Məhkəmə qərarları › İş №2(060)-6605/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6605/2024

11.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6605/2024 11.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi,Əfəndiyev küçəsi,ev 12/3,mənzil 9-a olan istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Əfəndiyev küçəsi,bina 12/3-də yerləşən 9 saylı mənzildir. Bu mənzil 01/147 saylı 16 iyun 1978-ci il tarixli orderə əsasən onun anası X2 ayrılmış və həmin orderdə ailə üzvü kimi onun da adı qeyd olunmuşdur. Anası xx.xx.2017-ci ildə dünyasını dəyişmişdir. Cavabdeh onun qardaşıdır. O, 1997-ci ilin noyabr ayından bu ünvanı tərk etmiş, daimi olaraq köçüb getmiş və həmin vaxtdan onlarla əlaqəsini kəsmişdir. Cavabdeh 27 ildən artıq bu mənzildə yaşamadığı üçün o mənzilə olan istifadə hüququnu itirmişdir. O, həmin mənzilə dair orderdə adı olan ailə üzvü kimi bu mənzili özəlləşdirmək istəyir, lakin cavabdehin mənzilə hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmə aktı olmadığı üçün bu hüququ həyata keçirə bilmir. Cavabdeh 27 ildən artıq müddətdə bu mənzili tərk etmiş və 27 ildir Rusiya Federasiyasına köçməklə orada yaşayır, onun bu mənzilə ehtiyacı aradan qalxmış və bu səbəbdən də, cavabdehin miibahisəli mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onun qardaşıdır. Qardaşının harada olduğunu bilmədiyi üçün onu axtarmamışdır. Hazırda evi öz adına sənədləşdirmək üçün qardaşının istifadə hüququna xitam verilməsini istəyir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, o, iddiaçının qonşusudur. İddiaçı birinci mərtəbədə, o isə ikinci mərtəbədə yaşayır. Həmin binada 1990cı ildən yaşayır. O, həmin binaya köçəndə iddiaçı mübahisəli evdə yaşayırdı. İddiaçının qardaşı işləmək adı ilə evi tərk edib gedib, lakin onun hara getdiyini dəqiq bilmirlər. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Çingiz 1996-cı ildə xaricə işləməyə getmişdir, lakin sonra qayıtmamışdır. Onun harada olduğunu bilmirlər. Bir dəfə onunla bağlı məlumat öyrənməyə çalışsalar da, bu mümkün olmamışdır. Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişlərin üzərinə “Həmin ünvanda yaşamaması” barədə poçt qeydi qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ-İ 868059 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 665 nömrə ilə qeyd edilmişdir. İşdə olan İ-JQ 489927 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 416 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan 01/147 saylı 16 iyun 1978-ci il tarixli orderin surətindən görünür ki, ünvan 1 X4 və onun ailə üzvlərinə ayrılmışdır. İşdə olan qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 1997-ci ilin noyabr ayından etibarən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi,Əfəndiyev küçəsi,ev 12/3,mənzil 9 ünvanında yaşamır. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 01/147 saylı 16 iyun 1978-ci il tarixli orderə əsasən X4 (iddiaçının anası) və onun ailə üzvlərinə ayrılmışdır. X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı qeyd edilən tarixdən mübahisəli evdə yaşayır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X11rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdeh mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, cavabdehin 1997-ci ildən sözügedən mənzildə yaşamaması iddiaçının izahatı, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Digər tərəfdən cavabdeh mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, o bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1-a olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Əfəndiyev küçəsi, ev 12/3, 9 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıveriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar