Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6296/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, tərcüməçi X3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi»nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıq iddia üzrə cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhəllə, ev 48/2, mənzil 38, 2 otaqlı, yaşayış sahəsi 29,07 kv.m-dən ibarətdir. Bu mənzil əvvəllər X4 adına olmuşdur. xx.xx.1983-cü il tarixli Sumqayıt şəhər X11 İK-nin iclasının 4 saylı protokoluna əsasən Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhəllə, ev 48/2, mənzil 38-in əsas kirayəçisi X4 qeydiyyatdan çıxması və nikahlarını pozması ilə əlaqədar iddiaçı da ailə üzvləri sırasına daxil olmaqla kirayə müqaviləsi anası Cavabdeh1 adına dəyişdirilmişdir. Cavabdehlər Cavabdeh1 onun anası, Cavabdeh2 isə qardaşıdır. Cavabdehlər 1998-ci ildən Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhllə, ev 48/2, mən 38-dən könüllü çıxmaqla özlərinə başqa yaşayış sahəsi seçmiş bütün şəxsi əmlaklarını da özləri ilə aparmışlar. Artıq bu illər ərzində bir dəfə də olsun Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhəllə, ev 48/2, mənzil 38-ə gəlməmişlər. Hazırda iddiaçı bu mənzildə əsas kirayəçi kimi yaşayır. Son illər iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində 237 saylı bağ evi alaraq həmin evdə daimi yaşayırlar. Sumqayıt şəhəri, “Xəzər” Bağçılıq Cəmiyyətinin 1 saylı məhəllə Komitəsinin verdiyi arayış da bu faktı təsdiq edir. Artıq 25-ildir ki, bu mənzildə iddiaçı və qızı yaşayır. Göründüyü kimi, cavabdehlər könüllü olaraq bu mənzili tərk etmiş və şəxsi əmlaklarını da özləri ilə aparmışlar. Bu onu təsdiq edir ki, onlar daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Nizami küçəsi, 34-cü məhəllə, ev 48/2, mənzil 38-də istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Öz növbəsində, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 qızıdır. Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 48/2 ünvanında yerləşən, 2 otaqlı yaşayış sahəsi 29.07 kv.m-dən ibarət olan 38 saylı mənzilin əsas kirayəçisi həyat yoldaşı X4 adına olmuşdur. xx.xx.1983-cü il tarixli Sumqayıt şəhər X11 İK-nin iclasının 4 saylı protokoluna əsasən sözügedən mənzilin əsas kirayəçisi X4 qeydiyyatdan çıxması və nikahlarının pozulması ilə əlaqədar mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilmişdir. Mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilərkən X1 qızı X12 dünyaya gəlmiş və xəstə doğulmuşdur. Oğlu İ qrup müddətsiz xəstədir. O, böyüdükcə Yelena onunla bir evdə yaşaya bilmədi və onların arasında mütəmadi olaraq söz- söhbət baş verdiyi üçün o da oğlunu müdafiə etmək məcburiyyətində qaldı. İş elə gətirdi ki, digər qızı X12 özlərinə məxsus heç bir kommunal şəraiti olmayan Xəzər bağçılıq cəmiyyətində onlara yer verdilər ki, o, xəstə oğlunu orada saxlasın. Cavabdeh1 bütün ömrünü oğluna həsr etmişdir. Ona görə də Yelenanı narahat etməmişdir. Hər dəfə mənzilə hər hansı bir iş üçün gəldikdə Yelena hay-küy salıb, qardaşı ilə yola getmədiklərini əsas gətirərək, onların mənzildə yaşamağına imkan verməyib. Cavabdeh1 artıq ahıl yaşındadır. Ondan sonra oğluna inanmır kimsə baxsın. Digər bacısı oğlunun ürəyi arxayın olsun deyə Bağçılıq kitabçasını onun adına keçirib. Yelena Nikolayevna başa düşmür ki, bağçılıq kitabçası daimi yaşayış yeri əldə etmək üçün verilmir. Həmçinin bağçılıq kitabçası daim yaşayış yeri anlamına gəlmir. Ən azından başa düşməli idi ki, onun oğlu anadangəlmə xəstədirsə, o, bağçılıq kitabçasını necə əldə edə bilər? Kirayəçi olduğu halda bu gün oğlunun yanında ona görə yaşayır ki, ona baxsın, Yelena Nikolayevnanı da narahat etməsin. Lakin verilmiş iddiadan görünür ki, Yelena Nikolayevna bütün mənəvi dəyərləri aşıb. Ona göstərdikləri iltifatdan sui-istifadə edir. Onun ümumiyyətlə onlara qarşı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Onlar mənzildən müvəqqəti çıxsalar da, başqa yaşayış sahəsi əldə etməmişlər. Mənzilin icarədarı kimi bu gün də evin kommunal xərclərini ödəyir. Gözlənti hüququ ilə bu mənzil Cavabdeh1 mülkiyyəti sayılır. Yuxarıda qeyd etdiyi kimi o, başqa bir yaşayış sahəsi əldə etməmişdir. Yalnız qızı ilə oğlu arasındakı mübahisənin qurbanına çevrilmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili X18 ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər.
6. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1, onun nümayəndəsi və vəkiliVəkil2 ilkin iddia tələbinə etiraz edərək, təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
7. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki, Cavabdeh1 onun anası, Cavabdeh2 isə qardaşıdır. Bacısı İddiaçı qardaşları Cavabdeh2 ilə daima mübahisə etmiş, onun sözügedən ünvanda yaşamasına imkan verməmişdir. Anamız Qalina qardaşımıza qulluq etdiyi üçün onlar birlikdə yaşamalıdırlar. Bu səbəbdən o, özünə məxsus mənzili müvəqqəti onların istifadəsinə vermişdir. Anam hər dəfə sözügedən mübahisəli evə gedəndə söz-söhbət başlayır. Bunu qonşular da təsdiq edə bilər. Bir sözlə, İddiaçı anasının və qardaşının mübahisəli mənzildə yaşamaqlarına imkan vermir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək, bildirmişdir ki, o, Yelena ilə qonşudur. 1992-ci il tarixdə həmin binaya gəlin gəldiyi zaman, evdə anası, qardaşı və özü olmuşdur. Daha sonra Qalina xanım evdən oğlu ilə bərabər getmişdir. Hazırda eşitdiyinə görə digər qızı ilə qalır. Gedərkən əşya apardığını görməmişdir. Tərəflər bərabər qaldıqları müddətdə münasibətləri normal olmuşdur.
10. İşin materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-48-DA-10F/2-211/2-2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 18 fevral 1983-cü il tarixli 21/51 saylı qərardan görünür ki, yaşayış sahəsi 29,07 kv.m olan 2 otaqlı 34-cü məhəllə ev 48/2 38 №-li mənzil əsas kirayəçisi X4 qeydiyyatdan çıxması və nikahlarının pozulması ilə əlaqədar mənzilin kirayə müqaviləsi Cavabdeh1 adına dəyişdirilmiş, Cavabdeh1 3 nəfərdən ibarət ailə tərkibinə - Cavabdeh1, X8 , X5 təqdim edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı Məhəllə Komitəsi tərəfinən xx.xx.2023-cü il tarixdə verilmiş, 1058 saylı arayışdan görünür ki, Cavabdeh2 “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində yuxarı küçədə sahəsi 100 kvadrat metr olan 237/10 saylı bağ evində anası Cavabdeh1 ilə onun istifadəsində olan evdə qeydiyyatsız yaşayırlar.
12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 463 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında Cavabdeh1, Cavabdeh2, X16 ilə birlikdə qeydiyyatdadırlar.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsi sahə ustası və qonşular (X13, X10, X6) tərəfindən tərtib edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, həqiqətən 34-cü məhəllə, ev 2/48, mənzil 38-də yaşayan X9 MSK-yə yazdığı ərizə əsasında yaşadığı mənzildə olmuşlar, yoxlama zamanı aşkar edilmişdir ki, həqiqətən 34-cü məhəllə, ev 2/48, mənzil 38-də pasport qeydiyyatında olan Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatında olmağına baxmayaraq, 1998-ci ildən həmin mənzildə yaşamırlar. Yaşadıqları ünvan məlum deyil. Akt qonşuların iştirakı ilə tərtib edildi. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər.
14. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona TSEK tərəfindən verilmiş TSE-0 seriyalı, AR № 802008 saylı arayışdan görünür ki, Cavabdeh2 uşaqlıqdan müddətsiz olaraq 1-ci qrup əlildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil Azərbaycan Respublikası Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 18 fevral 1983-cü il tarixli 21/51 saylı qərar əsasında həmin tarixdə iddiaçı Cavabdeh1 istifadəsinə ayrılmış, tərəflər ailə üzvü kimi birlikdə həmin tarixdən etibarən mənzildən istifadə edib yaşamağa başlamışlar, ilkin iddia üzrə iddiaçının bildirməsinə görə anası və qardaşı 1998ci ildən həmin mənzildə yaşamırlar, bu səbəbdən onların mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir, qarşılıqlı iddia üzrə iddiaçı isə qızının digər nikahdan olan oğlu ilə daima mübahisə etməsini, onların orada yaşamaqlarına maneələr yaratdığını, mənzilə buraxmamasını, başqa daimi yaşayış yerləri olmadığını bildirərək, bununla əlaqədar mənzilə köçürülmələrini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır.
18. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
19. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə ilkin iddia üzrə iddiaçı mübahisə predmeti olan mənzildə daimi yaşamaqla daimi istifadəçi kimi məhkəmədə iddia qaldırmaq hüququna malikdir.
20. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
21. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
22. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
23. Eyni Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.
24. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
26. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Hazırki halda isə ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildən daimi yaşamaq üçün getdikləri təkzib olunmaqdadır. Çünki ilkin iddia üzrə cavabdehlərin daimi yaşamaq üçün yaşayış yerlərinə malik olması sübut olunmur.
27. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
28. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
29. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
30. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
31. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
32. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
33. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
34. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehlərin 1998-ci ildən mübahisəli evdən köçdüklərini, başqa yerdə yaşadıqlarını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin ilkin iddia üzrə iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, ilkin iddia üzrə iddiaçı tərəf ilkin iddia üzrə cavabdehlərin ayrıca mənzillərinin olmasını, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiklərini göstərsə də, ilkin iddia üzrə cavabdehlərin daimi yaşayış yerləri olmaqla bu yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
35. İlkin iddia üzrə iddiaçının bununla bağlı təqdim etdiyi şahid ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin şahid də öz ifadəsində Cavabdeh1 və Cavabdeh2 həmişəlik əşyaları ilə birlikdə köçdüklərini təsdiq etməmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi»nə dair ilkin iddia tələbi rədd edilməlidir.
37. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilib-edilməməsi ilkin iddianın mahiyyəti üzrə həllindən asılı olduğundan və ilkin iddia rədd edildiyindən qarşılıqlı iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 38-ə köçürülməlidirlər.
38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi»nə dair ilkin iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 38-ə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva