Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6013/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 manat məbləğində kompensasiya verilməklə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, mənzil 1-ə olan istifadə hüququna xitam verilməsi və ona məxsus mənzildən çıxanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 59, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin ünvanda qeydiyyatdadır və həmin ünvanda mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə yaşayır. Mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və 1 otaqdan ibarətdir. Bildirir ki, mənzilin hazırkı real bazar qiyməti 35.000-37.000 manat, kirayə haqqı isə 150-170 manat təşkil edir. Cavabdeh Ahmədağa oğlu onun nəvəsidir. cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatdadır və orada yaşayır. Hazırda onların birlikdə yaşamağı mümkünsüzdür. Belə ki, cavabdeh mütəmadi olaraq evdə dava salır, mülkiyyətçi kimi onu öz mənzilində sərbəst yaşamağa qoymur. Ona görə də hesab edir ki, cavabdehə 7000 manat məbləğində kompensasiya verilməklə xüsusi mülkiyyət hüquq ilə ona məxsus olan mənzilə istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh 8000 manat məbləğində kompensasiya verilməklə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 17-ci mkr-n, ev 59, mənzil 1-ə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. O, uşaq yaşlarından həmin mənzildə yaşayır və başqa yaşayış yeri yoxdur. İddiaçının ona təklif etdiyi 8000 manat kompensasiya ilə isə razı deyildir, həmin məbləğə o, özünü yaşayış sahəsi ilə təmin edə bilməyəcəkdir. Həmin evin hazırki bazar dəyəri 40000 manat təşkil edir. 11.000 manat kompensasiya qarşılığında istifadə huqüquna xitam verilməsinə etiraz etmir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, 59 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsinin” notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 17ci mikrorayon, 59 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.1996-cı il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 59 saylı evin 1 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının nəvəsi olmaqla uşaq yaşlarından həmin mənzildə yaşayır və istifadə edir. İddiaçı mülkiyyət hüququndan istifadə edərək təklif olunan kompensasiya müqabilində cavabdehin həmin mənzilə olan istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını tələb edir. 01 okytabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə işin hallarına şərh olunan hüquq normasına istinadən qiymət verərək hesab edir ki, cavabdeh uşaq vaxtdan mübahisəli mənzildə mülkiyyətçinin ailə üzvü kimi birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmək hüququ qazanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.» Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mülkiyyət hüququ Azəbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən kompensasiyanın məbləği müəyyən edilərkən kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti, istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi, kompensasiya təklif olunan şəxsin kompensasiya təklif olunan vaxt hər-hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət, evin kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi, kompensasiya təklif olunan və təklif edən şəxsin maddi imkanları nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırki halda təklif edilən kompensasiya məbləği iddianın təmin edilməsinə əsas verir. Belə ki, iş materiallarına əlavə edilmiş internet səhifəsindən çıxarışlardan görünür ki, mübahisə predmeti olan əraziyə qonşu ərazilərdə mənzilinin kirayə dəyəri həmin ərazidəki əmlak bazarında formalaşmış qiymətlərə görə 180-230 manat təşkil edir. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş «Ev alqı-satqısı» Mərkəzi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, mübahisə predmeti olan mənzilin kirayə dəyəri 150-170 manat civarındadır. Məhkəmə mənzil bazarındakı kirayə qiymətlərini, istifadəçinin maddi və sosial vəziyyətini, istifadəçinin başqa yaşayış yerinin olmaması və özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddəti, həmin mənzildən istifadə müddəti ilə bağlı diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçının təklif etdiyi məbləğ (8000 manat) cavabdehə müəyyən müddət daxilində (aylıq kirayə haqqı 200 manat olduğu halda 3 ildən çox müddətdə) oxşar şəraitli mənzildə kirayədə yaşaması üçün yetərlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib - göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh, 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 59 saylı evin 1 saylı mənzilinə istifadə hüququna xitam verilsin və mənzildən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6013/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6013/2022
30.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver