Məhkəmə qərarları › İş №2(060)-6861/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6861/2022

05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6861/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə və üçüncü şəxs "xxxx" ASCyə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisi və üçüncü şəxs "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin xüsusi notariusunun 8İ-12183 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notarisu 81-12183 saylı xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ondan BPM**********98 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9813 manat 39 qəpik pulun tutulması müəyyən olunmuşdur. İcra qeydi Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gülmalı Əzizovun icraatındadır. xx.xx.2022-ci il tarixdə icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra qeydi ilə razı deyil. Belə ki, icra qeydi verilərkən, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin, Təlimatın 161, 162-2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Onun icra qeydinin verilməsindən xəbəri olmayıb. Ondan əsassız olaraq artıq məbləğdə pul tələb olunur. Əmək haqqından tutulmalar olsa da, bu nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, icra qeydi ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Məhkəməyə borcun məbləği, sonuncu ödəniş tarixinə dair çıxarış və maliyyə arayışı, o cümlədən iddiaçının məlumatlandırılması barədə xəbərnamə təqdim edilmişdir. Qeyd edir ki, iddiaçı 2021-ci ildə sonuncu ödəniş etmiş və ödənişlərini vaxtında etmədiyi üçün icra qeydi üçün müvafiq notariusa müraciət edilmişdir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə İddiaçı və cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx, d/t: xx.xx.1988) BPM**********98 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9813 manat 39 qəpik (doqquz min səkkiz yüz on üç manat otuz doqquz qəpik) tutulması və 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 9838 manat 39 qəpik pul tutulmalıdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8154.84 manat məbləğində əsas borcu, 1658,15 manat faiz borcu, 0,40 manat komissiya haqqı olmaqla, ümumilikdə 9813.39 manat borcu mövcuddur. İşdə xx.xx.2022-ci il tarixli 22-11050/2022 saylı bildirişdən görünür ki, borcun ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinini tələblərinə əsasən tələbkar qarşısında icra edilmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə İddiaçı məktub ünvanlanmışdır. İşdə olan 293964 nömrəli qaimədən görünür ki, həmin məktub xx.xx.2022-ci il tarixdə “Qonaqbəyov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən illik 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 9400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 9306 manat pulu "xxxx" ASC-dən qəbul etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. İş materiallarından, o cümlədən üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydinin aparılması üçün notariat orqanına müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış və alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə maliyyə arayışı təqdim olunmuşdır. İddiaçı iddia tələbinin əsası kimi icra qeydinin aparılmasından xəbərsiz olmasına istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 293964 saylı qaimənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanına göndərilmiş bildiriş xx.xx.2022-ci il tarixdə “Qonaqbəyov” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İcra qeydi isə xx.xx.2022-ci il tarixdə aparılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra qeydi aparılmamışdan 20 gün əvvəl borclu icra qeydinin aparılacağı barədə məlumatlandırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu və digər halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə və üçüncü şəxs "xxxx" ASCyə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar