Məhkəmə qərarları › İş №2(060)-6396/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6396/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6396/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlununun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına dəymiş olan ziyanın aradan qaldırılması, müalicə olunmağı üçün xərclənən ümumilikdə 8510,30 manat maddi zərərin, qulluğa görə ümumilikdə 4 ay müddətinə ödənilmiş olan 2000 manat baxıcı xərcinin, 10000 manat mənəvi zərərin, 152 manat ödənilmiş məhkəmə rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, Niyazi küçəsində yerləşən piyada keçidinə yaxınlaşıb, yoldakı piyada zolağının üzəri ilə yolun əks tərəfində yerləşən, yəni Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən təcili tibbi yardım stansiyası istiqamətində adi yerişlə hərəkət etməyə başlamış, yolda piyada zolağının üzəri ilə 8,5 metr məsafə qət etdikdən sonra, yolun əks tərəfinə çatmağına bir neçə addım qalmış sonradan adını öyrəndiyi sürücü Cavabdeh1 idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “VAZ 2105” markalı avtomobillə Sumqayıt şəhəri, Niyazi küçəsində, Sumqayıt şəhəri Babək küçəsi istiqamətində hərəkətdə olarkən piyada keçidinin üzəri ilə hərəkət etdiyini nəzərə almadan hərəkətini davam etdirərək, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi və sağ yan güzgüsü ilə onun bədəninin sağ tərəfindən vurmuşdur. O, nəticədə zərbənin təsirindən asfalt yola yıxılıb, bundan sonra sürücü oraya gəlmiş kənar şəxslərin köməkliyi ilə onu idarə etdiyi avtomobilə mindirərək, tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY xəstəxanasına gətirmişdir. Hadisədən sonra xəstəxanada uzun müddət stasianor şəraitdə müalicəsini davam etdirib. Lakin aldığı xəsarətləri kifayət qədər ağır olmuş və təcili olaraq cərrahi əməliyyatın zəruri olduğu bildirilmişdir. Sumqayıt TTY-də isə həmin əməliyyatın çox riskli olduğu bildirimiş, özəl xəstəxanda əməliyyat edilməyinin sağlamlığı üçün daha yaxşı olacağı bildirilmişdir. Qohumlarının köməkliyi ilə Avrasiya klinikasına gətirildikdən sonra orada cərrahi əməliyyat olunmuş və bir neçə gün orada həkim nəzarətində saxlanılmışdır. Sonradan özəl klinikanın gündəlik xərcini ödəyə bilmədiyindən, müalicəsinin davam etdirilməsi üçün evə buraxılmışdır. Məlumat üçün bildirir ki, qeyd etdiyi hallar üçün hər dəfə o, ixtisaslaşdırılmış həkim və ambulansların köməkliyi və müşayiəti ilə xəstəxanaya köçürülmüş və evə gətirilmişdir. Bundan sonra yenidən həkim yoxlanışı üçün eyni qaydada həkim müşayiəti və ambulansın vasitəsilə yaşadığı Sumqayıt şəhərindən Bakıya gətirilmiş zəruri həkim yoxlanışlarından keçdikdən sonra geri qaytarılmışdır. Müalicəsinin davam etdiyi müddət ərzində yataq şəraitində müalicə alıb, hadisədən təxminən 6 ay ərzində ümumilikdə ayağa qalxmağı belə mümkün olmamışdır. Həmin müddət ərzində şifahi razılıq əsasında başqabaşqa şəxslərin nəzarətində olub ki, məlum olduğu kimi həmin şəxslərə də müəyyən məbləğ ödənilmişdir. Hazırda da ev şəraitində müalicəsini davam etdirir. Hadisəni törətmiş sürücü isə onunla maraqlanmamış, tibbi xərclərini ödəməkdə köməklik göstərməmişdir. Buna görə də hadisənin törədilməsində, onun bədən xəsarəti alaraq yataq şəraitində müalicə almağında günahı olan sürücünün barəsində qanuni tədbir görülməsini, onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. İbtidai istintaq zamanı və məhkəmə prosesləri zamanı cavabdeh guya ona xərclərdə köməklik etmək istədiyini, onun isə yuxarı məbləğdə pul tələb etdiyini bildirmişdir. Lakin, o, baş vermiş hadisənin hər kəsin başına gələ biləcək hal olmasını başa düşmüş, qəzanın ehtiyatsızlıqdan baş verməsini nəzərə alaraq ümumi çəkdiyi xərclərin cüzi bir hissənin ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh yalnız ümumi xərclərin 1/10 hissəsini ödəyə biləcəyini bildirmişdir. Lakin, həmin şəxs insan sağlamlığına vurduğu xəsarətin dərəcəsini, onun bədənində olan ağrıları, bundan sonraki həyatında daima həkim nəzarətində olmalı olduğunu və digər bu kimi halları mənəvi keyfiyyətləri olan insan kimi başa düşmək əvəzinə, onun xərclərinin ödənilməsində qohumlarının çəkdiyi xərclərin cüzi bir hissəsini belə ödəməkdən yayınmışdır. Qeyd olunan hadisə nəticəsində o, sağ qasıq, qalça və oturaq sümüklərinin çox qəlpəli yerdəyişən sınıqları, sağ sirkə kasasının sınığı, sol tərəfdə qasıq sümüyünün yerdəyişən sınığı, oturaq sinirin travmatik neyropatiyası, sağ paranefral (böyrək ətrafı) nahiyənin hematoması, sol göz qapaqlarının hematoması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alıb. Bu hal cavabdeh barəsində olan cinayət işinə əlavə edilmiş sənədlərdə də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizasının 06 mart 2024cü il tarixli, 389 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nm tərtib etdiyi 3172 saylı, Bakı şəhər Avrasiya Hospitalın tərtib etdiyi 3896/23 saylı xəstəlik tarixlərinə əsasən, göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “Sağ qasıq, qalça və oturaq sümüklərinin çox qəlpəli yerdəyişən sınıqları, sağ sirkə kasasının sınığı, sol tərəfdə qasıq sümüyünün yerdəyişən sınığı, oturaq sinirin travmatik neyropatiyası, sağ paranefral (böyrək ətrafı) nahiyənin hematoması, sol göz qapaqlarının hematoması” 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNHsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Hadisə nəticəsində sağlamlığına vurulmuş zərərin aradan qaldırılması məqsədilə daim həkim nəzarətində olmuş, cərrahi əməliyyata məruz qalmış, bunun nəticəsi olaraq uzun müddət yataq şəraitində uzanıqlı vəziyyətdə qalaraq kənar şəxslərin köməyinə ehtiyac duyub. Qeyd olunanlar üçün qohumlarının köməkliyi ilə çoxlu vəsait sərf edib. Qeyd olunən nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılmış, Cavabdeh1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-444/2024 saylı, xx.xx.2024 tarixli hökmü ilə Cavabdeh1 təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mlki Prosesual Məcəlləsinin 82.4-cü maddəsində qeyd olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Cinayət işinin 53-54-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16-8/2-1562/2024 saylı məktubdan görünür ki, VAZ 2105 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyət hüququ ilə Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan Cavabdeh2 məxsusdur. Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən etibarnamə əsasında idarə etmişdir. Yüksək təhlükə mənbəyinin, yəni həmin avtomobilin mülkiyyətçisi Cavabdeh2 olduğundan həmin şəxs də cavabdeh qismində tanınmalıdır. Qəza nəticəsində almış olduğu xəsarətlərin aradan qaldırılması ilə bağlı rəsmi olaraq, qəbzlərdə öz təsdiqini tapan 8510,30 manat (səkkiz min beş yüz on manat otuz qəpik) vəsait xərclənmişdir. Bu məbləğə ilkin olaraq xəstəxanaya yerləşdirildiyi üçün verilmiş olan 3000 manat depozit məbləği, 550 manat ambulansın xidmətindən istifadə üçün xərc, müxtəlif həkimlərin qəbulu, eyni zamanda aparatlardan yoxlanış üçün ödədiyi pullar daxildir. Həmin ödənişləri təsdiq edən qəbzləri sübut olaraq ərizəyə əlavə edir. Bundan əlavə yataq şəraitində olduğu müddət ərzində kənar şəxslərin köməkliyi üçün aylıq 500 manat ödəniş edib. Bunun üçün isə aylıq 500 manat olmaqla 4 ay ümumilikdə 2000 manat ödəniş edib. Bundan sonra da üzun müddət çəkən müalicə üçün çoxlu vəsait sərf olunmalıdır. Ərizəyə əlavə edilmiş sübut və qəbzlərdən də göründüyü kimi, hadisə nəticəsində sağlamlığa dəymiş ağır zərərin aradan qaldırılması ilə bağlı kifayət qədər çox məbləğ sərf olunmuş, cərrahi əməliyyat keçirmiş, 6 ay müddətində yataq şəraitində yaşamaq məcburiyyətində qalmış, kənar şəxslərin yardıma möhtac olmuş, hazırda da sağlamlığı tam olaraq bərpa edilməmiş və uzun müddət həkim müşahidəsi altında qalmaq və müalicə almaq məcburiyyətindədir. Bununla da, ona mənəvi zərərin dəyməsi öz təsdiqini tapır. Dəymiş mənəvi zərərə görə cavabdehdən 10000 (on min) manat alınaraq iddiaçıya ödənilməlidir. Əlavə olaraq, qeyd edilməlidir ki, mənəvi zərər abstrakt anlayış olduğundan, yəni maddi zərər kimi gözlə görülə bilən, hesablana və ölçülə bilən, bazar dəyərinə uyğun qiymətləndirilə bilən olmadığından, mənəvi zərərin sübutuna dair hər hansı konkret dəlil, sənəd və sair sübut etmə yükündən azaddır. Burada zərərçəkənin məruz qaldığı fiziki və mənəvi ağrı, onun sağlamlığının pozulması, əməliyyat keçirməsi, aylarla yatağa məhkum vəziyyətdə müalicə alması və sair bu kimi hallar onun mənəvi zərərə məruz qaldığını tam sübuta yetirir. Mənəvi zərərin məbləği ilə bağlı isə zərərçəkənin mənəvi zərərə məruz qaldığı müddəti, dərəcəsi və sair bu kimi hallar nəzərə alınmaqla qiymətləndirilir. Zərərçəkənin xx.xx.2023-cü ildən bugünə qədər sağlamlıq vəziyyətinin pozulması, yataq şəraitində müalicə alması nəzərə alınmaqla mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi tam ağlabatandır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, keçirdiyi qəzadan sonra hər gün həkimlərdədir. Bundan əlavə 6 ay yataq şəraitində olmuşdur. Hazırda səhhətinə görə çəkdiyi xərclərlə əlaqədar 30000 manata yaxın borcu var. O, qarşı tərəfin səhvi ucbatından şikəst qalıb. O əvvəllər tam sağlam şəxs olmuş, müxtəlif işlərdə işləmişdir. Hazırda isə ağrı kəsicilərlə yaşayır. Xəstəxanada 3 ay hərəkətsiz formada qalıb. Evdə də uzun müddət yataq şəraitində müalicə alıb və bu müddətdə ona baxan qadına ödənişlər edib. Müavinət üçün müraciət etsə də, ona müavinət düşmədiyi bildirilib. Qarşı tərəfə vaxtilə 5000 manat ödəməsini təklif ediblər, lakin o bu məbləğə yaxın durmamış, cəmi 1500 manat pul verə biləcəyini bildirmişdir. Cavabdeh hadisədən bu yana cəmi bir dəfə 50 manat pul vermişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək bildirdi ki, hadisə baş verən gündən vicdan əzabı çəkir. O, hadisə vaxtı iddiaçını hadisə yerində qoyub qaçmayıb. Hadisə olan kimi iddiaçını xəstəxanaya aparıb və lazımı xərclərini çəkib. Həmin vaxt iddiaçının daxili orqanları yoxlanılmış, heç bir problemi müəyyən edilməmişdir. Sadəcə olaraq iddiaçıın sağ ayağında problem var idi. O, qarşı tərəfə hadisə vaxtı və hadisədən sonra pul təklif edib, lakin iddiaçını həmişə ondan gizlədiblər. İddiaçının bacısı ona 10000 manat pul gətirməli olduğunu bildirib. İddiaçı tərəf ondan hər dəfə müxtəlif məbləğlərdə pul ödənilməsini tələb edib. O, 5 ay ərzində hər ay 50 manat olmaqla ödəniş etməyi təklif edib, lakin iddiaçı razılaşmayıb. O vaxt iddiaçıya 5000 manat verməyi təklif etmişdir. Belə ki, onda qohumlarının köməyi ilə həmin məbləğdə pul düzəltmişdir. Hazırda isə onun qarşı tərəfə həmin məbləğdə pul ödəməyə maddi imkanı yoxdur. Belə ki, özü ancaq pensiya ilə dolanır, başqa qazancı yoxdur. Həyat yoldaşı da xəstədir. Bundan əlavə bildirir ki, o törətdiyi cinayətə görə cəzasını almışdır və hal-hazırda cəza çəkir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, Naibənin baxıcısı olub. Naibəyə 2024-cü il yanvardan etibarən 4 ay o, qulluq edib. Ona ən ağır vaxtlarında o baxmışdır. Belə ki, Naibənin qarın nahiyyəsində dəmirlər var idi, nə əl, nə də ayağını tərpədə bilmirdi. Bu səbəbdən daim yataq şəraitində idi. O, Naibəyə etdiyi qulluğa görə günə 20 manat, aya isə ümumilikdə 500 manat pul alırdı. Belə ki, həftə sonlarını çıxanda həmin məbləğdə maaş alırdı. Artıq qalanda isə daha çox maaş alırdı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-444/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı sağ qasıq və oturaq sümüklərinin bitişmiş sınıqları, sağ sirkə kasasının dibinin qəlpəli yerdəyişməklə bitişmiş sınığı, hərəkət funksiyalarının pozulması və s. diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. - 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. - 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh1 yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 444/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təsdiq edilir. Beləliklə yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına dəymiş ziyanın aradan qaldırılması və müalicə olunması üçün xərclədiyi ümumilikdə 8510,30 manat maddi zərərin vurulması hissəsində iddia tələbini qismən sübuta yetirə bilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən həm tibb müəssisələrində müalicə olunması, həm də çoxsaylı dərman vasitələrinin alınması üçün ümumilikdə 7474,72 manat ödəniş edilmişdir. Bu hissədə iddia tələbinin qismən təmin edilməsinə səbəb iddiaçı tərəfindən bəzi qəbzlərin təkrar olaraq məhkəməyə təqdim edilməsi, eyni zamanda bəzi ödənişlərin həm satış çekinin, həm də bank çekinin (35539 və 39718 saylı satış çekləri, 102007, 102808, 403521, 101465, 103519, 103528, 101108, 103521, 101470 və 402808 saylı qəbzlər) iddia ərizəsinə əlavə edilməsi ilə əlaqədar olmuşdur. İddiaçının səhhətinə vurulan maddi ziyan hesablanarkən həmin çeklər üzrə ödəmələr yalnız bir dəfə nəzərə alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 7474,72 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının səhhəti ilə bağlı olaraq ona qulluq etmiş şəxsə ödənilən pulun - 2000 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğundan və təsdiqini tapdığından həmin hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, bununla əlaqədar məhkəməyə şahid X1 ifadəsi təqdim edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid isə ifadəsində İddiaçı 4 ay müddətində hərəkətsiz, yataq şəraitində müalicə olunduğunu, iddiaçıya etdiyi qulluğa görə iddiaçı tərəfindən ona hər ay 500 manat olmaqla, ümumilikdə 2000 manat ödəniş edildiyini bildirmişdir. Məhkəmə iddiaçının keçirdiyi yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətin dərəcəsini və hadisədən sonra ona qoyulan diaqnozun ağırlığını nəzərə alaraq bu barədə şahid S.Məmmədovanın ifadəsini inandırıcı və ağlabatan hesab edir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya qulluq müqabilində ödənilmiş 2000 manat pul da tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində isə qismən əsaslı olduğundan qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına ciddi ziyan dəymiş, uzun müddət həm stasionar qaydada, həm də evdə yataq şəraitində müalicə almışdır. Məhkəmə hesab edir ki, iddiaçının səhhətinə dəymiş sözügedən xəsarət (uzun müddət hərəkət məhdudluğu, çoxsaylı müayinə və müalicələr və s.) nəticəsində onun stres, mənəvi sarsıntı və iztirab keçirməməsi mümkün deyil. Lakin məhkəmə hesab edir ki, mənəvi ziyana görə iddiaçının iddia etdiyi məbləğdə (10000 manat) pul ödənilməsi ağlabatan hesab oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh1 iddiaçıya vurulmuş mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (51 % hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 152 manat dövlət rüsumunun 78 manat hissəsi cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 baş vermiş hadisə nəticəsində iddiaçının sağlamlığına dəymiş ziyana görə 7474,72 (yeddi min dörd yüz yetmiş dörd manat yetmiş iki qəpik) manat, iddiaçıya qulluqla əlaqədar 2000 (iki min) manat və mənəvi ziyana görə 1000 (bir min) manat olmaqla, ümumilikdə 10474,72 (on min dörd yüz yetmiş dörd manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 78 (yetmiş səkkiz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar