Məhkəmə qərarları › İş №2(060)-660/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-660/2024

19.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-660/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 45 saylı evin 6-cı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, 45 saylı evin 6-cı mənzili ona xx.xx.2006-cı il tarixli, 140 №-li Order əsasında verilmişdir. Mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaxın qohumlarıdır. Cavabdehlər 1998-ci ildən mənzildən çıxıb getmişlər. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən ev onun ata mülküdür. Onun həmin evə qarşı heç bir iddiası olmamışdır. O, 1998-ci ilə kimi həmin evə yaşamışdır. 1998-ci ildən həmin evdən çıxmışdır. Hazırda onun özünə məxsus evi var. Lakin həmin evin rəsmi sənədləri yoxdur. O, Bələdiyyə sənədi ilə ona verilmiş torpaqda ev tikmişdir. Qardaşı evi özəlləşdirib onları qeydiyyatdan çıxartmaq istəyir. O, bununla razı deyildir. Onun və ailəsinin qeydiyyata düşməyə yeri yoxdur. Onlar qeydiyyatdan çıxarsa qeydiyyatsız qalacaqlar. O, evin özəlləşdirilməsinə razı deyildir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh4 iddia tələbini qəbul etməyərək bildirdi ki, onların qeydiyyata düşmək üçün başqa yerləri yoxdur. O, evin iddiaçının adına özəlləşdirilməsinə razı deyildir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Xətai küçəsi ev 45-in sakinləri E.A.Ağayev, İ.Ə.Balaqardaşov və H.Ə.Qasımova H.Zeynalabdin qəsəbəsi Xətai küçəsi, ev 45, mənzil 6-da yaşayan İddiaçı qeyd ünvanda yaşayır və qeydiyyatdadır, lakin onun qardaşı X1, qardaşı oğlu Cavabdeh1 Tanrıverdi oğlu, qardaşı qızı Cavabdeh2 və qardaşının həyat yoldaşı Cavabdeh4 uzun müddətdir yəni 1998-ci il tarixdən qeyd ünvanda yaşamadığını özü imzaları ilə təsdiq etmişlər. İşə əlavə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, ev 45, mənzil 6-da qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşüdürülməsi və dəyişdirilməsi şöbəsi xx.xx.2006-cı i tarixli 140 nömrəli “Order”in surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 45, mənzil 6 order əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizələrindən görünür ki, onlar hal-hazırda qeydiyyatda olduqları H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, ev 45, mənzil 6 ünvanında qeydiyyatdan çıxmağa razı deyildirlər. Məhkəmə cavabdehlərə münasibətdə də iddianı əsaslı hesab edir və bununla bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, sözügedən mənzil order əsasında iddiaçıya məxsusdur. Mənzildə cavabdehlərə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatda olmaları iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamışdır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci abzasına əsasən, icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı 12 mart 1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 və qeyriləri 1998-ci ildən mübahisəli evi daimi olaraq könüllü şəkildə tərk ediblər və daimi yaşamaq üçün Sumqayıt şəhər, 5-ci qəsəbə, 11 saylı evə köçüb orada yaşayırlar. Həmin bağ evi Cavabdeh1 tərəfindən inşa edilmişdir, lakin ev özbaşına tikili oldugu üçün həmin tikiliyə sənəd ala bilməmişlər və formal olaraq iddiaçıya məxsus olan evdə qeydiyyatda qalmışlar. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər mübahisə predmetinə daxil olan mənzili tərk etməklə uzun müddətdir ki həmin mənzilə yaşamırlar və həmin mənzildən istifadə etmirlər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşamaması və həmin mənzildən istifadə etməməsi halları, yalnız onların başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə izah oluna bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 45 saylı evin 6-cı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar