Məhkəmə qərarları › İş №2(060)-6148/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6148/2022

21.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6148/2022 21.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun keçmiş gəlinidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7594/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə oğlu Mehdi Alıyevlə keçmiş gəlini Aliyeva Könül Ələsgər qızı arasında bağlanmış nikah pozulmuşdur. Cavadeh ona məxsus mənzildə qeydiyyatda olsa da, 2015-ci ilin əvvələrindən həmin mənzildə yaşamır. Cavabdehin mübahisəli mənzildə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də o, Aliyeva Könül Ələsgər qızı, X3 və X1 qarşı ’’istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 11-ci mikrorayon, 27 saylı evin 32 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. O, qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1352/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(060)-280/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra o, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-615/2021 saylı, xx.xx.2021-ci tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 6500 manat məbləğində kompensasiya verməklə, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 27 ünvanında yerləşən 32 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh 7000 manat məbləğində kompensasiya verməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Əvvəl 6500 manat məbləğində komepesasiya ödəməyə razı idisə, hazırda məhkəməyə ərizə ilə müraciət edərək 7000 manat məbləğində kompensasiya ödənilməsinə razılığını bildirmişdir. Mənzildə 10 nəfər qeydiyyatdadır. Cavabdeh 2015-ci ildən həmin mənzildə yaşamır. Cavabdeh övladları ilə birlikdə kirayədə yaşayır. Onların kirayə haqqını 3 il özü ödəmişdir. Mənzilin hazırda 63-68 min manat qiyməti vardır. Köhnə vaxtlarında tikilən evdir. O, 55 il zavodda işləyib həmin mənzili almışdır. 10 min manat məbləğində kompensasiya ödəməyə imkanı çatmır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Özü övladları ilə birlikdə 3 ildir ki, kirayə yaşayır. İlk 2 il aylıq 230 manat olmaqla, hazırda isə 200 manat kirayə haqqı ödəyir. Uşaqların saxlanılması üçün 240 manat məbləğində aliment alır. Əmək haqqı isə 300 manat təşkil edir. Bundan əlavə uşaqların təhsili ilə əlaqədar olaraq aylıq 150-160 manat ödəniş edir. Kompensasiyanın 10000 manat məbləğinində müəyyənləşdirilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslırin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 1405 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-615/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 27 ünvanında yerləşən, 32 saylı mənzilin (ümumi sahəsi 67.4 kv. metr, yaşayış sahəsi 47.1 kv.m, 3 otaqlı, 4-cü mərtəbə) hazırki aylıq kirayə haqqı 150-180 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə, tərəflərin izahatlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh 7000 manat məbləğində kompensasiya verməklə onun Sumqayıt şəhəri, 11-ci mikrorayon, 27 saylı evin 32 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçı tərəfindən ödənilməli olan kompensasiya məbləğinin real bazar qiymətinə uyğun olması barədə məhkəməyə sübut təqdim edilmişdir. Məhkəmə cavabdehin bir otaqlı mənzil ilə təmin edilməsi barədə gətidiyi mülhaizəsini əsassız hesab edir. Belə ki, iddiaçının yaşayış sahəsinə istifadə hüququ olan şəxsin mənzilə təmin etmək öhdəliyi olmamaqla, yalnız müəyyən vaxt ərzində eyni şəraitdə olan mənzildə yaşaması üçün təmin etmək öhdəliyi vardır. Tərəflərin mübahisə etmədikləri hal, cavabdehin övladları ilə birgə kirayə olaraq yaşadıqları mənzilin kirayə haqqı 200 manat olmaqla onun müəyyən müddət (üç illik müddət) olaraq hesablanan məbləğlə, yəni verilmiş iddia tələbinə (yeddi min manat məbləğində kompensasiya) mütənasib olmaqla, tələbin əsaslı olmasına dəlalət edir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 27 ünvanında yerləşən 32 saylı mənzilə yaşayış-istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 7000 (yeddi min) manat məbləğində kompensasiya alınaraq Cavabdeh ödənilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 27 ünvanında yerləşən 32 saylı mənzilə yaşayış-istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar