Məhkəmə qərarları › İş №2(060)-692/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-692/2021

07.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-692/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «paylı mülkiyyətdə payın dəyərinin ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı «paylı mülkiyyətdə payın dəyərinin ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzildə ona məxsus 2 otağın dəyəri olan 46.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 13 mkr., ev 15, mənzil 65-də yerləşən mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi xx.xx.2017-ci il tarixli çıxarışa əsasən cavabdehlə iddiaçının paylı mülkiyyətindədir. Həmin çıxarışa əsasən mənzilin sahəsi 23.8 kv metr olan 2 otağı iddiaçının, sahəsi 11.9 kv.metr olan 1 otağı isə cavabdehin mülkiyyətindədir. İddiaçının cavabdehlə münasibətləri gərgindir, dəfələrlə cavabdeh və qardaşı tərəfindən iddiaçıya və valideynlərinə şər dolu iftiralar atılmış, iddiaçıdan və valideyinlərindən prokurorluğa və məhkəməyə şikayətlər verilmişdir. Həmin evdə cavabdehlə birlikdə yaşamağı da mümkün olmamışdır. Ona görə də, birgə paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi iddiası ilə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmişdir. Paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsinin mümkünsüzlüyü məhkəmə qətnaməsi əsasında müəyyən edilərək payların naturada bölünməsi iddiası rədd edildiyi üçün hazırda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq öz payının dəyərinin ödənilməsini digər mülkiyyətçi olan cavabdehdən tələb edir. Ümumi paylı mülkiyyətdə olan mənzil 3 otaqdan ibarət olmaqla 2 otağı iddiaçının mülkiyyətində, 1 otağı isə cavabdehin mülkiyyətində olmaqla, köməkçi sahələr birgə istifadədir. Belə olduqda, mənzilin dəyərinin 2\3 hissəsi iddiaçının payına düşür. Ona görə də, mənzilin dəyəri olan 70.000 manatın 2\3 hissəsi, 46.000 manat cavabdeh tərəfındən ona ödənməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, 13 mkr., ev 15, mənzil 65-də yerləşən mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi xx.xx.2017-ci il tarixli çıxarışa əsasən onunla iddiaçının paylı mülkiyyətindədir. Onun iddia tələbində qeyd edilən məbləği ödəməyə imkanı yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarlında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 13 mkr., 15 saylı evin, 65 saylı mənzilinin yaşayış sahəsi 23.08 kv.m-dən ibarət 2 otaq, X2, yaşayış sahəsi 11.9 kv.m-dən ibarət 1 otaq Cavabdeh məxsus olmaqla paylı mülkiyyətdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-150/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı X1 cavabdehlər Cavabdeh qarşı “birgə əmlakın naturada bölünməsi” tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X2 qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanında yerləşən 65 saylı mənzilin 11,90 kv.m olan bir otağına köçürülməsi, köməkçi sahələrdən birgə istifadə edilməsinə maneələrin aradan qaldırılması və mənzilin giriş-çıxış qapısının açarlarının ona təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi qanunvericilikdə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, onun iddia tələbində qeyd edilən məbləği ödəmək imkanı və razılığı yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçı X1 Cavabdeh qarşı «paylı mülkiyyətdə payın dəyərinin ödənilməsi tələbinə» dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı «paylı mülkiyyətdə payın dəyərinin ödənilməsi tələbinə» dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar