Məhkəmə qərarları › İş №2(060)-5914/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5914/2021

30.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5914/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.904 manat 50 qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 12 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən götürdüyü 3.000 manat məbləğində kredit öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kredit borcunu ödəmədiyinə görə 12 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinə 1.904 manat 50 qəpik məbləğində pul onun tərəfindən ödənilmişdir. Həmin məbləğin ödənilməsinə dair bank hesabından çıxarışları iddia ərizəsinə əlavə etmişdir. Həmin sənədlərdən də göründüyü kimi, onun tərəfindən göstərilən məbləğdə ödəniş aparılmışdır. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Cavabdeh ilə "xxxx" ASC arasında 12.07.2013-cü il tarixli 998 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə 3.000 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə bank arasında 12.07.2013-cü il tarixli 01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında götürdüyü müqavilə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, bank borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli 2(008)-5436/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmiş, borclu Cavabdeh və zamin İddiaçı müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2.709 manat 90 qəpik əsas borc, 1.281 manat 81 qəpik faiz və 20 manat dövlət rüsumunun tutulması barədə icrası məcburi göstəriş verilmişdir. Ödəniş tapşırıqlarından göründüyü kimi, borclu – hazırkı iş üzrə Cavabdeh bank qarşısındakı müqavilə öhdəliklərini vaxtında və tam şəkildə icra etmədiyi üçün, müvafiq tutulmalar İddiaçı əmək haqqına yönəldilərək, sonuncudan cəmi 1.904 manat 50 qəpik pul tutulmuşdur. 1.904 manat 50 qəpik pul məbləğinin əmək haqqından tutulmasını ödəniş tapşırıqları olan 06.10.2020-ci il tarixli OD4 saylı, 06.11.2020-ci il tarixli OD2 saylı, 04.12.2020-ci il tarixli OD6 saylı, 11.01.2021-ci il tarixli OD3 saylı, 08.02.2021-ci il tarixli OD3 saylı, 06.03.2021-ci il tarixli OD1 saylı, 08.04.2021-ci il tarixli OD1 saylı, 07.05.2021ci il tarixli OD1 saylı, 08.06.2021-ci il tarixli OD1 saylı ödəniş tapşırıqları təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İş materiallarından göründüyü kimi, tələb üzrə hüquqlar yuxarıda qeyd edilən həcmdə iddiaçıya keçmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.904 manat 50 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.904 manat 50 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar