni zamanda onun tərəfindən klinika üzrə daxili əmrlər verilmişdir ki, həmin əmrlərə əsasən yalnız rəsmi ödənişlərə görə klinika məsuliyyət daşıya bilər. Qeyri-rəsmi ödənişlərə görə isə klinika cavabdeh deyildir. Qeyd edilən əmr həkimlərlə tanış edilmiş və bununla razılaşmışlar. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə cavabdeh “Liman” Klinikasına məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-568/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının X5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2601/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2247/2021 saylı, 26.04.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.10.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. İşdə olan X2 epikrizi ilə müəyyən edilir ki, iddiaçı üzərində 03.04.2020-ci il tarixindı həmin klinikada sol said sümüklərinin illizarov aparatı ilə osteosintezi əməliyyatı icra olunmuşdur. İş materiallarına iddiaçıya aid rentgenoqrafiya sənədləri və digər tibbi sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (1112). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (1099.2.). Hazırkı iddianın təmin edilməsi üçün iddiaçıya Fuad Ağayev tərəfindən düzgün diaqnoz qoyulmayaraq cərrahiyyə əməliyyatının düzgün icra edilməməsi və Fuad Ağayevin cavabdeh klinikaların rəsmi işçisi olması faktları öz təsdiqini tapmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-568/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilk dəfə onu əməliyyat etmiş həkim Fuad Ağayevə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X6” X9 tərəfindən verilmiş 23.04.2020-ci il tarixli , 718 nömrəli rəydə göstərilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən , İddiaçı 29.03.2018-ci il tarixdə “Şəfqət” Klinikasına müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona , “Sol mil sümüyü orta 1/3-nin böyük sümük deffekti ilə bitişməyən sınığı. Sol mil-bilək oynağın deformasiyası. Kontrakturası. Funksiya pozğunluğu” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və həmin tarixdə “Sol mil sümüyü deffektinin autotransplantla bərpası. Kilidli metallövhə və vintlərlə metalloosteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə 31.03.2018-ci il tarixdə ambulator nəzarətə evə buraxılmışdır. İddiaçı 16.01.2019-cu il tarixdə “Liman” Klinikasına “Sol mil sümüyünün metallövhə ilə təsbit edilmiş bitişmiş sınığı. Sol dirsək sümüyünün deformasiyası. Sol mil-bilək oynağının deformasiyası” diaqnozu ilə daxil olmuş və üzərində “Metallövhənin xaric edilməsi. İlizarov aparatı ilə sol said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə 17.01.2019-cu il tarixdə kafi vəziyyətdə evə buraxılmışdır.İddiaçı üzərində icra edilmiş etaplı cərrahi müdaxilələr tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra said sümüklərinin hipertrofik yalançı oynağının əmələ gəldiyi müəyyən edildi. Bu patologiya İddiaçı almış olduğu travma və eyni zamanda xəstənin təkidi ilə xarici fiksasiya aparatının tez çıxarılması nəticəsində meydana çıxmışdır. Bu patalogiyanın aradan qaldırılması üçün onun təkrarı operativ müdaxiləyə ehtiyacı vardır. Beləliklə ekspert rəyində Fuad Ağayev tərəfindən iddiaçıya düzgün diaqnoz qoyulması və etaplı cərrahi müdaxilələrin tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi qeyd edilmişdir. Yəni, iddiaçının səhhətində yaranmış ağırlaşmaların həmin həkimin səhv diaqnozu və düzgün olmayaraq apardığı cərrahiyyə əməliyyatları nəticəsində meydana gəlməsi iş materialları ilə sübut olunmur. Bu hal isə iddianın əsaslı olmaması qənaətinə gəlməyə imkan verir və Fuad Ağayevin cavabdeh klinikaların əməkdaşı olub-olmaması məsələsinin araşdırılmasına zərurət qalmır. Mənəvi zərərlə bağlı qeyd edilməlidir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi onunun maddi ziyanla bağlı tələbinə əsaslandığından və iddiaçıya cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan vurulması müəyyən edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində də təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Şəfqət” Klinikasına və “Cavabdeh2”-yə qarşı 1500 manat ödənilmiş pul vəsaiti, maddi ziyanın əvəzi olaraq 20500 manat, mənəvi ziyana görə 30000 manat, dövlət rüsumunun əvəzi olaraq 31 manat olmaqla, cəmi 52031 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar