Məhkəmə qərarları › İş №2(060)-671/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-671/2021

17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-671/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin “Liman Klinikası”na və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC-nin “Liman Klinikası”na və həkim Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin “Liman Klinikası”ndan vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin, həmçinin cavabdeh həkim Cavabdeh2 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı görmə qabiliyyətimin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə 22 sentyabr 2014-cü il tarixində X3 adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada görmə orqanları müayinə olunuqdan sonra ona "OU - Hipermetriya orta dərəcəli" diaqnozu qoyulub və müvafiq müalicə təyin edilib. Lakin zaman keçdikcə görmə qabiliyyətimin daha da zəifləməsi, kəskinliyin daha da azalması, vizual sahənin daha da daralması, səhər və axşam saatlarında başının alın və gicgah nahiyələrində baş verən küt ağrılar şikayəti ilə 11 aprel 2017-ci il tarixində “Liman Klinikası”nda çalışan həkim-oftalmoloq Cavabdeh2 müraciət etmişdir. Həkim Cavabdeh2 onun gözlərini müayinə edibvə təcili cərrahiyyə əməliyyatının zəruriliyini bildirib. Onun dediyinə görə iddiaçının sol gözü uşaqlıqdan “tənbəl gözdür” (ambliopiya) və artıq müalicə oluna bilməz. Sağ gözündə isə görmə qabiliyyətim 50-60 %-dir, keçirəcəyi cərrahiyyə əməliyyatından sonra görmə qabiliyyətimi tam bərpa edəcək və həmin gözdəki gərginlik aradan qaldırıldıqdan sonra baş ağrıları da kəsiləcək. İddiaçının bacısı oftalmoskopiya, MRT və sair yoxlamaların aparılıbaparılmayacağı barədə soruşanda, həkim Cavabdeh2 belə bir yoxlamalara ehtiyac olmadığını bildirib. İddiaçı üzərində 23 aprel 2017-ci il tarixində "OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" əməliyyatı aparılıb və əməliyyatdan çıxandan sonra həkim Cavabdeh2 əməliyyatın çox uğurla keçdiyini bildirib. Əməliyyatdan öncə həkim Cavabdeh2 iddiaçıya bu əməliyyatın çox sadə əməliyyat olacağını və əməliyyatdan sonra 3-4 aya sağalacağını bildirsə də, bu belə olmayıb. Belə ki, əməliyyatdan sonra iddiaçının görmə qabiliyyəti bərpa olunmur və baş ağlıları kəsilmirdi. Dövri olaraq həkim qəbuluna gələrək, vəziyyətimin əməliyyatdan sonra getdikcə daha da ağırlaşdığını bildirdikdə, həkim Cavabdeh2 narahat olmağa heç bir əsas olmadığını, təyin etdiyi dərman müalicəsini davam etdirməyi, zaman keçdikcə sağalacağını bildirərək, idiaçını sakitləşdirirdi. Əməliyyatdan 9 aydan çox vaxt keçsə də iddiaçı əməliyyatdan öncəki şikayətlərinin keçmədiyini və daha da artdığını gördükdə, 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Hərbi Hospitalında çalışan həkimoftalmoloq Anar Rəhimov onu müayinə edib və bildirib ki, aparılmış "OD - kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL implantasiyası" cərrahiyyə əməliyyatının ona heç bir köməyi ola bilməzdi. Belə ki, gözləri ilə əlaqədar onun heç bir problemi yoxdur və təcili MRT yoxlamasından keçməlidir. Beləliklə, həkim-oftalmoloq Anar Rəhimovun göndərişinə əsasən 13 mart 2018-cı ildə "MedEra Hospital" a müraciət etmiş, burada həkim-radioloq X5 X1" və "Orbital X1" müayinələrini keçirərək iddiaçıya bildirmişdir ki, beynində türk yəhəri nayihəsində meningioma vardır və bu xoşxassəli törəmənin ölçüləri artıq 40x40x30 mm-ə çatmışdır. Beynindəki bu meningioma zaman keçdikcə böyümüş, görmə sinirlərini və digər ətraf sinirləri sıxmış, nəticədə həmin sinirlər zədələnmiş, baş ağrıları artmış, ümumiyyətlə həyatına təhlükə yaranmışdır. Bütün bunlar onunla nəticələnib ki, yol verilmiş həkim səhvi nəticəsində səhhətində yaranmış problemlə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında ona İ qrup əlillik təyin edilib. Əlilliyin təyin olunması üçün müayinə olunduğu Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi tibb üzrə fəlsəfə doktoru Ruhəngiz Balayeva da əməliyyatdan öncə zəruri olan müayinələrin keçirilməməsi səbəbindən onkiloji yeni törəmənin aşkar edilməməsi, uzun sürən təsir nəticəsində "OU - görmə sinirlərinin atrofiyası" diaqnozu qoymuşdur. Cavabdeh1 MMC-nin “Liman Klinikası”na məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq “Liman Klinikası” məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, həkim Cavabdeh2 əməliyyat etməzdən əvvəl xəstənin göz dibinin müayinəsini keçirməli, daha sonra əməliyyat etməli idi. Həmin müayinə keçirilsəydi iddiaçıdan meningioma olduğu müəyyən edilərdi. İddiaçı Səhiyyə Nazirliyinə müraciət edib və Nazirliyinin göndərişi əsasında X3 adına Milli Oftalmologiya Mərkəzində iddiaçı müayinə olunub və 5 nəfər həkimdən ibarət komissiya tərəfindən konsiliumun nəticəsi barədə rəy verilib. Lakin, həmin rəy iddiaçıya təqdim edilməyib. Cavabdeh Cavabdeh2 Səhiyyə Nazirliyi tərəfindən tanınmış beynəlxalq tibbi protokollara əməl etməyib. O, müayinəni səhv aparıb və iddiaçıya səhv diaqnoz qoyub. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyindən də görünür ki, Cavabdeh2 tərəfindən iddiaçıya düzgün diaqnoz qoyulub. Belə olan halda cavabdehin üzərinə iddiaçıya maddi və mənəvi ziyan vurulması ilə bağlı hər hansı öhdəlik qoyula bilməz. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci ildə, Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. İşin məhkəmə baxışı zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Cavabdeh1 MMC-nin «Liman Klinikası» tərəfindən tərtib edilmiş 23 aprel 2017-ci il tarixli epikrizə əsasən İddiaçı «OUkomplikat katarakta» diaqnozu qoyulması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş «Kliniki protokollara» əsasən ən zəruri müayinələr ceçirilmişdirmi və qoyulmuş diaqnoz düzgündürmü? 2. «MedEra Hospital» tərəfindən tərtib edilmiş 10 mart 2018-ci il tarixli Beyinin MRT müayinəsinə dair Diaqnostika nəticə hesabına əsasən İddiaçı «Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə-meningioma» diaqnozu qoyulanadək «Liman Klinikası»nın həkimi Cavabdeh2 xəstəliyin inkişafını (proqressiyasmı) dayandıra bilərdirmi və bunun üçün hansı tədbirləri görülməli idi? 3. Xəstə İddiaçı hazırda görmə qabiliyyətinin itirməsi Liman Klinikası»nın həkimi Cavabdeh2 qoyduğu «OU-komplikat katarakta» diaqnozu nəticəsində baş verə bilərdirmi? 4. Cavabdeh1 MMC-nin «Liman Klinikası» tərəfindən tərtib edilmiş 23 aprel 2017-ci il tarixli epikrizə əsasən İddiaçı «OU-komplikat katarakta» diaqnozunun qoyulması və keçirilmiş müvafiq müalicə nəticəsində xəstənin sağlamlığına, digər daxili orqanlarına və gələcək həyat keyfiyyətinə vurulmuş zərərin dərəcəsi hansı səviyyədədir? İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin 17.03.2021ci il tarixli, 601 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı 11.04.2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı 10.03.2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəməmeningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyil. İddiaçı təsdiq olunmuş “Sellar nahiyyədə meningioma diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə «Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzədə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (1112). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iddianın təmin edilməsi üçün iddiaçıya “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edilməməsi, “Liman” Klinikasında aparılmış müayinə nəticəsində Cavabdeh2 iddiaçının beynində patalogiyanın olmasını aşkar etməli olduğu halda bunu etməməsi, iddiaçıda sonradan aşkar edilmiş “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə-meningioma”nın Cavabdeh2 tərəfindən iddiaçı üzərində aparılmış cərrahiyyə əməliyyatı və müalicələrin səhv aparılması nəticəsində yaranması və ya daha da irəliləməsi sübut edilməlidir. İş üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyində isə iddiaçıya “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edildiyi, göz müayinəsi zamanı baş beyində hər hansı patalogiyasnı aşkar etməyin mümkün olmadığı, “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə-meningioma”nın “Liman” Klinikasında təyin edilmiş “OU komplikat katarakta” diaqnozu və aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual məcəlləsinə (bundan sonra - MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Göründüyü kimi iddiaçıya maddi və mənəvi ziyanın məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulması iş materialları ilə sübut edilmir. Bu səbəbdən iddia maddi ziyanın tutulması hissəsində əsaslı sayıla və təmin edilə bilməz. İddiaçıın nümayəndəsi tərəfindən 16.07.2021-ci il tarixində məhkəməyə daxil olmuş vəsatətdə X3 adına Milli Oftalmologiya Mərkəzində aparılmış 19.05.2021-ci il tarixli konsiliumda tərtib edilmiş rəyin alınması üçün sorğu göndərilməsi xahiş edilmişdir. Vəsatətə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmiş və Nazirlik tərəfindən 17.05.2021-ci il tarixli məktubla ərizə araşdırılması üçün X3 adına Milli Oftalmologiya Mərkəzinə göndərilmişdir. İddiaçı tərəfindən X3 adına Milli Oftalmologiya Mərkəzində hər hansı konsiliumun keçirilməsi və rəy verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən vəsatət təmin edilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında təqdim edilmiş vəsatətdə sağlamlığın pozulması ilə bağlı iddiaçının əlavə çəkdiyi keçmiş və gələcək xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə və digər məsələlərə çəkilmiş xərclərin cavbdehlər tərəfindən iddiaçıya ödənilməsi xahiş edilmişdir. Həmin vəsatətdə hər hansı konkret prosessual hərəkətin edilməsi nəzərdə tutulmadığından məhkəmə ərizəni iddia tələbinin aydınlaşdırılması barədə ərizə kimi qəbul edərək ona hər hansı münasibət bildirməmişdir. Mənəvi zərərlə bağlı qeyd edilməlidir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi onunun maddi ziyanla bağlı tələbinə əsaslandığından və iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan vurulması müəyyən edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində də təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin “Liman Klinikası”na və həkim Cavabdeh2 qarşı Cavabdeh1 MMC-nin “Liman Klinikası”ndan vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin, həmçinin cavabdeh həkim Cavabdeh2 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 79136 manat məbləğin tutularaq iddiaçıya verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar