Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5996/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə 27 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon ev 38, mənzil 50 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Ünvanında qeydiyyatda olan Cavabdeh1 oğlu və Cavabdeh2 isə keçmiş gəlinidir. Bildirir ki, cavabdeh olan Cavabdeh1 və Cavabdeh2 onun evində pasport qeydiyyatındadır. Onların ona məxsus mənzildən istifadə hüququ var. Hal-hazırda və 12 ildən artıqdır ki, cavabdehlər onun mənzilində yaşamırlar. Özlərinə məxsus evləri var. Lakin Rusiya vətəndaşıdırlar və 10 ildən çoxdur ki orada yaşayırlar. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Dəfələrlə cavabdehə müraciət edərək, ona məxsus mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, onlar, hər dəfə müxtəlif bəhanələr gətirərək bura gələ bilmədiklərini söyləyərək qeydiyyatdan çıxmamışdır. Həmçinin qeyd edir ki, keçmiş gəlini ilə hazırda heç bir əlaqələri yoxdur. Onların ona məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. O, cavadehlərin əvəzinə kommunal xidmət haqqı ödəyir. Bu isə onun üçün əlavə xərcdir. Buna maddi imkanı çatmır. Hesab edir ki, cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir və mənzildən çıxarılmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda mübahisəli mənzili satıb özünə başqa ev almaq istəyir. Ona görə də özü ilə ailəsinin həmin evdə qeydiyyatda qalmasını istəyir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişlərin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 19 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onların həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildiriş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38, 50 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixıi aktdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38, 50 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq 2011-ci ildən həmin mənzildə yaşamırlar. İşdə olan MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38, 50 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan nikah haqqında 172 saylı akt qeydindən görünür ki, Cavabdeh1 və Yusifova Minarə Xanəli qızı xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra arvada Şamilova soyadı verilmişdir. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 3-38-33/2-4343/223 nömrəli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Cavabdeh1 sonuncu dəfə ölkədən çıxışı xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh2 sonuncu dəfə ölkədən çıxışı xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38, 50 saylı mənzil Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşamaması iddiaçının məhkəmə iclasında verdiyi izahatı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 3-38-33/2-4343/223 nömrəli məktubu, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatları və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdehlər mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdirlər. Belə ki, cavabdehlər bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdirlər. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yaşamadıqlarından iddia tələbinin cavabdehlərin mübahisəli mənzildən çıxarılması hissəsində təmin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5996/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5996/2023
27.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver