Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-611/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin arxa hissəsində açılmış pəncərənin cavabdehin hesabına götürülərək əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin arxa hissəsində açılmış pəncərənin cavabdehin hesabına götürülərək əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinin arxa hissəsində açılmış pəncərənin cavabdehin hesabına götürülərək əvvəlki vəziyyətinə (mişar daşı ilə hörülsün) qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 noyabr 2019-cu il tarixdən ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağlar massivi B1988 ünvanında olan fərdi yaşayış evində yaşayırlar. Övladlarının xəstə olması ilə əlaqədar olaraq həyət evində yaşayırlar. Həyət evi seçərkən qonşularla ara məsəfəsini, onların evinin həyətlərini görüntü imkanının olmamasını nəzərə almışdırlar. Bütün bunlar övladının həyətdə olması mümkünlüyü ilə bağlıdır. Hazırda şikayətləri vaxtilə gediş-gəliş yolu olmuş və indi həmin ərazinin üzərində ev tikmiş Cavabdehdur. Onun sonradan tikdiyi ev onların hasarlarından 15 sm aralıda yerləşir. O, 2023-cü ilin may ayının 1-də evin hasarını sökərək həyətlərinə baxan pəncərə açmışdır. Dəfələrlə bununla bağlı ona narazı olduğunu bildirsə də o, öz qanunsuz əməlini davam etdirmişdir. Bununla da onların rahatlığını pozmuş, o cümlədən xəstə övladının həyətdə sərbəst hərəkət etməsinə çətinliklər yaratmışdır. Həmçinin onun bu hərəkəti şəhərsalma normalarının, Nazirlər Kabinetinin müvafıq qərarlarının pozulması ilə nəticələnmişdir. Cavabdehin bu hərəkətinə qarşı etirazlarını bildirdikdə o, evinə Giləvar küləyinin girmədiyi üçün pəncərə qoyduğunu bildirmişdir. Daha sonra bildirmişdir ki, evin ikinci mərtəbəsini tikərkən həyətlərinə baxan daha 3 pəncərə tikəcəkdir. Cavabdeh və ailə üzvləri hər gün pəncərədən həyətlərinə baxırlar. Onların pəncərəsindən həyətlərinin hər bir bucağı sərbəst görünür. Həyətdə nə etdikləri, nə danışdıqları onların göz qabağındadır. Hazırki mübahisədə əsas məqsədləri övladının xəstəliyinin xüsusiyyəti nəzərə alınaraq onun qonşular tərəfindən görünməməsidir. Bu hal onu valideyn kimi ciddi narahat edir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə yerli icra və bələdiyyə orqanlarına müraciət etmələrinə baxmayaraq tələbləri təmin olunmamışdır. Onlara məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmçinin, araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh qeyd etdiyi pəncərəni tikərkən müvafiq orqanların razılığını almamışdır. Məlumat üçün bildirir ki, yaşadığı evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh qeyd etdiyi qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüququnu pozmuşdur. Hesab edir ki, məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilməsi zəruridir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı ona qarşı “ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinin arxa hissəsində açılmış pəncərənin cavabdehin hesabına götürülərək əvvəlki vəziyyətinə (mişar daşı ilə hörülsün) qaytarılması” tələbinə dair iddia ərizəsi icraata götürülmüşdür. Həmin mülki işdə o - Cavabdeh iddia ərizəsinə etirazını bildirərək hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi tamamilə əsassız və qərəzlidir. Aşağıdakı səbəblərə görə hesab edir ki, iddiaçının ona qarşı məhkəmədə qaldırdığı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əvvəla, iddiaçının ona qarşı məhkəmədə qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur və iddiaçı işin hallarını təhrif edərək sırf öz maraqları nöqteyi-nəzərindən, yumşaq desə yanlış təqdim edir. Belə ki, iddiaçı öz iddia tələbində qeyd edir ki, onun tərəfindən açılan, onların həyətinə baxan pəncərə güya, «onların rahatlığını pozmuş və xəstə övladının həyətdə sərbəst hərəkət etməsinə çətinliklər yaratmışdır». O və ailə üzvləri hər gün həmin pəncərədən guya, hər bir bucağı sərbəst görünən, nə etdikləri və danışdıqları göz qabağında olan həyətinə baxırlar. Əvvəla məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun çox kiçik ölçülü evinin arxa divar hissəsindən açdığı pəncərə deyil, nəfəslikdir. Bəli, hündürlüyü təxminən 70 sm, eni isə 50 sm olan bir ədəd nəfəslik! Həmin nəfəslik qonşunun həyətinə deyil, məhz evinin içinə açılır, həmçinin həmin nəfəsliklə bütün divar boyu hündürlüyü təxminən 2 metr olan, beton plitələrdən hörülmüş iddiaçıya məxsus hasar keçir. Bu hasarla onun evinin divarı arasında, o cümlədən mübahisəli nəfəslik arasında təxminən 35-40 sm ara məsafəsi vardır. Bundan başqa, iddiaçının evi açdığı nəfəslikdən 30-35 dərəcə bucaq altında təxminən 70 metr məsafədə yerləşir. Onu da vurğulmaq istəyir ki, qeyd edilən nəfəsliyin açılmasından heç iki həftə belə keçməmiş iddiaçı tərəfindən yuxarıda göstərdiyi hasarın hündürlüyü daha 5 (beş) cərgə daş qaldırılaraq əlavə hörgü işləri aparılmışdır. Hazırda həmin nəfəsliyin qarşısı iddiaçının inşa etdirdiyi hündür daş hasarla bilavasitə tamamilə tutulduğundan nəinki sonuncunun həyəti azacıq da olsa görünmür, hətta mübahisəli nəfəslikdən onun yaşayış sahəsinə işıq belə düşmür! Qeyd etdiyi faktiki hallar məhkəməyə təqdim etdiyi foto şəkillərlə bilavaitə təsdiq edilir (foto şəkillər yazılı etirazına əlavə edilmişdir). Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, bu nəfəsliyin açılmasında məqsəd anadangəlmə birinci qrup əlil, 25 yaşlı oğlunun məhz təmiz hava almasına yaranmış kəskin zərurəti təmin etmək olmuşdur. Çünki ağır xəstə övladının epilepsiya (qıcolma) halları son zamanlar tez-tez təkrarlandığından həkimlər tərəfindən oğlunun mütəmadi olaraq təmiz hava qəbul etməsi tövsiyyə edilmişdir. Bundan əlavə, iddiaçı ərizəsində qeyd edir ki, «hazırki mübahisədə əsas məqsədi övladının xəstəliyinin xüsusiyyəti nəzərə alınaraq onun qonşular tərəfindən görünməməsidir» və bu hal onu valideyin kimi ciddi narahat edir. Bununla bağlı, təbii ki, ilk öncə iddiaçının xəstə övladına şəfa diləyir. Sonra da anadangəlmə birinci qrup əlil olan, hər həftə epilepsiya (qıcolma) tutmaları bir neçə dəfə təkrarlanan övladı artıq 25 il saxlayıb boya-başa çatdıran bir valideyn kimi bunun nə olduğunu yaxşı bilir! Odur ki, fikrincə, iddiaçının övladının fiziki qüsurlu olmasına görə onun və ailə üzvləri tərəfindən görülməsi onu narahat etməməlidir. Hesab edir ki, iddiaçı övladının fiziki qüsürlü olmasından su-istifadə etməkdən belə çəkinmir, tələbini əsalandırmağa çalışaraq hər vasitəyə əl atıb məhkəmədə əsassız iddia qaldırır. Bundan başqa, iddiaçı qeyd edir ki, guya «şəhərsalma qaydalarının, Nazirlər Kabinetinin müvafiq qərarlarının pozulması ilə nəticələnmiş» onun qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, iddiaçı onun qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə İcra Hakimiyyəti orqanına və bələdiyyəyə müraciət etməyinə baxmayaraq, tələbi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı yalan məlumat verməklə, aidiyyəti orqanları da əsassız tələblərlə məşğul etdiyini məhkəməyə verdiyi iddia ərizəsində özü etiraf edir. Belə ki, iddiaçı onunla bağlı nəinki, icra Hakimiyyəti orqanı və bələdiyyə, habelə aidiyyəti olmayan digər qurumlara əsassız və yersiz şikayətlər etməklə onların iş prinsipini pozmağa çalışmışdır. Bununla bağlı müvafiq icra Hakimiyyəti orqanı və bələdiyyə tərəfindən yaşayış sahəsinə, o cümlədən mübahisəli nəfəsliyə baxış keçirilmiş və həmin araşdırmalar zamanı iddiaçının şikayətinin əsassız olduğunun bilavasitə şahidi olmuşlar. Belə ki, iddiaçı tərəfindən qeyd ediən faktlar öz təsdiqini tapdığı halda, aidiyyəti qurumlar tərəfindən onun barəsində qanunamüvafiq tədbirlər görülərdi. Qeyd edilənlərə əsasən İddiaçı ona qarşı "ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinin arxa hissəsində açılmış pəncərənin cavabdehin hesabına götürülərək əvvəlki vəziyyətinə (mişar daşı ilə hörülsün) qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, B1988 ünvanında olan fərdi yaşayış evini beş ildir ki, almışdırlar. Cavabdeh evinin arxa hasarını sökərək onların həyətlərinə baxan pəncərə açmışdır. Həyat yoldaşı bununla bağlı narazılıq etsə də, nəticəsi olmamışdır. Əslində onlar Sumqayıt şəhərinin daha yaxşı yerində yaşamışlar. Lakin xəstə övladına görə həmin evi satıb, bu bağ evini almışdırlar. Onların pəncərəsindən həyətləri sərbəst şəkildə görünür. Əsas məqsəd övladının xəstəliyini nəzərə alaraq onun qonşular tərəfindən görülməməsidir. O, övladına görə bina evindən köçərək geniş ərazili, qonşu ilə məsafəsi olan həyət evi almışdır. Əslində bu evi psixoloji cəhətdən rahat ola bilmək üçün almışdır. Gecə övladı həyətə çıxır, soyunur. Cavabdeh bildirir ki, evinə gilavar küləyinin girmədiyi üçün pəncərəni açmışdır. 30 ildir ki, bu pəncərə olmadan yaşayıblar, bu açıq-aşkar qonşuya narahatçılıq verməkdir. Onlar aidiyyəti qurumlara şikayət etdikdən sonra pəncərənin tikintisi dayandırılmış, lakin sonradan pəncərə tikilmişdir. Bələdiyyə və icra hakimiyyətindən pəncərəyə baxılmış, şəkilləri çəkilmişdir. Dəfələrlə aidiyyəti qurumlardan evlərinə gəlsələr də, cavabdeh qapını açmayıb. Bununla yanaşı bələdiyyəyə zəng edilib çağırılıb, amma getməyib. Yay aylarında xəstə uşağını hovuza salırlar. Uşaq yalnız onda rahat olur. Pəncərədən həyətləri göründüyü üçün narahat olurlar. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin uşağı dediyi kimi ağır epilepsiya xəstəsi deyil və tikilən pəncərə ilə əlaqəsi yoxdur. Onun özünün tibbi savadı var. Cavabdehin uşağına bəzi dərmanları tövsiyyə etmiş, reseptinə baxmışdır və uşağın atdığı dərmanların düzgün olmadığını demişdir. Onlar evi alanda qonşunun evinin arxa pəncərəsi olmamışdır. Sonradan açılması isə düzgün deyil. Eyni zamanda cavabdeh tərəfin təqdim etdiyi şəkillərlə bağlı qeyd edir ki, ona məlum olmuşdur ki, məhkəmə prosesi kifayət qədər uzun çəkəcək. Bu səbəbdən həmin pəncərənin qabağından keçən hasarın üstünü əlavə kərpiclə hörmüşdür. Bunu müvəqqəti tədbir olaraq etmişdir. Lakin həmin hasar dəmir betondan ibarət olduğu üçün kərpicdən hörülmüş hasar qalmır və artıq onun bir hissəsi sökülmüşdür. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, pəncərinin açılmasından 2 həftə sonra iddiaçı tərəfindən onun qarşısı hörülmüşdür. Həmçinin bildirir ki, o, nəfəslikdir, pəncərə deyil. 25 yaşında olan oğlu epilepsiya xəstəsidir, tez-tez qıcolmalar keçirir. Uşağın xəstəliyi üçün havasızlıq problem yaradırdı. Həkimlər bunun üçün də otaqda nəfəslik olmasını məsləhət bildilər. Bu zərurətdən də uşağının otağına nəfəslik açmışdır. Aidiyyəti qurumlara daxil olan şikayətlər nəticəsində yoxlama olub və heç bir qanunsuzluq aşkar edilməyib. Nəfəslik qoyulduqdan bir neçə gün sonra nəfəslikdən ölmüş toyuq cəsədi asılıb, nəticədə həmin cəsədin qoxusu bütün evə yayılmışdır. Onun şəkillərini də məhkəməyə təqdim edir. Məhkəmənin nəzərinə çatdırır ki, 1996-cı ildən o ərazidə yaşayır. Həmin evi də özü tikmişdir. Həmin torpaq sahəsini qonşudan almışdırlar, lakin torpağı öz adlarına keçirməyiblər. Həyat yoldaşı və o gün ərzində işdə olurlar. Yəni onlar bekar adam deyillər ki, bütüngünü iddiaçının evinə baxsınlar. Evdə təkcə xəstə uşağı olur. Bir daha bildirir ki, pəncərənin qabağı artıq hörülüb. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Memarlıq və Tikinti Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü l tarixli məktubundan görünür ki, hazırkı məsələ ilə məhkəməyə müraciət olunması İddiaçı tövsiyyə olunmuşdur. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev B-1988 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşdə olan arayışdan görünür ki, X2 uşaq autizim, konner sindromu ilə birinci qrup əlildir. İşdə olan arayışdan görünür ki, X1 ağır dərəcəli əqli gerilik diaqnozu ilə birinci qrup əlildir. 20 fevral 2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, İddiaçı məxsus ev 12 sot torpaq sahəsində yerləşməklə Cavabdeh istifadəsində olan evdən təxminən 50-60 metr məsafədədir. Cavabdehin istifadəsində olan evin arxa divarında iddiaçıya məxsus torpaq sahəsinə doğru eni təxminən 50 sm, uzunluğu təxminən 70 sm olan pəncərə açılmışdır. Cavabdehə məxsus evin həmin otağının başqa pəncərəsi yoxdur. Hal-hazırda həmin pəncərənin qarşısı tərəflər arasında olan ortaq divarla tamamilə örtülmüşdür. Pəncərədən iddiaçıya məxsus həyət və ya ev görünmür. Həmin pəncərədən tərəflər arasında ortaq divara qədər olan məsafə təxminən 45-50 sm-dir. Qonşuluqda iddiaçının evinə tərəf pəncərəsi olan başqa bir ev var. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.4). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (170.1). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (170.2). Mülki Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (560.1). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (560.2). Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.12-ci bəndinə əsasən yaşayış, ictimai və istehsalat binaları arasında məsafələr bu normaların 9.22-ci bəndində və qüvvədə olan normativ sənəddə (CHИП İİ-4) göstərilən insolyasiya normaları əsasında aparılmış insolyasiya və işıqlanma hesablamaları üzrə və bu normaların məcburi olan əlavə 1-də göstərilmiş yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmaqla qəbul edilməlidir. 2-3 mərtəbəli yaşayış binalarının uzun tərəfləri arasında məsafə (məişət aralığı) 15 m-dən, 4 mərtəbəlilərdə - 20 m-dən, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında isə məsafə 10 m-dən az olmamalıdır. Həmin Qaydaların 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən malqara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa - 15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Göründüyü kimi nə qonşuluq hüququnu tənzimləyən Mülki Məcəllədə, nə də şəhərsalma ilə əlaqədar münasibətləri tənzimləyən digər qanunvericilik aktlarında qonşunun yaşayış məqsədilə istifadə edilən evində qonşu tərəfə pəncərə açmasının qadağan edilməsi barədə hər hansı müddəa yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya məxsus mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən pəncərənin qarşısı tərəflər arasında olan ortaq divarla tamamilə örtülmüşdür. Pəncərədən iddiaçıya məxsus həyət və ya ev görünmür. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin arxa hissəsində açılmış pəncərənin cavabdehin hesabına götürülərək əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin arxa hissəsində açılmış pəncərənin cavabdehin hesabına götürülərək əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-611/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-611/2024
01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver