Məhkəmə qərarları › İş №2(060)-6017/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6017/2021

01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6017/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 aprel 2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi mənzil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır. İddiaçı Cavabdeh bildirmişdir ki, ona təcili mənzil lazımdır. 04.04.2021ci il tarixdə Cavabdeh ona bildirmişdir ki, 1000 manat pul versin, belə ki, ona mənzil tapmışdır. Buna görə də o, həmin məbləği cavabdehə vermişdir. 16.04.2021-ci il tarixdə cavabdeh mənzili guya onlara alqı-satqı edib satmalı idi. Həmin tarixdə cavabdeh ona nə mənzil göstərmiş, nə də pulunu geri qaytarmışdır. Dəfələrlə cavabdehdən 1000 manat məbləğində pulunun geri qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bahənələrlə imtina etmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onlar əvvəllər 18-ci mikrorayonda yaşamışlar. Həmin köhnə mənzil yeni mənzili almaq üçün satılmışdır. Mənzillərini alan adam onları tələsdirdiyi üçün onlar da özünə ev axtarmağa başlamışlar. Mart ayında onlar hazırda sözügedən mənzilə baxmış və bəyənmişdirlər. Almaq üçün danışıqlara başlamışdılar. Lakin evin sahibi Aygün adlı xanım Türkiyədə olduğundan həmin vaxt alqı-satqı edə bilməmişdirlər. Sonra cavabdeh onlara evin sahibinin gəlməsi üçün ona pul göndərmək lazım olduğunu bildirmişdir. Bununla bağlı atası cavabdehə 1000 manat beh vermişdir. Aygünlə bu məsələyə dair danışıqları özündə əks etdirən səs yazıları da var. 16.04.2021-ci il tarixdə alqı-satqı baş tutmalı idi. Lakin sonra cavabdeh Aygün xanımın qəzaya düşdüyü üçün gələ bilməyəcəyini demişdir. 17.04.2021-ci ildə yenidən Aygünlə danışmış və o, mənzilin heç bir sənəd işlərinin alınmadığını, mənzili alqı-satqı edə bilməyəcəyini demişdir. Sonradan onlara başqa bir mənzildə yaşamaq təklif edilmiş, ancaq ev təmirsiz olduğu üçün orada yaşaya bilməyəcklərini bildirmişdirlər. Bundan sonra özlərinə başqa bir mənzil almışlar. Lakin aldıqları yeni mənzilin sənədləri yoxdur. Müqavilə ilə alqı-satqı olunsa da, mənzil başqasının adınadır. Mənzilə 67000 manat pul verilib və onlar hazırda həmin evdə yaşayırlar. Sözügedən mənzil Sumqayıt şəhəri Nizami kinoteatırının yaxınlığında yerləşir. Ev alqı-satqısı baş tutmadığı üçün sonradan Aygündən 1000 manat pulun qaytarılmasını tələb etmişdirlər, lakin Aygün ona pul verilmədiyini və pulu kimə veriblərsə ondan da tələb etmələrini onlara bildirmişdir. İddiaçının nümayəndəsi qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə icasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, evlərin alqı satqısı ilə məşğul olur. İddiaçı ona müraciət edərək ona təcili ev tapmağını xahiş etmişdir. O, da iddiaçıya 65000 manat qiyməti olan mənzil tapmışdır. Həmin mənzilin sahibi Türkiyədə yaşayır. Ev alqı-satqısı ilə tərəflərin danışması və razılığa gəlməsi üçün həmin şəxs Türkiyədən gəlməli olmuşdur. Ona görə o, də yol xərci üçün iddiaçıdan 1000 manat məbləğində pulu alıb evin yiyəsinə göndərmişdir. Onlar həmin pulu beh kimi razılaşmışdırlar. Lakin evin sahibi Türkiyədən gəldikdən sonra qəzaya düşmüşdür. Ona görə də məsələ yarımçıq qalmışdır. Cavabdeh daha sonra bildirdi ki, 1000 manatı Aygün xanıma vermiş, yəni ona göndərilməsi üçün Aygünün əmisi oğluna vermişdir. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 04.10.2021-ci il tarixli sadə yazılı qaydada bağlanmış beh müqaviləsindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 19, ev 146, 10 saylı mənzili 16.04.2021-ci il tarixdə almaq üçün həmin evin yiyəsi Cavabdeh 1000 manat beh vermişdir. Danışıqların (razılaşmanın) əks təqdirində İddiaçı mənzili almaqdan imtna edərsə verdiyi behin batmasından narazı deyil. İş materiallarında olan Sumqayı ŞPİ-nin 1-ci Polis Bölməsinin 08.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Cavabdeh tərəfindən ondan 1000 manat beh pul alması, evin alqı-satqısının olacağını vəd etməsinə baxmayaraq vədinə əməl etməməsi və pulu qaytarmaması barədə şikayəti üzrə cinayət işinin başılanması rədd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri, məhəllə 19, ev 146, 10 saylı mənzilin 16.04.2021-ci il tarixdə alqı-satqısına dair 04.04.2021-ci il tarixli beh müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, nə müqavilə bağlanan zaman, nə də ki, alğı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə (16.04.2021) mübahisəli ev cavabdehin mülkiyyətində olmamışdır. Cavabdeh başqa şəxsin adına qeydə alınmış (və ya daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydə alınmamış) mənzilin alqısatqısına dair iddiaçı ilə beh müqaviləsi bağlamışdır. Halbuki, cavabdeh mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Belə olan halda beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alğı-satqısı da qeyri-mümkün olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır (bu qərarın 27-ci bəndi). Məhkəmə hesab edir ki, hazırkı işdə əhəmiyyətsizliklə bağlı iddia olmasa belə, həmin əqdin etibarlılığını yoxlamaq məhkəmənin vəzifəsindən irəli gəlir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olmayan evə görə iddiaçı ilə bağladığı beh müqaviləsi etibarlı hesab oluna bilməz. Belə olan təqdirdə isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 1000 manat məbləğində pul alınıb ona qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 491.3-cü maddəsinə görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 (min) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar