Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6353/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1-ə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsi, ev 7/8 ünvanında yerləşən 53 saylı mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər iddiaçının övladlarıdır. Cavadehlər ona məxsus mənzildə qeydiyyatda olsalar da, 2007-ci ildən həmin mənzildə yaşamırlar və onların mübahisəli mənzildə qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamamalarına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalmaları iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehlər iddiaçının övladlarıdır. Cavabdehlərdən biri Rusiyada, digərləri isə Türkiyədə yaşayırlar. İddiaçının onlarla heç bir əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1938-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh1 xx.xx.1975-ci ildə, Cavabdeh2 xx.xx.1969-cu ildə, Cavabdeh3 isə xx.xx.1971-ci ildə, anadan olmuşlar və onlar ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 12 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışlarına əsasən cavabdehlər mübahisəli mənzildə yaşamırlar. İşdə olan 12 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və sahə ustası Bayramova S.Q., Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsi, ev 7/8, mənzil 54də yaşayan X3, 4-cü mikrorayon, C.Cabbarlı küçəsi, ev 7/8, mənzil 52-də yaşayan X1 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər mübahisəli mənzildə yaşamırlar. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən Cavabdeh1 xx.xx.2021-ci ildə, Cavabdeh2 xx.xx.2022-ci ildə, Cavabdeh3 isə xx.xx.2022-ci il tarixdə ölkədən çıxmışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, mübahisəli mənzil Sumqayıt şəhər XDS tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli, 03/226 saylı order, 12 saylı MİS tərəfindən verilmiş xx.xx.2018-ci i tarixli, 1695 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında iddiaçının adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan, vətəndaş dublikat çıxarışının alınması ilə bağlı idarəyə müraciət etmiş və iddiaçının adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. 06 dekabr 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, iddiaçının oğludur. Cavabdehlər onun qardaş və bacılarıdır. Onlar təxminən 1998-ci ildən Azərbaycanda yaşamırlar. İddiaçının onlarla heç bir əlaqələri yoxdur. Cavabdehlər Azərbaycana gəldikləri zaman isə mübahisəli mənzildə qalmırlar. Həmin ünvanda iddiaçı nəvəsi ilə yaşayır. Qardaşı Cavabdeh3 sonuncu dəfə 2017-ci ildə görmüşdür. Qohumlarından aldığı məlumata əsasən bacıları Cavabdeh1 və Cavabdeh2 Türkiyədə yaşayırlar. Qardaşı Cavabdeh3 isə Rusiyada yaşayır və ailəlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında xx.xx.1986-cı il tarixində iddiaçıya ailə üzvləri ilə birlikdə verilmişdir. Cavabdehlərin həmin mənzildə iddiaçının ailə üzvləri kimi yaşamış və mənzildən istifadə hüququ əldə etmişlər. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). Müəyyən edilmişdir ki, cavabdehlər artıq mübahisəli mənzildə yaşamırlar və onların başqa yaşayış yerləri vardır. Cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1-ə istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6353/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6353/2022
27.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver