Məhkəmə qərarları › İş №2(060)-638/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-638/2023

22.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-638/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Maraqlı şəxs qarşı «mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ünvan 1 ünvanına olan mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, yataqxana 7 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli 153 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Həmin yataqxananın 136-cı otağı xx.xx.2022-ci il tarixli, 28 saylı, Kirayə müqaviləsi ilə Maraqlı şəxs istifadəsindədir. Maraqlı şəxs həmin ünvana yaşamamışdan əvvəl otaqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 pasport qeydiyyatında olmuşlar. Qeyd olunan şəxslər Maraqlı şəxs ailə üzvü deyil və sözügedən ünvanda xx.xx.2022-ci il tarixdən yaşamırlar. Vətəndaş Maraqlı şəxs Mənzil Kommunal X1 müraciət edərək Ə.Qardaşəli və onun ailə üzvlərinin Maraqlı şəxs mənzilində qeydiyyatda olması səbəbindən mənzil üzərində istifadə hüquqlarının çətinləşdirdiyini və əlavə kommunal xərcləri ödəməsinə səbəb olduğunu bildirmişdir. Bu səbəbdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmədə iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, Sumqayıt şəhəri, 4cü mikrorayon, ünvan 1-da iki ilə yaxındır ki yaşamırlar. Həmin otaq onun arvadı Şəhla işlədiyi dövrdə verilmişdir. Hazırda ailə üzvinin sayı artmışdır. O, həmin yataqxananın qeyri-rəsmi olaraq 20000 (iyirmi min) manata Daşqın adlı şəxsə satıb həmin pula “Yaşıl Dərə” X7ndə torpaq alıb, orada ev tikmiş və ailəsi ilə orada yaşayır. Mübahisə olunan otağa onun heç bir tələbi yoxdur. Sadəcə olaraq, o, ailəsi ilə orada qeydiyyatdadır. Məhkəmədə cavabdeh Ə.Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, Cavabdeh1 dediklərinə əlavə olaraq bildirir ki, həmin yataqxana ona işlədiyi müəssisə tərəfindən verilmişdir. Ailələri böyük olduğu üçün orada yaşamaq qeyri-mümkün olmuş və həmin yataqxananı qeyri-rəsmi Daşqın adlı şəxsə satmışlar. Hazırda iki ilə yaxındır ki, həmin otaqda Maraqlı şəxs yaşayır. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Maraqlı şəxs məhkəmədə iştirak edən zaman iddia tələbini əsaslı hesab edərək bildirmişdir ki, o, həmin yataqxananı Qardaşəlidən aralarında olan razılaşma əsasında qeyri-rəsmi alqı-satqı edərək 20000 manat ödəməklə almış və hazırda ailə üzvləri ilə birlikdə həmin otaqda yaşayır. Hazırda cavabdehlərin həmin otaqda qeydiyyatda olmaları onun faktiki istifadəsində olan otağa dair olan hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehləri və üçüncü şəxsi dinləyib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi üzrə xx.xx.2010-cu il tarixli, 12 nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhəri, Bakı küçəsi, 4-cü mikrorayon, Bakı küçəsi, yataqxana 7, 12 saylı Mənzil İstismar Sahəsinin balansına qəbul edilmişdir. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3a 4-cü mikrorayon, yataqxana 7, mənzil 136-da qeydiyyatdadırlar, lakin yaşamırlar. İşə əlavə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ünvan 1-da qeydiyyatdadırlar. İşdə olan Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında xx.xx.2022-ci il tarixli, 28 nömrəli “Sosial Kirayə Müqaviləsi”ndən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ünvan 1 Mənzil Kommunal İstehsalat Birliyi tərəfindən Maraqlı şəxs və ailə üzvlərinin istifadəsinə vermişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli “Order”in surətindən görünür ki, Sumqayıt şəhəri, Bakı küçəsi, ev 25, yataqxana 7, otaq 136 Cavabdeh2 istifadəsinə verilmişdir. İşdə olan Sumqayıt Bələdiyyəsi, X7, 2-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhər “Yaşıl dərə” X7, 2-ci məhəllədə 4 sot torpaq sahəsi var və həmin sahədə 1 mərtəbəli, 2 otaqlı ev tikmişdir, orada 2022-ci il tarixindən qeydiyyatsız yaşayır. İş materiallarında olan 12 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli “Ətraflı arayışın”dan görünür ki, 4-cü mikrorayon, ev 25, yataqxana 7 otaq 136 sahəsi 17.5 kv.m mənzil 1 otaqdan ibarətdir. Mənzil xx.xx.2022-ci il tarixdən №028 Sosial Kirayə Müqaviləsinə əsasən Maraqlı şəxs aiddir. Mənzilin keçmiş sahibləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3a xx.xx.2022-ci il tarixdən ünvanda yaşamırlar. Hazırda mənzildə Maraqlı şəxs ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci və 91.1.2-ci maddələrinə əsasən, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakmiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh2 xidməti mənzilə dair order xx.xx.1992-ci il tarixdə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı həmin dövrdə qüvvədə olmuş xx.xx.1982-ci il tarixli Mənzil Məcəlləsinə istinad edilməlidir. Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatlarıt Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq ayrıca mənzil verilir. Həmin Məcəlləni 103-cü maddəsinin tələblərinə əsasən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisəsinin, idarənin, təşkilatın müdiriyyəti və s. tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları soveti icraiyyə komitəsinin orderi üzrə verilir. İş materiallarından görünür ki, Cavabdeh2 verilmiş order hazırda qüvvədədir, order hər hansı qaydada ləğv edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki mübahisəli yataqxanada yerləşən otaq dövlət mənzil fonduna aid olduğu üçün tərəflər arasında heç bir alqı-satqı müqaviləsi aparıla bilməz. Hazırda cavabdehlər iddia tələbini qəbul etsələrdə, məhkəmə bu etirafı qəbul etmir. Belə ki, iddiaçı tərəfindən hazırda sözügedən order mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «mənzilə istifadə hüququnun itirilməsinə dair» iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar