Məhkəmə qərarları › İş №2(060)-665/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-665/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-665/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən onun cinayət əməli nəticəsində iddiaçıya dəymiş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində təzminatın və dövlət rüsumu kimi köçürdüyü vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qonşusudur. O, xx.xx.2021-ci ildə iddiaçının yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 11/17 saylı binanın qarşısında bir əli ilə onun sağ qolunu tutub geriyə doğru burub digər əli ilə sağ əlini sıxmış, daha sonra iki əli ilə boğaz nahiyyəsindən tutaraq boğmuş, saçını yolmuş, üz və sifət nahiyyəsinə sillə ilə ardıcıl zərbələr endirməklə ona burun-udlaq (qırtlaq) yollarında selikli qişanın, yumşaq toxumaların travması fonunda şişkinliyi, ödemi, sağ almacıq nahiyyənin, sağ bazunun aşağı səthinin 1/3-nin iç səthinin, sağ əlin V barmağın dırnaq falanqasının arxa səthinin qançırları, boynun ön səthinin orta 1/3-də 2 ədəd sıyrıqlar, sol almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi xəsarətlər yetirmişdir. Bu xəsarətlər də xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər kimi qiymətləndirilmişdir. Cavabdeh barəsində cinayət işi qaldırılmış və o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)- 341/2021 saylı qərarına əsasən barəsində amnistya tətbiq olunaraq cavabdeh cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh bu qanunsuz əməlləri ilə ona maddi ziyan vurmuşdur. Belə ki, o, aldığı xəsarətlərlə bağlı dəfələrlə həkim müayinələrində olmuş, dava-dərmanlar almış, uzun müddət müalicələr qəbul etmişdir. Həmin müalicələr bundan sonra da davam etməlidir. Belə ki, boğulmadan sonra iddiaçının səs tellərinə ciddi zərər dəymiş və ümumilikdə bu müalicə-müayinə xərcləri, döyülmə zamanı zədə almış çeçələ barmağı əməliyyat olunaraq əvvəlki vəziyyətə qaytarılması üçün tələb olunan 700 manat vəsait də nəzərə alınsa, ümumilikdə bu xərclər 3000 manar təşkil edir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdeh onun qonşusudur. Cavabdeh səbəbsiz yerə onu döyüb, təhqir edib. Müvafiq məhkəmə qərarı ilə də bu hal öz təsdiqini tapıb. O, döyülmədən sonra həmçnin psixoloji travma almışdır. Fiziki xəsarətlərlə yanaşı dəfələrlə həkim nevropatoloqun yanında müalicə almışdır. Həmin müayinə və müalicələrə təxminən 3000 manata yaxın pul xərcləmişdir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyana məruz qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı onun qonşusudur. Həmin binada yaşayan bütün sakinlər iddiaçıdan narazıdır və bu halı təsdiq edən video-diski məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı hər gün binanın müxtəlif sakinləri ilə dava dalaş salır. İddiaçının məhkəmələrdə oxşar tələblər üzrə müxtəlif işləri olub, müxtəlif şəxslərə böhtan ataraq onlardan pul alıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1966-cı ildə, Tərtər rayonu, Leninabad kəndində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-341/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən cavabdeh barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o, cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində olan iş üzrə icraata xitam verilmiş və cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-430/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən cavabdeh barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(060)-341/2022 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına video-disklər əlavə olunmuşdur. İddiaçı tərəfindən iş materiallarına resept blankları və tibbi müayinələrə dair sənədlər əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iddiada iddiaçı cavabdeh tərəfindən döyülərək fiziki zədələrə məruz qaldığını, sağlamlığının bərpası üçün xərclər çəkdməsi nəticəsində maddi ziyana, həmçinin cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi ziyana məruz qaldığını bildirir. Qeyd edilməlidir ki, öncə cavabdehin təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçıya ziyan vurulması sübut edilməlidir. Mülki Məcəllədə qeyd edilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-341/2022 saylı qərarında cavabdehin iddiaçıya qarşı törətdiyi əməlin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edildiyi, cavabdehin həmin maddə ilə təqsirli olduğu qeyd edilmiş, cavabdehin barəsində amnistya aktı tətbiq edilərək cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-430/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi cavabdehin iddiaçıya qarşı təqsirli və hüquqazidd əmələ yol verməsi cinayət işi üzrə qanuni qüvvəyə minmiş qərarla öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı cavabdehin həmin əməli nəticəsində iddia ərizəsində göstərilən məbləğdə maddi ziyana uğradığını sübut etməlidir. Öz tələbinin sübutu kimi iddiaçı məhkəməyə resept blankları və tibbi müayinəyə dair sənədlər təqdim etmişdir. Öncə qeyd edilməlidir ki, iddiaçının cavabdeh tərəfindən döyülməsi hadisəsi 2021-ci ilin aprel ayında baş versə də iddiaçı tərəfindən təqdim edilmiş resept blanklarının bir çoxu 2022-ci ilə aiddir. Belə ki, hadisədən 1 ildən çox müddət keçdikdən sonra istifadə olunan dərman pereparatlarının məhz iddiaçıya cavabdeh tərəfindən yetirilmiş fiziki xəsarətlə bağlı istifadə olunması qənaətinə gəlmək çətindir. Eyni zamanda reseptlərdə dərman pereparatlarının qiymətləri, istifadə təyinatları kimi məlumatların mövcud olmaması da həmin pereparatların məhz iddiaçıya cavabdeh tərəfindən yetirilən xəsarətlərlə bağlı istifadə olunmasını sual altında qoyur. Həmçinin tibbi müayinə sənədlərindən də görünür ki, həmin sənədlər 2022-ci ilə aiddir və məlum hadisənin nəticəsində aparılmaları müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı ona maddi ziyan vurulması barədə idddiasını sübuta yetirə bilmədiyi üçün iddia maddi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz. Mənəvi zərərin tutulması ilə bağlı tələbə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə hesab edir ki, cavabdehin qanuna zidd əməli nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmışdır. Buna görə də ona vurulmuş mənəvi zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı buna görə cavabdehdən 3000 manat pul tələb etsə də, məhkəmə həmin məbləğin ağlabatan məbləğdə, yəni 700 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Bu səbəbdən iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 70 manat dövlət rüsumunun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 700 (yeddi yüz) manat məbləğində mənəvi zərərin əvəzi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar