Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6734/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, sonuncunun uşaqları X1 və Şıxkərimova Mədinə Teymur qızının onun mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 21/29 saylı evin 45 saylı mənzilindən çıxarılması, mənzilə görə ödəmədikləri 750 manat kirayə haqqının və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, iddianın 750 manat kirayə haqqının tutulmasını hissəsini artıraraq Cavabdeh1 ödənilməmiş 6 aya görə hesablanmış 900 manat kirayə haqqının tutulmasını xahiş etmiş, eyni zamanda iddianın digər hissələrini də dəyişiklik olmadığını müdafiə etdiyini bildirmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 21/29 saylı evin 45 saylı mənzili xx.xx.2013-cü il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən həmin mənzili bir il müddətinə, ayda 150 manat ödəmək şərti ilə cavabdehə kirayəyə vermişdir. Müqavilə müddətinin bitməsinə bir ay qalmış cavabdehə müqavilənin bitməsindən sonra mənzildən çıxması barədə təklif etmişdir. Mənzildə cavabdehlə bərabər Cavabdeh2 Tofık qızı, sonuncunun qızları X1 və Şıxkərimova Mədinə Teymur qızı da yaşamağa başlamışdırlar. Cavabdehlə aralarında bağlanmış müqavilənin müddəti bitəndən sonra onlardan mənzilindən çıxmalarını istəmişdir. Amma cavabdehlər çıxmaqdan imtina edirlər. Cavabdeh1 müqavilə müddətində 3 ayın və müqavilənin müddəti bitəndən sonrakı yaşadıqlan 2 ayın kirayə haqqını ödəməmişdir. Mənzildə istifadə olunan sudan düzgün istfadə etmədiyindən su qonşuların mənzilinə tökülür, mənzili normal vəziyyətdə saxlanılmamaqla yararsız hala salırlar. Qonşular da onlardan narazılıq edib mənzildən çıxarmalarını ondan tələb edirlər. Cavabdehlərin mənzil sahəsindən çıxmaması onun mənzil sahəsinə qanunla müəyyən edilmiş sərəncam vermək, sahib olmaq və istifadə etmək kimi hüquqlarını həyata keçirməyinə mane olur. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, həmçinin qeyd etdi ki, müqavilənin müddəti bitdikdən sonra artıq 3 ay keçdiyindən əlavə 150 manat da tələb edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 21/29 saylı evin 45 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsinin surətindən görünür ki, kirayəyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.6 kv/m, yaşayış sahəsi 19 kv/m, yardımçı sahəsi 11.6 kv/m olan 1 otaqlı mənzili bir il müddətinə Cavabdeh1 kirayəyə verir, kirayəçi qismində çıxış edən Cavabdeh1 hər ay 150 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 14-cü bəndindən görünür ki, kirayəçi kirayəyə götürdüyü mənzili kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra təhvil verməyə borcludur. - Texniki Pasportdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 21/29 saylı evin 45 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 övladları - X1 və Şıxkərimova Mədinə Teymur qızı ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 21/29 saylı evin 45 saylı mənzilində qeydiyyatsız kirayəçi olaraq yaşayırlar. Göründüyü kimi, tərəflər arasında əmlak kirayə müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 21/29 saylı evin 45 saylı mənzili xx.xx.2013-cü il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda ayda 150 manat ödəniş olunmaqla Cavabdeh1 arasında 1 illik kirayə müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, sonuncunun uşaqları X1 və Şıxkərimova Mədinə Teymur qızı hazırda mübahisəli mənzildə yaşayırlar. Cavabdehlər müqavilə müddətində 3 ayın və müqavilənin müddəti bitəndən sonrakı yaşadıqları 3 ayın kirayə haqqını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1la iddiaçı arasında bağlanmış kirayə müqaviləsi cavabdehlər üçün həmin əqddən irəli gələn öhdəliklər əmələ gətirmişdir. Belə ki, Cavabdeh1 iddiaçı qarşısında aralarında bağlanmış müqaviləyə əsasən aylıq kirayə haqqını ödəmək və sazişin müddəti bitdikdə mənzili təhvil vermək öhdəliyinin daşıyıcısıdır. Digər cavabdehin mübahisəli mənzildə yaşamasının hər hansı hüquqi əsası mövcud deyildir. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsilə istənilən hərəkətlər etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehlərin mənzildən çıxarılmalarına dair tələbində haqlıdır. Odur ki, iddia əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, sonuncunun uşaqları X1 və Şıxkərimova Mədinə Teymur qızı Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 21/29 saylı evin 45 saylı mənzilindən çıxarılsın. Cavabdeh1 900 manat kirayə haqqı borcu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdehlər qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-6734/2022
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-6734/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver