Məhkəmə qərarları › İş №2(060)-5909/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5909/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5909/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, vəkil X1, üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs – "xxxx" MMC) qarşı mənzilə görə ödənilmiş vəsaitin bölgüsü tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin (bundan sonra – üçüncü şəxs) inşa etdiyi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 7 mərtəbəli yaşayış binasındakı sahəsi 74 kvadrat metr olan, 2 otaqlı, 30 saylı mənzilə görə ödənmiş 12000 manat pul vəsaitin cavabdehlə aralarında bölünərək payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 20.05.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikah dövründə üçüncü şəxsə məxsus binada 09.06.2017-ci il tarixli, 67 saylı müqavilə əsasında sahəsi 74 kv.metr olan 2 otaqlı 30 saylı mənzili almışlar. İlkin ödəniş kimi üçüncü şəxsə 12 000 manat ödənilmişdir. Mənzil onlara təhvil verildikdən sonra ümumi vəsaitləri hesabına tam təmir aparılmış və mənzilə köçüb yaşamağa başlamışlar. Bundan sonra aralarında olan münasibətlər pozulmuş, cavabdeh iddiaçını mənzilə buraxmamış və aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı mənzildə payların müəyyən edilməsi, mənzilə köçürmə və əmlak bölgüsünə dair iddia ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli qətnaməsinə əsasən iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddianın rədd edilməsinə əsas o olub ki, münasibətlər pozulduqdan sonra cavabdeh aylıq ödənişləri ödəmədiyi üçün üçüncü şəxslə aralarında olan müqavilə ləğv edilmiş və həmin mənzilə onun mülkiyyət hüququ yaranmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə birgə nikahları dövründə müxtəlif mənzillər alıb-satmışlar və ən sonda üçüncü şəxsə məxsus binada 09.06.2017-ci il tarixli müqavilə əsasında 30 saylı mənzili almışlar. Həmin mənzilə ödənişi etməyi üçün iddiaçı cavabdehə ilkin ödəniş olaraq 12 000 manat pul vermişdir. Həmin vaxt cavabdeh "xxxx" MMC-nin əməkdaşı idi. Bu mənzildən öncə iddiaçı və cavabdeh 3-cü mikrorayonda 32.500 manata 1 otaqlı mənzil almışdırlar. Lakin daha sonra həmin mənzildə yaşamamış , o mənzili kirayə vermiş və iddiaçının valideynləri ilə birlikdə yaşamışlar. Bundan bir müddət sonra, cavabdeh iddiaçıya bildirmişdir ki, işlədiyi yerin ortaq olduğu yeni tikilidən mənzil alsınlar. Orda işlədiyi üçün ona güzəştlərin ediləcəyini bildirib. İddiaçı ona inanmış və onlar 1 otaqlı mənzillərini 32.800 manata satmışlar. Lakin cavabdeh onu elə göstərib ki, guya mənzili 22800 manata satmışlar. Daha sonra barəsində iddia qaldırılan mənzil onlara təhvil verildikdən sonra iddiaçı mənzildə təmir işləri aparmışdır. İddiaçı özü ustadır. Evlərin təmiri ilə məşğul olur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əslində məsələ olduqca sadədir. Düzdür, azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən tərəflərin birgə nikah dövründə əldə edilmiş mülkiyyətə hüquqları vardır. Mənzilə dair ödənişlər edilmədiyi üçün ilkin ödəniş olan 12.000 manat ödəniş geri qaytarılıb və həmin pul birgə nikah dövründə onlara qaytarıldığı üçün ailənin birgə mülkiyətinə daxil olub və hesab edilir ki, ailənin xərclərinə sərf olunub. Düzdür, onun hara, hansı miqdarda xərclənməsinə dair sübut yoxdur. Lakin həmin pul onların birgə nikahda olduğu dövrdə geri qaytarılıb və onlar tərəfindən ehtiyaclarına sərf edilib. Eyni zamanda tələb üzrə iddia müddəti də ötürülmüşdür. Qeyd olunanlar əsasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ilkin ödəniş cavabdeh tərəfindən ödənildikdən sonra, cavabdeh digər ödənişləri ailə problemləri ilə bağlı olaraq ödəyə bilməyəcəyini bildirmişdir. Bundan sonra isə "xxxx" MMC tərəfindən cavabdehə həm yazılı, həm şifahi bildirişlər göndərilmişdir. Lakin, cavabdeh mənzillə bağlı ödənişləri edə bilməmiş və onun müqavilə ləğv edilərək mənzillə bağlı ilkin ödəniş məbləği cavabdehə qaytarılmışdır. Məbləğin konkret hansı tarixdə cavabdehə qaytarıldığını dəqiq bilmir. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində, cavabdeh isə 21.05.1989-cu ildə Tovuz rayonunda anadan olmuşlar. İddiaçı hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə ünvan 2 qeydiyyatdadır. Üçüncü şəxslə cavabdeh arasında bağlanmış 09.06.2017-ci il tarixli, 67 saylı müqaviləyə əsasən üçüncü şəxs Sumqayıt şəhəri, 4-cü məhəllədə inşa olunacaq 7 mərtəbəli Yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra həmin binanın 7-ci mərtəbəsində yerləşən 30 saylı mənzili cavabdehə təhvil vermək, cavabdeh isə həmin mənzillin dəyərini müqaviləyə uyğun ödəmək barədə öhdəliklər götürmüşlər. Üçüncü şəxs tərəfindən verilmiş 09.06.2017-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh mənzilin ümumi dəyərəindən 12000 manat pulu üçüncü şəxsə ödəmişdir. İş materiallarına üçüncü şəxs tərəfindən cavabdehə mənzilin dəyərinin ödənilməsi ilə bağlı edilmiş 24.10.2017-ci il və 20.09.2018-ci il tarixli xəbərdarlıq məktublarının surətləri əlavə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(060)-9435/2018 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı Sumqaylt şəhəri, 4-cü məhəllədə inşa edilən binanın 30 saylı mənzili üzərində payların müəyyən edilməsi və digər tələblərinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli, 2(105)-1321/2019 saylı qətnaməsi ilə həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasında nikahın pozulması haqqında akt qeydləri kitabında 07.08.2018-ci il tarixli qeyd aparılmışdır. Üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, Sumqayıt şəhər 4-cü məhəllə ərazisində "xxxx"MMC tərəfindən inşa edilən binanın 7-ci mərtəbəsində ümumi sahəsi 74 kv.m olan 2 otaqlı, 30 saylı mənzilə dair cavabdehlə 09 iyun 2017-ci il tarixli, 67 saylı müqavilə imzalanmışdır. Həmin mənzilin dəyəri 44400 manat dəyərləndirilmişdir. İlkin olaraq cavabdeh 12000 manat ödəniş etmişdir. Sonralar cavabdehə dəfələrlə şifahi, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir ödəniş etməmiş, ödəniş etməyə imkanı olmadığını bildirmişdir. Müqavilə şərtlərinə əməl etmədiyi üçün 09 iyun 2017-ci il tarixli, 67 saylı müqavilə ləğv edilərək etibarsız hesab edilmiş, həmin mənzil satıldıqdan sonra ilkin ödənilmiş vəsaitin ona qaytarılacağı bildirilmişdir. Hal-hazırda cavabdehin ümumi sahəsi 74 kv.m olan 2 otaqlı, 30 saylı mənzilə dair ilkin ödəniş olaraq ödədiyi 12 000 AZN vəsait cavabdehə qaytarılaraq tam ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (225.2.). Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hal-hazırda iddiaçı Sumqayıt şəhəri, 4-cü məhəllədə inşa edilən 7 mərtəbəli yaşayış binasında yerləşən 30 saylı mənzillə bağlı üçüncü şəxsə tərəflərin birgə nikahları dövründə 12000 manat ödəniş edildiyini və sonradan həmin ödənişin üçüncü şəxs tərəfindən cavabdehə qaytarıldığını bildirərək həmin məbləğin yarısını cavabdehdən tələb edir. Göründüyü kimi tərəflər arasında nikah 20.05.2008-ci ildə bağlanmış və 02.07.2018-ci il tarixində isə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər nikahda olduqları dövrdə, yəni 09.06.2017-ci il tarixində cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üçüncü şəxsə 12000 manat ilkin ödəniş etmişdir. Yəni, həmin məbləğ tərəflərin nikahda olduqları dövrdə ödənildiyindən həmin məbləğin tərəflərin birgə nikah dövründə qazandıqları əmlak olması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda həmin məbləğin üçüncü şəxs tərəfindən cavabdehə qaytarılması da tərəflər arasında mübahisə doğurmur. İddiaçının nümayəndəsi 12000 manat pulun tərəflərin nikahda olduqları dövrdə də cavabdehə qaytarıldığını və bununla da həmin vəsaitin ailənin ümumi ehtiyacına sərf olunduğunu bildirir. Lakin, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9435/2018 saylı, 29.11.2018-ci il tarixli qətnaməsində üçüncü şəxsin 21.11.2018-ci il tarixli məktubuna istinadən göstərilmişdir ki, “Cavabdeh 20.09.2018-ci il tarixli, 11/18 nömrəli xəbərdarlıq ünvanlanmış, müqavilə şərtlərinə əməl etmədiyi üçün müqavilənin ləğv edildiyi, həmin mənzilin satıldıqdan sonra ilkin ödədiyi 12000 manat vəsaitin ona qaytarılacağı bildirilmişdir”. Həmçinin iş materiallarına həmin xəbərdarlıq məktubunun surəti əlavə edilmişdir. Tərəflər arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 02.07.2018-ci il tarixli qətnaməsi ilə pozulduğundan,12000 manat pulun cavabdehə tərəflərin nikahları pozulduqdan sonra ödənildiyi müəyyən edilir. Belə ki, Mülki Məcəlləyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). Məhkəmə hesab edir ki, tərəflərin birgə nikah dövründə qazandıqları vəsait hesabına üçüncü şəxsə ödədikləri 12000 manat pul tərəflərin nikahları pozulduqdan sonra (onların birgə təsərrüfat aparmadıqları dövrdə) cavabdehə qaytarılmış və bununla da cavabdeh iddiaçının məhrum olması hesabına əsassız varlanmışdır. Bu səbəbdən həmin məbləğin yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin nümayəndəsi tərəfindən mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (1095). Hazırkı halda mübahisəyə iddia müddətinin tətbiq edilməsi üçün 12000 manat pul vəsaitinin üçüncü şəxs tərəfindən cavabdehə qaytarılması və bunun iddiaçıya məlum olması vaxtı müəyyən edilməli və iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Lakin, iş materiallarında qeyd edilən məbləğin məhz hansı tarixdə cavabdehə qaytarılması barədə hər hansı sənəd mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi üçün iddia müddətinin axımın hansı vaxtdan başlamalı olması müəyyən edilə bilmədiyindən mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin inşa etdiyi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 7 mərtəbəli yaşayış binasının 30 saylı mənzilinə görə ödənilmiş 12000 manat pul vəsaiti üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilsin və həmin məbləğin yarısı, yəni 6000 (altı min) manat pul və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar