Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-637/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 2-ə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil 08 aprel 1970-ci il tarixli order əsasında onun anası X2 istifadəsinə verilmişdir. Anası X4 atası X10 ilə rəsmi nikaha düşdükdən sonra Musayeva soyadını götürmüşdür. Anası 22 fevral 2012-ci il tarixdə ölmüşdür. İddiaçı və ailə üzvləri mübahisəli mənzildə qeydiyyatdadırlar. Cavabdeh iddiaçının qardaşıdır. Cavadeh mübahisəli mənzildə qeydiyyatda olsa da, 2013-ci ilin may ayından Ukrayna Respublikasının Xarkov şəhərinə getmiş və həmin vaxtdan mübahisəli mənzildə yaşamır. Cavabdehin mübahisəli mənzildə yaşamamasına baxmayaraq, orada pasport qeydiyyatında qalması qeyd olunan mənzilin özəlləşdirləməsi ilə bağlı sənədləşdirmə işlərinin aparılmasına maneə törədir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, sözügedən mənzil özəlləşdirilməyib. Qeyd edilənlərə əsasən vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1971-ci ildə anadan olmuşdur və o, ünvan 2 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadır. Sumqayıt şəhər Mənzil İdarəsinin xx.xx.1970-ci il tarixli, 04/115 saylı orderi ilə müəyyən edilir ki, mübahisəli mənzil X3 verilmişdir. Orderdə iddiaçı Razaliya Şamsutdinovanın ailə üzvü kimi göstərilmişdir. Nikah haqqında şəhadətnamənin surətinə əsasən Şamsutdinova Razaliya X1 ilə xx.xx.1968-ci ildə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadları verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X7 iddiaçının anasıdır. Nikah haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1986-cı ildə nikaha daxil olduqdan sonra Məmmədova soyadı almışdır. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən X7 xx.xx.2012-ci ildə, X10 xx.xx.2011-ci ildə, X11 isə xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan 21 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsi, ev 31, mənzil 2/3-də yaşayan X6, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsi, ev 29, mənzil 4-də yaşayan X12, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsi, ev 29, mənzil 3-də yaşayan tərəfindən X13 tərtib edilərək imzalanmış akta əsasən cavabdeh may 2013-cü il tarixdən mübahisəli mənzildə yaşamır. 21 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 1660 saylı arayışına əsasən X7 mübahisəli mənzildə yaşayıb və qeydiyyatda olub, lakin xx.xx.2012-ci il tarixdə vəfat edib. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən cavabdeh xx.xx.2013-cü il tarixdə ölkədən çıxmışdır. Onun bundan sonra ölkəyə qayıdışı barədə sistemdə məlumat yoxdur. Öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar (1159.1.1.). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. İddiaçı özü mübahisəli əmlakın mülkiyyətçisi olmasa da, həmin əmlak onun mərhum anasına məxsus olduğundan və həmin əmlak üzərində onun hüquqi gözləntisinin olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında xx.xx.1970-ci il tarixində iddiaçının mərhum anasına verilmişdir. Mənzil hal-hazırda özəlləşdirilməmişdir. Cavabdeh doğulduqdan sonra X5 ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etmişdir. Bu səbəbdən mübahisəyə mənzilə icarə münasibətlərinin tənzimləndiyi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). Yuxarıda qeyd edilən normalardan göründüyü kimi icarədarın ailə üzvləri yaşayış sahəsindən istifadə hüququnu o vaxt itirə bilərlər ki, daimi yaşamaq üçün başqa yerə getsinlər və ya 6 aydan artıq müddətdə yaşayış sahəsində yaşamasınlar. Göründüyü kimi cavabdeh təxminən 10 ildir ki, mübahisəli mənzildə yaşamır və onun həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacı yoxdur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlunun ünvan 2-ə istifadə hüququ itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-637/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-637/2023
19.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver