Məhkəmə qərarları › İş №2(060)-6010/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6010/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6010/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3700 manat vurulmuş ziyanın əvəzi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3730 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 19.08.2019-cu il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində iddiaçı tərəfindən icbari sığorta növü ilə sığortalanmış, "xxxx" MMC-yə məxsus “KHAZAR LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X1 məxsus olan, “OPEL ASTRA minik” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Səbail RPİ-nin Təhqiqat Şöbəsində aparılmış təhqiqatın nəticəsinə əsasən cavabdehin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati qaydada tədbir görülmüşdür. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X1 məxsus olan avtomobilə 3700 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 14.10.2019cu il tarixli, İC AA 4164/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra, iddiaçı tərəfindən zərərçəkən X1 17.10.2019-ci ildə 1700 manat, 16.10.2019-cu ildə isə 2000 manat olmaqla, cəmi 3700 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 3700 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkən X1 ödənildiyindən, hazırda iddiaçının "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi ərizəsində işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Buna baxmayaraq iddiaçıya məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclaslarında təmsil edilməmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişləri rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1995-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdən göründüyü kimi “OPEL ASTRA minik” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi X5, etibarnaməli idarəçisi X2r. “KHAZAR LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi isə AZƏRMAŞ” MMC-dir. İbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" MMC-yə məxsus “KHAZAR LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 12.03.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmışdır. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 11.09.2019-cu il tarixli arayışı ilə müəyyən edilir ki, mülkiyyətçisi "xxxx" MMC, hadisə baş verən anda sürücüsü Cavabdeh olan “KHAZAR LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 19.08.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə mülkiyyətçisi X5, hadisə baş verən anda idarəçisi X4 olan “OPEL ASTRA minik” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ziyan vurulmuşdur. Hadisə zamanı təqsirkar ** PD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü olmuşdur. Səbail rayon X3 şöbəsinə ezam olunmuş 9-cu Polis bölməsinin təhqiqatçısı Elnur Heydərovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07.09.2019-cu il tarixli qərarı ilə iş üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialın Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan qüsur aktına əsasən “OPEL ASTRA minik” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 3700 manat məbləğində dəyərləndirilmişdir. İşdə olan ödəniş tapşırıqlarına əsasən iddiaçı tərəfindən Aydın Kamilova 3700 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi “KHAZAR LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil iddiaçı tərəfindən mülki məsuliyyətin sığortası qaydasında sığortalanmışdır. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Cavabdeh “KHAZAR LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarəçisi olmaqla 18.08.2019-cu il tarixində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “OPEL ASTRA minik” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ziyan vurmuşdur. Hadisə nəticəsində iddiaçı tərəfindən 3700 manat sığorta ödənişi həyata keçirilmişdir. Hal hazırda iddiaçı həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir. Qeyd edilməlidir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müxtəlif maddələrində avtonəqliyyat vasitələrinin icbari sığortası qaydasında sığorta ödənişi etmiş sığorta edənlərin hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququnun yaranması halları öz əksini tapmışdır. İddia ərizəsinin dəlillərindən iddiaçının məhz həmin hallardan hansına əsaslanaraq cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi müəyyən edilmir. Lakin, iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı cavabdehin “KHAZAR LX minik” markalı, ** PD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etməsinə əsaslanır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilmişdir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən yalnız 14.10.2019-cu il tarixli, 4164/19 saylı icbari sığorta aktında cavabdehin sığortalanmış avtomobili idarə etmək hüququnun olmadığı öz əksini tapmışdır. Həmin sənəd isə iddiaçı tərəfindən verilmiş birtərəfli sənəd olduğu üçün məhkəmə qeyd edilən sənədi həqiqətən cavabdehin sığortalanmış avtomobili idarə etmək hüququnun olmadığını təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, Səbail rayon Polis İdarəsinin 11.09.2019-cu il tarixli arayışında, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və iş üzrə digər sənədlərdə həqiqətən cavabdehin avtomobili idarə etmək hüququnun olmamasına dair hər hansı qeyd yoxdur. Eyni zamanda “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin tələblərindən də göründüyü kimi iddiaçı avtomobilin sürücüsünə qarşı o vaxt subroqasiya tələbi irəli sürə bilərdi ki, avtomobilin onun mülkiyyətçisinin iradəsi ziddinə cavabdeh tərəfindən idarə edildiyini sübut etsin. Qeyd edilən hallar isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı cavabdehdən 3700 manat vurulmuş ziyanın əvəzi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3730 manat pulun tutularaq iddiaçıya verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar