Məhkəmə qərarları › İş №2(060)-6599/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6599/2021

07.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6599/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X4, Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı mənzilin açıq hərracda satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cavabdehlə ümumi mülkiyyətlərində olan mənzilin açıq hərracdan satılaraq satış pulunun paylara mütənasib surətdə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər, 13-cü mikrorayon, ev 15, mənzil 65-də yerləşən mənzil dşınmaz əmlakın dövlət reyestrindən 07.04.2017-ci il tarixli çıxarışa əsasən cavabdehlə iddiaçının paylı mülkiyyətindədir. Həmin çıxarışa əsasən mənzilin sahəsi 23,8 kvadrat metr olan 2 otağı iddiaçının, sahəsi 11,9 kvadrat metr olan 1 otağı isə cavabdehin mülkiyyətindədir. İddiaçının cavabdehlə münasibətləri gərgindir, dəfələrlə cavabdeh və qardaşı tərəfindən iddiaçıya və valideynlərinə şər dolu ifitralar atılmış, onlardan prokurorluğa və məhkəməyə şikayətlər verilmişdir. Həmin evdə cavabdehlə birlikdə yaşamağı mümkün olmamışdır. Ona görə də birgə paylı mülkiyyətlərində olan mənzilin naturada bölünməsi iddiası ilə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının iddiası rədd edilmişdir. Paylı mülkiyyətlərində olan mənzilin naturada bölünməsinin mümkünsüzlüyü məhkəmə qətnaməsi əsasında müəyyən edilərək payların naturada bölünməsi iddiası rədd edildiyi üçün iddiaçı öz payının dəyərinin ödənilməsini digər mülkiyyətçi olan cavabdehdən tələb etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının həmin iddiasıda rədd edildi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehin bacısının nəvəsidir. Tərəflərin münasibətləri gərgindir, aralarında mübahisələr var. Bu səbəbdən onlar birgə yaşaya bilməzlər. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddiaçı onun bacısı nəvəsidir. Mənzil əvvəl atasının olmuş və atası öldükdən sonra mənzil birinci qrup əlil olan böyük bacısına qalmışdır. Mənzilin bir otağı cavabdehin, ikisi iddiaçının adına özəlləşdirilmişdir. O, mənzilin satılmasına etiraz etmir. Lakin, mənzilin qiyməti ilə bağlı iddiaçı ilə aralarında razılaşma əldə edilməyib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, iddiaçı 18.03.1997-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 21.10.1957-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1-in 23,8 kvadrat metr sahəsi olan olan iki yaşayış otağı iddiaçının, 11,9 kvadrat metr sahəsi olan 1 yaşayış otağı isə cavabdehin mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(060)-150/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı ünvan 1-in naturada bölünməsi barədə ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək cavabdehin həmin mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(060)-692/2021 saylı qətnaməsi iləiddiaçının cavabdehə qarşı paylı mülkiyyətdə payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" MMC-nin 08.10.2021-ci il tarixli qiymətləndirmə barədə hesabatında Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 15, mənzil 65-in bazar dəyəri 57 000 manat, likvid dəyəri 48 500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşdən göründüyü kimi ünvan 1 tərəflərin paylı mülkiyyətindədir. Mənzil üzərində tərəflərin payları hissəvi deyil, sahə ölçüsü ilə müəyyən edilmişdir. İddiaçı əvvəlcə mənzilin naturada bölgüsü barədə, daha sonra isə payın dəyərinin ona ödənilməsi barədə iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və iddiaları məhkəmə tərəfindən təmin edilməmişdir. Yəni, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmiş ardıcıllığa riayət etmiş və bundan sonra mənzilin satılaraq satış pulunun tərəflər arasında bölünməsi barədə iddia qaldırmışdır. Bu8 səbəbdən məhkəmə iddia tələbini əsaslı hesab edir. Eyni zamanda mənzilin üç otaqdan ibarət olan yaşayış sahəsinin 2 otağı (23,8 kv.metr) iddiaçının, 1 otağı (11,9 kv.metr) isə cavabdehin mülkiyyətindədir. Yəni, hissəvi götürdükdə yaşayış sahəsinin 2/3 hissəsi iddiaçının, 1/3 hissəsi isə cavabdehin mülkiyyətindədir. Müstəqil qiymətləndirici tərəfindən mənzilin bazar dəyəri 57000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 açıq hərracda satılmalı, mənzilin ilkin satış qiyməti 57000 manat müəyyən edilməli, mənzilin satışından əldə edilmiş vəsaitin 2/3 hissəsi iddiaçıya, 1/3 hissəsi isə cavabdehə verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 açıq hərracda satılsın. Satışdan əldə edilmiş pulun 2/3 hissəsi iddiaçı X2, 1/3 hissəsi isə Cavabdeh verilsin. ünvan 1-in ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar