Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6987/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və digər tələbləri barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" QSC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək Sumqayıt şəhəri, Koroğlu prospekti 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1134,6 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi idarəsinin rəisi X.Qarayev, qeydiyyat icraçısı B.Bayramov tərəfindən imzalanmış MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəsi ilə 06 oktyabr 2010-cu il tarixdə xüsusi mülkiyyət kimi adına qeydiyyata alınmış çıxarışın, həmin çıxarış əsasında Sumqayıt şəhəri, Koroğlu prospekti 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1134,6 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair "xxxx" QSC-yə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, ********** nömrə ilə qeydə alınmış 21 dekabr 2018-ci il tarixli çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, Koroğlu prospekti 6 ünvanında yerləşən torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İşdən göründüyü kimi iddiaçı "xxxx" QSC ilə yanaşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsini də cavabdeh kimi göstərərək həmin idarə tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları mübahisələndirir. İddiaçı tələbinin əsası kimi Sumqayıt şəhəri, Koroğlu prospekti, 6 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində qeydin qanunsuz aparılmasına əsaslanır. Göründüyü kimi iddiaçı həmin çıxarışları vermiş inzibati orqanın hərəkətlərini mübahisələndirir. Yəni, tərəflər arasında yaranmış mübahisə ümumi hüquq münasibətlərindən yaranan mübahisədir. Belə ki, bu münasibətlərdə bir tərəfdə fiziki və ya hüquqi şəxs, digər tərəfdə isə hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqan dayanır. İddia ərizəsində cavabdeh kimi "xxxx" QSC göstərilsə də, iddiaçının həmin banka qarşı tələbinin nədən ibarət olması iddia ərizəsi ilə müəyyən edilmir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə mülki qaydada ümumi məhkəməyə deyil, yalnız inzibati orqanı cavabdeh kimi göstərməklə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və digər tələbləri barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6987/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6987/2021
03.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver