Məhkəmə qərarları › İş №2(060)-6540/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6540/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6540/2025 05.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat məbləğındə pulun və ona vurduğu mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pulun, ödənilmış 129 manat dövlət rüsumunun, ümumilikdə 13129 (on üç min yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin alınıb, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, məişət avadanlıqları satışı ilə məşğuldur. Cavabdeh 3 ilə yaxındır ki, tanıyır. Hər zaman ondan məişət əşyaları alar, hər ayda pulunu hissə-hissə ödəyərdi. Bundan başqa ondan öz tanışları üçün də 2022-ci ildə məişət əşyaları almış, lakin pulunu özü ödəməyi söz vermişdir. Belə ki, həmin əşyalar üçün öz əşyaları ilə bərabər hər ay 300 manat olmaqla ödəmək barədə razılaşmışlar Lakin, sentyabr ayından səhhətində yaranmış problemlə bağlı o işdən çıxmış və həmin vaxtdan ona pul ödəməmişdir. Hazırda cavabdehin ona 12000 manat borcu vardır. Bu müraciəti xx.xx.2024-cü ildə Sumqayıt ŞPİ-nə etdiyi ərizə ilə müraciətdə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh ona 12000 manat borcu olduğunu etiraf etmişdir. Lakin Sumqayıt ŞPİ-nin TŞ-nin Polis Bölməsinin təhqiqatçısı polis polkovnik leytinantı X1 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 dekabr 2024-cü il tarixli qərarında öz əksini tapmışdır. Cavabdeh həmçinin ona mənəvi zərər də vurmuşdur. Çünki bu neçə il ərzində dəfələrlə onu aldatmış, hər dəfə qaytaracağına söz vermiş, vədinə əməl etməmiş, bu isə onun əsassız olaraq əsəb və stres keçirməyi ilə nəticələnmişdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11 2008-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitutsiyasını, “insan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında” Konvensiyanı, bu konvensiyaya dair Protokolları, mənəvi zərərın ödənilməsinı nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa insan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.

b) iddiaya etiraz

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh borcundan 100 manat ödəniş etmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. O, iddiaçıdan məişət əşyaları almış, pulunu sonradan ödəmişdir. Əvvəl borcunu vaxt-vaxtında ödəsə də, səhhəti ilə əlaqədar bir müddət işləyə bilmədiyi üçün iddiaçıya olan ödənişlərini edə bilməmişdir. Daha sonra yenidən işləməyə başlamış, ayrı-ayrı vaxtlarda 700 manat, 800 manat və 400 manat olmaqla iddiaçıya müəyyən qədər ödəniş edib borcunu azaltmışdır. Hətta borcunu qaytarmaq üçün gündə 16 saatlıq işdə də çalışmışdır. O, borcunu tam şəkildə birdəfəlik ödəyə bilmir. Himayəsində 2 uşaq var. Səhhəti ağır olduğu üçün davamlı olaraq işləyə bilmir. O, həmçinin iddiaçı müraciət edikdən sonra ona 100 manat da ödəniş etmişdir. 11900 manat borcunun qaldığını etiraf edir, borcunu ödəməkdən boyun qaçırmır. 3-cü qrup əlildir, 180 manat pensiya alır. Uşaqlarının birinə görə əvvəl aliment almış, lakin artıq uşağı yetkinlik yaşına çatdığından aliment də dayandırılmışdır. O, bir müddət kirayədə qalmış, lakin kirayə pulunu da ödəyə bilməmişdir. Daha sonra qonşusunun evində yaşamağa başlamışdır. İmkanı daxilində borcunu ödəyəcəkdir. O, iddianı mənəvi ziyan və dövlət rüsumu hissəsində qəbul etmir. Belə ki, o, iddiaçıya heç bir mənəvi ziyan vurmamışdır. Əksinə iddiaçı dəfələrlə onu və qızını hədələmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən NK-1/2273 saylı, xx.xx.2024-cü il tarixli material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir.

b) tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmə baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

10. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, şifahi alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçıya olan borcunu ödəməlidir.

11. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

12. Belə ki, məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər şifahi formada alqı-satqı müqaviləsi bağlamışdır. Mülki qanunvericiliyin alqı-satqı müqaviləsi ilə bağlı yaranan hüquq münasibətlərini tənzimləyən normalarında alqı-satqı müqaviləsinin hansı formada bağlanması ilə bağlı imperativ qaydanın nəzərdə tutulmaması müqavilənin şifahi formada bağlanılmasını istisna etmir.

13. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 2022-ci ildə hissə-hissə ödəmək şərti ilə məişət əşyaları vermiş, cavabdeh həmin məbləğin bir hissəsini ödəmiş, daha sonra üzərinə götürdüyü öhdəliyini icra etməmişdir.

14. Müvafiq məbləğdə borcun olması cavabdeh tərəfindən polis idarəsinin təhqiqat şöbəsində və məhkəmə iclaslarında etiraf edilərək öz təsdiqini tapmışdır.

15. İddiaçı ödənişlərdən sonra qalıq 12000 manatı tələb edir. Məhkəmə iclasında hər iki tərəfin izahatı ilə müəyyən edilmişdir ki, sözügedən məbləğdən məhkəmə icraatı gedişində 100 manat ödəniş edilmiş, hazırda qalıq borc 11900 manat təşkil edir ki, hansı ki bu məbləğ cavabdehdən tutulmalıdır.

16. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.

17. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

19. İddiaçı ərizəsində cavabdehin hərəkətləri nəticəsində iztirab və sarsıntılar keçirməklə mənəvi ziyana uğradığını bildirsə də, ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə iclasında da bu kimi hallar müəyyən edilməmişdir.

20. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğdə dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 117.39 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi:

21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 11900 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117.39 manat olmaqla, cəmi 12017.39 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar