Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-69/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 25 avqust 2006-cı ildə Cavabdeh qızı X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 19 aprel 2012-ci il təvəllüdlü Rəsul və 05 noyabr 2019-cu il təvəllüdlü Leyla adlı iki övladı var. Onlar ailə kimi bir yerdə yaşadıqları vaxt cavabdeh öz adına ünvan 1 ünvanında yerləşən 54 saylı mənzili almışdır. Cavabdeh ondan evi təmir etdirməsini və ailəsi ilə həmin evdə yaşamasını xahiş etmişdir. İlk öncə o, razılaşmamış, lakin Cavabdeh təkidi ilə razılaşmışdır. 10.10.2019-cu ildən 09.12.2019-cu ilə kimi cavabdehə məxsus mənzili təmir etdirmiş və onun 4000 manat məbləğində xərci çıxmışdır. Mənzilin təmir işlərini Aydın, Paşa və Elnur adlı ustalar etmişlər. Həmin ustalar onun iş yoldaşlarıdır. Aydın, Paşa və Elnur da onun həmin evin təmiri zamanı 4000 manat məbləğində pul xərclədiyini təsdiq edə bilərlər. Mənzilin təmir işləri bitdikdən sonra cavabdehin qızı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2748/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların anasının yanında qalması və uşaqların saxlanması üçün ondan aliment tutulması qət edilmişdir. Aralarında olan rəsmi nikah pozulduğundan, cavabdehdən evin təmiri üçün xərclədiyi pulu ona qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh bundan imtina etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 4000 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil. Belə ki, mübahisəli mənzil 2019-cu ildə təmir olunub, həmin vaxt təmir üçün istifadə edilən material baha ola bilərdi. İş üzrə dindirilmiş şahidlər də evin təmiri üçün 4000 manat məbləğində xərc çəkildiyini bildirmişlər. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli mənzil hazırda rəsmi olaraq onun mülkiyyətində olsa da, əslindən onun qaynına məxsusdur. Belə ki, qaynı özünün Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən 1 otaqlı mənzilini satmış, onlar da bankdan əlavə pul götürərək bu evi almışdırlar. Qaynı xaricdə olduğu üçün evi öz adına rəsmiləşdirmişdir. O, həmin evin açarını qızına vermişdir. Qızı həmin evi təmir etdirərək 1-2 il orada qala biləcəyini demişdir. Yoldaşının səhhəti ilə əlaqədar o, xəstəxanada olan müddətdə iddiaçı qızından açarı alaraq həmin evi təmir etdirmişdir. İddiaçı təmir işini könüllü etmişdir. O, iddiaçını evini təmir etdirməyə məcbur etməmişdir. Heç onun bundan xəbəri də olmamaışdır. Hesab edir ki, belə olan halda iddiaçı bu pulu ondan tələb edə bilməz. Onu da qeyd edir ki, təmirdən sonra qızı orada yaşamamışdır. Cavabdeh əlavə olaraq bildirdi ki, o iddiaçı ilə qızının birgə nikahdan olan övladlarına artıq 7 ildir ki, baxır. İddiaçı təmir pulunu tələb etdiyi halda onun uşağına baxmaq üçün çəkilən xərcləri də ödəməlidir. Cavabdeh qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 25.05.2021-ci il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilən X8 bildirdi ki, iddiaçı onun iş yoldaşıdır. O usta işləyir və evlərin təmiri ilə məşğul olur. ünvan 1 ünvanında yerləşən 54 saylı mənzili tam təmir etmiş və əməyinin qarşılığında 500 manat məbləğində zəhmət haqqı almışdır. Sözügedən evin təmir edilməsi üçün tikinti materiallarına təqribən 5000-6000 manat məbləğində pul xərclənmişdir. 25.05.2021-ci il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilən X4 bildirdi ki, İddiaçı onun iş yoldaşıdır və onlar on dörd ildir ki, bir yerdə işləyirlər. İxtisası kran sürücüsü olsa da, mənzillərə elektrik xətlərinin çəkilməsi və onların quraşdırılması işi ilə məşğuldur. Bu səbəbdən də ünvan 1 ünvanında yerləşən 54 saylı mənzildə elektrik işlərini görmüş və gördüyü əməyin qarşılığı olaraq 150 manat məbləğində zəhmət haqqı almışdır. Həmin xətlərin çəkilməsi üçün təqribən 250-300 manat məbləğində elektrik materaillarına pul xərclənmişdir. 25.05.2021-ci il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilən X6 bildirdi ki, İddiaçı onun iş yoldaşıdır. İddiaçı məxsus mənzildə təmir işləri görmüş və 500 manat məbləğində zəhmət haqqı almışdır. Bildiyinə görə evin təmir edilməsi üçün alınan tikinti materiallarına təqribən 4000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-2748/2021 saylı 30.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X3 ilə cavabdeh İddiaçı oğiu arasında 25 avqust 2006-cı il tarixində Sumqayıt nikah evində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 19 aprel 2012-ci il təvəllüdlü X11 və 05 noyabr 2019-cu il təvəllüdlü X5 iddiaçı X1 yanında saxlanılması, 19 aprel 2012-ci il təvəllüdlü X10 və 05 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.03.2022-ci il tarixli, 10/781 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mkr ünvanında yerləşən 15/21A saylı evin 54 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti təmir işlərinin ümumi dəyəri təqribən 2744 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən – mübahisəli mənzilin onun tərəfindən təmir edilməsi hissəsində sübut edə bilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin İddiaçı tərəfindən təmir etdirilməsi cavabdehin öz izahatı, o cümlədən şahidlərin ifadəsi ilə təsdiqini tapmışdır. Lakin iddiaçı ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin tərəfindən təmir etdirilməsi üçün 4000 manat məbləğində pul xərclədiyini bildirərək həmin pulun cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə bunu təsdiq edən təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlər iddiaçının iş yoldaşları olduğundan məhkəmə onların ifadəsini təmirə çəkilən xərc hissəsində əsaslı şübhədənkənar mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə məhkəmə hesab edir ki, mənzilin təmir edilməsi üçün xərclənən vəsaitin miqdarı şahid ifadələrinə əsasən deyil, məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə hesab edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.03.2022-ci il tarixli, 10/781 saylı ekspert rəyindən isə görünür ki, Sumqayıt şəhəri, 2-ci mkr ünvanında yerləşən 15/21A saylı evin 54 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti təmir işlərinin ümumi dəyəri təqribən 2744 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2744 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 70% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 21 manatı cavabdehdən tutulmalı, 9 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə (təxminən 70% həcmində) münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 35 manatı cavabdehə, 15 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 2744 (iki min yeddi yüz qırx dörd) manat məbləğində pul və 21 (iyirmi bir) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq İddiaçı 15 (on beş) manat, Cavabdeh isə 35 (otuz beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-69/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-69/2022
06.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver