Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-608/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı adın dəyişdirilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) umqayıt şəhər İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü övladı X2 adının “Diana” olaraq dəyişdirilməsinə icazə verilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Middiaçının əhərrəmov Elçin Aşir oğlu ilə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü övladları olmuşdur. Uşağın adı nənəsinin təkidi ilə doğum haqqında şəhadətnamədə “Lətifə” olaraq qeyd olunsa da, uşaqlıqdan onu “Diana” adı ilə çağırmışlar. Adın dəyişdirilməsinə icazə verilməsinə dair Sumqayıt şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik orqanına müraciət etsə də, xx.xx.2020-ci il tarixli, 268 saylı cavab məktubu ilə bundan imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İşin məhkəmə baxışı zamanı Sumqayıt şəhər Qeydiyyat şöbəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X2 adının “Diana” olaraq dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəyə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qismət Qasımov bildirdi ki, uşaq 18 yaşına çatana qədər onun ad və soyadının dəyişdirilməsi, valideynlərinin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilir. Həmçinin, dəyişdirilərək yeni qoyulan adlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında qeyd olunmalıdır. “Diana” adı bu siyahıda olmadığından Qəyyumluq və Himayəçilik Komissiyası adın dəyişdirilməsini müvafiq hesab etməmişdir. Qeyd edilənlərə cavabdehin nümayəndəsi iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əvvəlki məhkəmə iclasında izahat verən Sumqayıt şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi (müdiri) Təranə Novruzova bildirdi ki, “Diana” adı “Azərbaycan şəxs adları barədə məlumat”da göstərilməsə də, bu ad şəxsin cinsinə uyğun gəlməyən, onun mənafeyinə xələl gətirə biləcək və ya gülünc ad hesab edilmir. “Azərbaycan şəxs adları barədə məlumat” normativ sənəd olmadığı üçün uşağa bu adın birinci dəfə verilməsi üçün onlara müraciət edilsəydi uşağın adının bu cür qeyd edilməsi üçün hər hansı çətinlik olmazdı. Lakin, adın dəyişdirilməsi üçün qəyyumluq orqanının razılığ lazımdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1981-cı ildə, Bakı şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. X3 xx.xx.2010-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnaməyə əsasən X2 iddiaçının anası, X4 uşağın atası olması müəyyən edilir. xx.xx.2019-cu ildə notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli, 54AA3351601 saylı ərizədən görünür ki, X8 qızı X2 adının dəyişdirilməsinə razılığını bildirmişdir. xx.xx.2019-cu il tarixli, 3201 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 Günay Rafiq qızı ilə birgə yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli, 268 saylı məktubunda göstərilmişdir ki, “Diana” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyindən azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi məqsədə müvafiq hesab edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər (54.1.). Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil (54.2.). Göründüyü kimi, X2 hər iki valideynləri də onun adının “Diana” olaraq dəyişdirilməsinə razıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir (1.4.). Göründüyü kimi iddiaçı öz uşağının adının “Lətifə”dən “Diana”ya dəyişdirilməsini xahiş edir. Cavabdeh isə həmin adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısına daxil edilmədiyindən adın dəyişdirilməsinə razılıq verməkdən imtina etmişdir. Müəyyən edilmişdir ki, iddiaçının qızının adını dəyişdirmək istədiyi “Diana” adı “Azərbaycan şəxs adları barədə məlumat” siyahısına daxil edilməsə də uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir. Eyni zamanda “Azərbaycan şəxs adları barədə məlumat” siyahısı normativ sənəd olmadığı üçün məcburi xarakter daşımır. Bu səbəbdən iddia təmin edilməli X2 adı “X5” olaraq dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2010-cu ildə, Sumqayıt şəhərində anadan olmuş X2 adı “X5” olaraq dəyişdirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-608/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-608/2021
12.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver