Məhkəmə qərarları › İş №2(060)-7013/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7013/2021

01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7013/2021 01.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul və dəymiş mənəvi ziyan tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və dəymiş mənəvi ziyan tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 3023 (üç min iyirmi üç) manat məbləğində borc pulun, 2000 (iki min) manat məbləğində mənəvi ziyana görə təzminatın və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 2017-ci ildə onun ağır vəziyyətdə yaşadığını bilən qonşusu Fuad ona bildirmişdir ki, onun qardaşı maşını sataraq Cavabdeh 1900 manat məbləğində pul vermiş və Rəşad həmin pulu dollara çevirərək hansısa kompyuter oyununa yatırmışdır və həmin oyun 70 gün müddətinə bitəcək. Birinci ay qardaşının verdiyi pulları qaytaracaq, sonrakı 35 gündə hər həftə 130 ABŞ dolları məbləğində həmin pulun faizlərini gəlir şəklində ödəyəcək. Bu söhbətdən sonra Fuad demək olar ki, hər gün onu görəndə deyirmiş ki, “Rəmziyyə xala sən də bu işə qoşul, yaxşı gəlir götürərsən, evini təmir etdirərsən, qızın da müalicə olunar.” O, cavabdehlə görüşmüş və cavabdeh onu əmin etmişdir ki, əgər bu işə pul qoysa, qısa bir müddət ərzində yaxşı gəlir götürüb problemlərini həll edəcək, bunun üçün cavabdeh ondan 3032 manat məbləğində pulu Sumqayıt şəhər 17-ci məhəllədə yerləşən «Zaminbank»ın qarşısında almış və demişdir ki, bu pula görə ona hər həftə üçün 240 ABŞ dolları məbləğində pul verməlidir, verdiyi pulun 100 ABŞ dolları isə kompyuter oyununa qoşulduğu üçün rüsum pulu kimi tutulur. O, cavabdehə bildirmişdir ki, onu da özü ilə aparsın həmin şirkətdə qeydiyyatdan keçirsin, lakin cavabdeh ona demişdir ki, Rəmziyyə xanım əziyyət çəkmə, şəxsiyyət vəsiqəni ver, hamısını özü həll edəcəkdir. Hətta o, hansısa bir nömrəyə zəng vurmuş və demişdir ki, özü şirkətin rəhbəri Vüsal Kərimovla danışsın. Həmin şəxs telefonda ona demişdir ki, ”3032 manat məbləğində pul dollara çevirdikdə 1600 ABŞ dolları edir, hər həftəyə 240 ABŞ dolları qazanc götürəcəksən.” O da onlara inanaraq həmin pulu vermiş və 07.05.2017-ci il tarixdə cavabdeh onun şəxsiyyət vəsiqəsini ona qaytarmış və demişdir ki, artıq onun adını qeydiyyatdan keçirmişdir. Daha sonra isə cavabdeh 12.05.2017-ci il, 17.05.2017-ci il və 22.05.2017-ci il tarixlərdə ona hər dəfə 240 ABŞ dolları olmaqla ümumilikdə 720 ABŞ dolları məbləğində pul vermişdir. 27.05.2017-ci il tarixdə cavabdeh növbəti pulu verməli olduğu gün onun həyətə çağıraraq demişdir ki, “Rəmziyyə xanım mənə təcili 1000 manat məbləğində pul lazımdır, verdiyim pulları mənə qaytar, mən də sənə 1 aya üstündə 100 manat verərəm.” O, da etiraz etməyərək cavabdehə 1000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu əlavə olaraq oyuna yatırdacağını bildirmişdir. Cavabdeh oyunda ləngimə baş verdiyini və buna görə də 2 həftənin pulunu 1 yerdə gətirib çatdıracağına söz vermiş, lakin 2 həftə keçdikdən sonra 1 manat da olsun pul verməmiş və bildirmişdir ki, artıq həmin oyun bağlanmış və bu oyuna pul qoymuş şəxslərin pulları da batmışdır, buna görə də ona pul verilməyəcəkdir. O, cavabdehdən pulunu israrla tələb etdikdən sonra cavabdeh bir daha onunla görüşərək demişdir ki, kompyuter donub, sistem açılmır, lakin pullar hesablara yüklənir, narahat olmasın, onun da pulları toplanır, hamısını bir yerdə alacaqdır. Onun təkidli tələbindən sonra cavabdeh ona borclu olması barədə iltizam yazmışdır. O, bu məsələ ilə maraqlandıqda isə məlum olmuşdur ki, cavabdeh onu aldatmış, özünün kirayədə yaşadığı evə borcu olduğu üçün ondan pullarını almış, kirayə haqqına ödəmişdir. Cavabdehə verdiyi pullar isə onun 1-ci qrup yataq xəstəsi olan qızının əməliyyatı üçün toplanmış pul vəsaiti olmuşdur. Bu müddət ərzində cavabdeh yalan vədlər verməklə vaxt qazanmış, lakin heç bir pul ödəməmişdir. Yerli hüquq mühafizə orqanlarına dəfələrlə etmiş olduğu şikayətlərə də baxılmamışdır. Cavabdehin onu aldatması, pulunu qaytarmaması, müxtəlif bəhanələr gətirməklə onu get-gələ salması nəticəsində ona mənəvi ziyan da dəymişdir ki, o həmin ziyanı 2000 (iki min) manat məbləğində qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində ona cavabdeh tərəfindən 3023 manat maddi ziyan dəydiyini qeyd edərək, cavabdehdən həmin ziyanın və 2000 manat məbləğində mənəvi zərərin alınıb ona ödənilməsini tələb etsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. İş materiallarına sadə yazılı iltizam əlavə edilsə də, həmin iltizamla Cavabdeh iddiaçıya hər hansı bir borcunun olmasını və onu şəxsən imzalamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və dəymiş mənəvi ziyan” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar