Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6137/2025 31.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla icra qeydinin ləğv edilməsinə dair iş üzrə (açar sözlər: icra qeydinin ləğv edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla icra qeydinin ləğv edilməsinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu X1 7757.59 manat pulun ondan "xxxx" ASC-nin xeyrinə tutulmasına dair icra sənədini (icra qeydinin) Sumqayıt şəhəri üzrə İcra idarəsinə təqdim etmişdir. O, "xxxx" ASC-dən kredit götürüb. Bank krediti ona 2-ci qrup hərbi əlil kimi pensiya aldığı üçün verilmişdir. Hazırda onun hərbi əlil statusununu ona məlum olmayan səbəbdən əlindən alınmışdır. Bu barədə o, bankı xəbərdar etmişdir. Hazırda Sumqayıt İnzibati Məhkəməsində onun əlilliyinin bərpa edilməsi tələbinə dair işə baxılır. Bundan əlavə onun banka icra qeydində göstərildiyi qədər borcu yoxdur. Cavabdeh bütün göstərdiklərinə baxmayaraq, ona məlum olmayan səbəbdən notariusdan xx.xx.2025-ci ildə icra qeydi alaraq Sumqayıt şəhəri üzrə İcra idarəsinə təqdim etmişdir. Hesab edir ki, icra qeydi düzgün verilmədiyindən ləğv olunmalıdır.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 44 ildir ki, pensiya almışdır. Ona məlum olmayan səbəblərdən pensiyasının verilməsi dayandırılmışdır. Bununla bağlı inzibati məhkəməyə müraciət etmişdir. Pensiya almadığına görə borcunu ödəyə bilməmişdir. Pensiya məsələsi həll olunduqdan sonra borcunu hissə-hissə ödəyə bilər. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia tələbi əsassızdır. Hazırkı iddia vaxt uzatmaq məqsədi daşıyır. Qeyd edir ki, bank tərəfindən prosessual müddət gözlənilməklə bildiriş göndərilmiş və daha sonra icra qeydi verilmişdir. Şəxsin bu vaxt ərzində heç bir yazılı etirazı daxil olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə xx.xx.2025ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
7. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 01 mart 2023-cü il tariхli, CP/45886/90/11 nömrəli kredit sazişindən, görünür ki, İddiaçı bank tərəfindən 47 ay müddətinə illik 22% ödəmək şərtilə 10170 manat məbləğində kredit verilmişdir.
8. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 10170 manat pul vəsaitini "xxxx" Açıq Səhmdar Cəmiyyətini Sumqayıt filialından qəbul etmişdir.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı borcunun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir.
10. 059457 nömrəli qaimədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydlərinin aparılacağı barədə bildiriş ünvan 1 ünvanına göndərilmiş və “Şirəliyev” adlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə imza edilməklə qəbul edilmişdir.
11. Notariat icra qeydi haqqında ərizədən görünür ki, "xxxx" ASC 01 mart 2023-cü il tariхli, CP/45886/90/11 nömrəli kredit müqaviləsi üzrə icra qeydinin aparılması üçün xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisinə müraciət etmişdir.
12. Sumqayıt şəhər 4 saylı notariat ofisinin 8İ-13387 saylı xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən “Notariat haqqında'” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti 42 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2023 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1962) CP/45886/90/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7757 manat 59 qəpik manat pulun tutulması, borclu İddiaçı 241.70 manat cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8024 manat 29 qəpik (səkkiz min iyirmi dörd manat iyirmi doqquz qəpik) pul tutulması təklif edilmiş və həmin icra qeydi xx.xx.2025-ci il tarixdə aparılmışdır.
b) tətbiq edilən hüquq
13. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat: Bənd 161. ... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə. 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı; “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşur” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.”
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı: “Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir.”
c) məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.
20. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədənkənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir.
21. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir.
22. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür.
23. İş materiallarından görünür ki, icra qeydinin aparılması üçün notariat orqanına müvafiq sənədlər təqdim olunmuşdır.
24. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.
25. İş materiallarından görünür ki, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclunun məlumatlandırılması barədə bildiriş və bildirişin borcluya çatdırılmasını təsdiq edən sənəd də notariat orqanına təqdim olunmuşdur.
26. Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 8İ-13387 saylı icra qeydinə əsasən "xxxx" ASC-nın xeyrinə İddiaçı xx.xx.2023-cü il tarixli, CP/45886/90/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməniş 7757 manat 59 qəpik, cərimə 241 manat 70 qəpik və tələbkar tərəfndən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8024 manat 29 qəpik məbləğində pulun tutulması təklif edilmişdir. Nəticə etibarilə, müvafiq icra qeydi Sumqayıt şəhəri üzrə İcra idarəsinə icraya göndərilmişdir.
27. Göründüyü kimi hazırkı iddia üzrə icra qeydinin verilməsi ilə bağlı hər hansı bir prosessual qaydaların pozulması qeydə alınmamışdır.
28. İcra sənədi üzrə borclu, hazırkı iş üzrə iddiaçı müvafiq icra qeydinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əsas qismində bankdan krediti götürdükdən sonra pensiyasının dayandırıldığını və hazırda inzibati məhkəmədə işə baxıldığını göstərmişdir.
29. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf bankla bağlanmış kredit müqaviləsi üzrə borcunu qəbul etsə də, banka etdiyi ödənişlərə dair hər hansı bir dəlil, iddiasında istinad etdiyi halları əsaslandıran və onları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Beləliklə, icra qeydinin ləğvi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi rədd edilməlidir.
31. Məhkəmə, həmçinin, qeyd edir ki, iddiaçı izahatında icra qeydinin aparılmasından narazı olduğunu bildirməmiş, lakin maddi imkanı olmadığı üçün birdəfəlik ödəniş edə bilmədiyini əsas gətirərək borcunun hissə-hissə ödəmək, pensiya məsələsi həll olunanadək möhlət verilməsi üçün ona şərait yaradılmasını xahiş etmişdir.
32. Məhkəmə iddiaçıya izah edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə - hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
33. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə hissəsi:
35. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla icra qeydinin ləğv edilməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva