Məhkəmə qərarları › İş №2(060)-6636/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6636/2021

23.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6636/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və Maraqlı şəxs iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Maraqlı şəxs qarşı «çıxarışların etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı, 0.2294 ha bağ sahəsinə Maraqlı şəxs adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 1961-ci ildə Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı bağ sahəsi (0.2294 ha) almışdır. Həmin bağ sahəsinə 13.04.2012-ci il tarixdə, № **********, reyestr № **********56, seriya MA № ******* olan Çıxarış alınmışdır. DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsindən qeyd etdiyi torpağın ilkin özəlləşdirilməsinə dair toplanmış və cavabdehə təqdim olunmuş bütün sənədlərin surətlərinin ona verilməsini və həmçinin sonradan addan ada keçirilməsinə dair şəxslər barədə ona yazılı məlumat vermələrini xahiş etmişdir. Vəkil sorğusu tələb etdilər. Həmin sorğuya 02 mart 2020-ci il tarixli **********79 saylı cavabda bildirilir və görünür ki, ona məxsus bağ sahəsinə 21 avqust 1985-ci il tarixli 1656 nömrəli icarə müqaviləsi və Azərbaycan Respublikasının Dövlət Xəritəçəkmə Komitəsinin 28.07.2010-cu il tarixli 3482 nömrə ilə uçota alınmış AN 278392 seriyalı torpaq sahəsinin planı və ölçüsünə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 1968 nömrəli 0.2294 ha bağ torpaq sahəsi üzərinə İddiaçı tam mülkiyyət hüququ 13.04.2012-ci il tarixli, № ********** nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. O, bildirmək istəyir ki, onun tərəfindən heç vaxt özəlləşdirmək üçün heç bir yerə müraciət etməmiş və bunun üçün hər hansı bir şəxsə etibarnamə və yaxud vəkalətnamə verməmişdir. Həmçinin o, həmin ünvanda-1968 nömrəli bağ sahəsini 1961-ci ildə almışdır. DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə ona verilmiş vəkil sorğusunun cavabı üçün narazılığını bildirdikdə cavab verdilər ki, yalnız məhkəmənin sorğusu olduqda bütün sənədlərin surətləri məhkəməyə verilə bilər. Hesab edir ki, dövlət qeydiyyatına alınma tərəfindən aparılmadığı üçün hər hansı bir saxtakarlığa yol verilmişdir. Bu səbəbdən qeyd etdiyi çıxarış etibarsız hesab edilməlidir və ondan sonra hər hansı bir özgəninkiləşdirmə etibarsız hesab olunmalıdır. O, 2012-ci ildə ağır xəstəlik keçirmişdir. Bu səbəbdən qardaşı oğlu Maraqlı şəxs onu notariat kontoruna apararaq ondan müqavilə bağlamağı xahiş etmiş və bildirmişdir ki, hər hansı xəstəlik və ağırlaşma baş verərsə və ümumiyyətlə çətin günlərində onu tək qoymayacaq və ona zəruri maddi və mənəvi köməkliyini göstərəcəkdir. Hətda o, öz aralarında ona baxmayacağı halda ona məxsus bağı geri qaytaracağını nəzərinə çatdırmışdır. O, qardaşı oğluna inanmışdır. Bir il yarımdan çoxdur ki, o, yeriyə bilmir. Ayağı sınıb və yaşı ilə bağlı sağalma prosesi demək olar ki, getmir. Hazırda maddi və mənəvi yardıma ehtiyacım var. Qardaşının oğlu Mahir isə heç zəng belə vurmur. Səkkiz aydan artıqdır ki, o, cavabdehə əbəs yerə inandığını anlamış və hesab edir ki, bu müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı, 0.2294 ha bağ sahəsinə Maraqlı şəxs adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil Babalı oğlu məhkəmədə iştirak edən zaman İddiaçı izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Maraqlı şəxs iddia tələbini qəbul etməyərək göstərdi ki, 1962-ci ildə iddiaçı müəllimə işlədiyi üçün dövlət tərəfindən onlara torpaq sahələri atası Şəfiqəyə müraciət edərək, torpaq sahəsini almasını xahiş etmiş və Şəfiqədə onlar üçün torpaq sahəsi almışdır. Şəfiqəni müəllimə kimi işə atası düzəltdirmişdir. Həmin torpaq sahəsində atası tərəfindən tikili həyata keçirilmişdir. Atası öləndən sonra sözügedən bağ sahəsində tikinti işlərini o davam etdirmişdir. Atasının mülkiyyətində sağ ikən iki bağ olub. Bir bağı atası öləndən sonra satıb pulunu qardaşları arasında bölmüşlər. Sözügedən bağ həmin dövrdə faktiki onların istifadəsində olmuş və atası sağ ikən bibisi Şəfiqə öz adına özəlləşdirmiş və 2012-ci il tarixdə könüllü olaraq ona bağışlamışdır. Atası öləndən sonrada, onun iddiaçı ilə münasibəti normal olmuşdur. Son iki ildə münasibətləri pisləşmiş, buna səbəb kimi isə bibisi Şəfiqənin heç bir əsas olmadan onun barəsində polisə şikayət etməsi olmuşdur. Hazırda hesab edir ki, ilk öncə iddiaçı iddia tələbi üzrə müddəti ötürmüş və əlavə olaraq, bağışlanma müqaviləsinin bağlanmasına heç bir qanunsuzluğa yol verilməmişdir. Əlavə olaraq, o, Mübariz adlı şəxsə pul borcu olduğu üçün sözügedən torpaq sahəsini pul əvəzi həmin şəxsə vermiş və hazırda kimin mülkiyyətində olması barədə onda məlumat yoxdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil Babalı oğlu və Maraqlı şəxs izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02.03.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 1968 nömrəli 0.2294 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ ilə 13 aprel 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun 4Ə-1417 reyestr nömrəli 20 oktyabr 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Maraqlı şəxs adına özgəninkiləşdirilmiş, əmlak üzərində sonralar üç dəfə özgəninkiləşmə əməliyyatı aparılmışdır. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin 20.10.2012-ci il tarixli, 4Ə-1417 saylı notariat işinə əlavə edilmiş 20 oktyabr 2012-ci il tarixli “Bağışlama müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 20.10.2012-ci il tarixli 14/5764 nömrəli arayışa və 13.04.2012-ci il tarixli qeydiyyat № ********** reyestr № **********56, seriya MA № ******* olan çıxarışa əsasən ona məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanda yerləşən 0.2294 ha sahəsi olan bağ torpaq sahəsini qardaşı oğlu Maraqlı şəxs bağışlamışdır. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin 20.10.2012-ci il tarixli, 4Ə-1417 saylı notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 1968 nömrəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02.03.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanda yerləşən 1968 nömrəli, 0.2294 ha bağ torpaq sahəsi Sumqayıt XDS İcariyyə Komitəsinin nəzdində olan bağ təsərrüfatı idarəsinin verdiyi “bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə" 21.08.1985-ci il tarixli, 1656 nömrəli icarə müqaviləsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 29.07.2010-cu il tarixli, 3482 nömrə ilə uçota alınmış A№ 278392 seriyalı torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı adına qeydiyyata alınmış və 13.04.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat kontorunun təsdiq etdiyi 20.10.2012-ci il tarixli, 4Ə-1417 reyestr nömrəli bağışlama müqaviləsi əsasında torpaq sahəsi Maraqlı şəxs adına qeydiyyata alınmış və 24.10.2012ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 30.06.2016-cı il tarixli, 4Ə-2223 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi X4 adına qeydiyyata alınmış və 08.07.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 18.03.2018-ci il tarixli, 2V-125 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsi X5 adına qeydiyyata alınmış və 05.04.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08.09.2018-ci il tarixli, 4Ə-3204 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən 0.2294 ha torpaq sahəsinin 0.10 ha hissəsi X2 adına qeydiyyata alınmış, yerdəqalan 0.1294 hissə üzərində isə X5 mülkiyyət hüququ qeydiyyata alınaraq 16.10.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 30.06.2016-cı il tarixli, 4Ə-2223 saylı notariat işinə əlavə edilmiş AN-İ №0561363 saylı, 30.06.2016-cı il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, Maraqlı şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 1968 ünvanında yerləşən ümumi sahəsi 0.2294 ha olan torpaq sahəsini 30000 (otuz min) manata X1. İş materiallarında olan Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin 30.06.2016-cı il tarixli, 4Ə-2223 saylı notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 1968 nömrəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, ev 37, mənzil 6-da qeydiyyatdadır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (339.1). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.3). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4). Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir (339.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlanmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2.2-ci maddəsinə əsasən vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyəalan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyə qaytarmağa borcludur. Məhkəmə bu normalardan çıxış edərək və işin araşdırılması nəticəsində belə qənaətə gəlir ki, barəsində mübahisə edilən torpaq sahəsinin X6 tərəfindən Maraqlı şəxs bağışlanması barədə bağışlama müqaviləsi, habelə daşınmaz əmlakın Dövlət reyestrində 48 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Maraqlı şəxs adına aparılmış qeydiyyatın və 24.10.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə heç bir hüquqi əsas yoxdur. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir (bənd 1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan isə müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Maraqlı şəxs arasında mübahisəli torpaq sahəsinə dair olan bağışlanma müqaviləsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlərə əməl edilməklə həyata keçirilmiş və alqı-satqının nəticələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əməl olunmaqla bağışlanma müqaviləsi yalnız formal mülahizələrə əsasən etibarsız hesab oluna və müvafiq olaraq həmin müqavilə əsasında verilmiş çıxarış etibarsız hesab edilə bilməz. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Maraqlı şəxs qarşı “Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı, 0.2294 ha bağ sahəsinə Maraqlı şəxs adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar