Məhkəmə qərarları › İş №2(060)-6588/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6588/2022

23.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6588/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllə, ev 68, 25 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllə, ev 68, mənzil 25 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evə dair qeydiyyat vəsiqəsi verilmişdir. Ona məxsus qeyd olunan mənzildə formal olaraq xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Qeyd etdiyi şəxsi mənzilə qeydiyyata 2015-ci ildə formal olaraq, onun razılığı ilə düşmüşdür və qeyd edir ki, qızı Cavabdeh təkrar olaraq qeydiyyata düşsə də həmin vaxtan da, yəni, 2015-ci ildən orada yaşamayıb və bu gün də yaşamır. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Hazırkı iddia üzrə qeyd etdiyi şəxsin onun evində qeydiyyada olması onun evə olan hüquqlarının həyata keçirilməsinə maneəçiliklər yaratdığından qeyd olunan şəxsin ona məxsus evə olan istifadə hüquqlarına xitam verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək onun Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllə, ev 68, mənzil 25-dən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Sumqayıt şəhər Polis İdarəsinin 05 fevral 2022- ci il tarixli məktubu ilə ərizənin icrasında imtina olunaraq qeyd olunan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir. Bu səbəbdən də o, iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2- 1(118)-1272/2022 saylı qərarı ilə iddianı rədd edərək bildirdi ki, mülkiyyətdə olan yaşayış sahəsinə üçüncü şəxsin istifadə hüququnun itirilməsi ilə bağlı ümumi məhkəməyə müraciət olunmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllə, ev 68, 25 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən mənzil nənəsinin evi olub. 1990-cı ilə qədər o, sözügedən mənzildə qeydiyyatda olmuşdur. Sonradan onlar Şəki rayonuna köçmüşlər və o, 1994-cü ildə həmin rayonda ailə həyatı qurmuşdur. 2015-ci ildə boşanmış və qeydiyyatı olmadığı üçün anasından onu hazırki mənzilə qeydiyyata salmağı xahiş etmişdir. Ev nənəsindən qalma evdir. 2019-cu il tarixdə atası dünyasını dəyişəndən sonra sözügedən mənzildən çıxmışdır. O, evdə onun da payı var. Belə ki, onu məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülmüşdür. Bu səbəbdən iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X3 bildirdi ki, iddiaçı qonşusudur. İddiaçının bir oğlu və bir qızı o evdə yaşayıb. Leylanın sözügedən mənzildən gedib-getməməsi barədə onda məlumat yoxdur. İddiaçının uşaqlarını balaca vaxtı həmin mənzildə yaşadıqlarını görmüşdür. Məhkəmə İddiaçı, Cavabdeh və şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 68/38 nömrəli evin 25 nömrəli mənzili şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, məhəllə 26, ev 68/38-in sakinləri B.Şükürova, N.Hüseynova və E.Bəşirova qonşuları Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 68/38, mənzil 25-də yaşayan mənzil sahibi xx.xx.1950-ci ildə anadan olmuş, İddiaçı qızı xx.xx.1975-ci ildə anadan olmuş Cavabdeh ünvanda qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir, yəni 1990-cı il tarixindən qeyd olunan ünvanda yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 38/68, mənzil 25-də yaşayır. Cavabdeh qeydiyyatda olsa da yaşamır. İş materiallarında olan Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh bələdiyyənin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, S.Vurğun küçəsi, məhəllə 26, ev 68, mənzil 25-də qeydiyyatdadır. Məhkəmə cavabdehə münasibətdə də iddianı əsaslı hesab edir və bununla bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmazdan öncə qeydiyyatda olan şəxsdir. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatda olması iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh bələdiyyənin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır. Odur ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Həmin mənzildə yaşamaq üçün əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh mübahisə predmetinə daxil olan mənzili tərk etməklə uzun müddətdir ki həmin mənzilə yaşamır və həmin mənzildən istifadə etmir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamaması və həmin mənzildən istifadə etməməsi halları, yalnız onun başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilin yaşayış sahəsinə olan istifadə hüququ itirilməlidir. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunan normalardan çıxış edərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilərək, Cavabdeh Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllə, ev 68-də yerləşən, 25 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabeh Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllə, ev 68-də yerləşən, 25 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar