Məhkəmə qərarları › İş №2(060)-6589/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6589/2022

28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6589/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 2012-ci il tarixdən Sumqayıt Qaz İstismarı 9 saylı nəzarət xidmətində çalışdığını, işlədiyi müddətdə işlədiyi vəzifəyə əsasən ona əmək haqqına olan fərqin ödənilmədiyini, həmin fərqi ödəməməklə ona maddi və mənəvi zərər vurulduğunu, ona görər də məhkəmədən ona dəyən maddi zərərə görə 4210,50 manat, mənəvi zərərə görə 4000 manat, cəmi 8210,50 manat məbləğində pulun və ödənilən 102,10 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən iddia əmək haqqına olan əlavələrin ödənilməməsi ilə bağlı olduğundan, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin rəsmi ünvanı Bakı şəhəri, Xətai rayonu olmasına baxmayaraq İddiaçı tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Bu isə aidiyyət qaydalarının pozulması ilə bərabər, qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, iddia cavabdeh təşkilatın rəsmi qaydada qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu hallarda, həmin qaydalara əməl olunması işin ərazi üzrə aidiyyətinin müəyyən olunması və gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu isə qanunvericiliyin tələbinə uyğun olmamaqla, iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir (MPM 35.2). Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 152.1.3-cü maddəsinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, İddiaçı aidiyyət qaydaları və yuxarıda qeyd olunan tələblərə əməl etməklə iddia tələbinə cavab verməli olan cavabdehə (“Azəriqaz” İstehsalat Birliyinə) qarşı iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 102,10 (yük iki manat on qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 102,10 (yük iki manat on qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən (aidiyyət qaydalarına əməl etməklə) ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar