Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-705/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Mehdiyeva Şəbnəm Adil qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “VAZ 21214” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə avtomobilin sahibinə verilmiş 1800 manat pulun və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “QAZ 3102” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 03.06.2019-cu il tarixdən 03.06.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. ƏN-Vİ 849121 nömrəli etibarnaməyə əsasən həmin avtomobil Cavabdeh2 Məhəmməd oğluna məxsusdur. Cavabdeh1 etibarnamə olmadan (Cavabdeh2 Məmməd oğlunun verdiyi etbarnamə 27.08.2019-cu il tarixədək qüvvədə olmuşdur) idarə etdiyi , “QAZ 3102” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 06.02.2020-ci il tarixdə Bakı Quba yolunda yol nəqliyyat hadisəsi törədərək, “xxxx” MMC-nin sahibliyində olmuş “VAZ 21214” markalı **- AA-*** dövlıt qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Quba RPŞ DYPB tərəfindən Cavabdeh1 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh haqqında 06.02.2020-ci il tarixli qərara qəbul edilmişdir. Lakin qərar qəbul edilərkən cavabdeh tərəfindən avtomobili etibarnamə olmadan idarə etməsi diqqətə alınmamışdır. Quba RPŞ DYPB tərəfindən tədim olunmuş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 18.02.2020-ci il tarixli arayışına əlavə edilmiş sənədlər arasında olan 7E-24758 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamədən məlum olur ki, Cavabdeh2 Məhəmməd oğlu özünə məxsus olan “QAZ 3102” markalı 50CA659 dövlət qeydiyyat nişanlı avtomobili 27.08.2019-cu il tarixdə iki ay müddətinə Cavabdeh1 vermiş, etibarnamənin qüvvədə olan müddət 27.08.2019-cu il tarixədək olmuşdur. Əmlak üzrə ekspertin 15.03.2020-ci il tarixli rəyinə əsasən “VAZ 21214” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmiuş maddi ziyan 1800 manat məbləğində dəyərləndirilmiş və İddiaçı ASC həmin ziyana görə avtomobilin sahibinə sığorta ödənişi kimi 1800 manat məbləğində ödəmişdir. İddiaçı ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 02 mart 2021-ci il tarixli məhkəmə iclasıda iştirak etmiş cavabdehlər hər biri ayrıayrılıqda iddianı qəbul etmədiklərini göstərmişlər. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: AKT0931-CML-0416/2020 saylı sığorta aktından görünür ki, 06.02.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı Cavabdeh1 idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı “QAZ 3102” markalı avtomobil “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 03.06.2019-03.06.2020-ci illər müddətinə sığortalanmış, 06.02.2020-ci il tarixdə VAZ 21214 markalı 40AA098 dövlət qeydiyat nişanlı avtomaşın sığortalı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sığortalıya 1800 manat həcmində zərər dəymiş, 1800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC 1800 manat məbləğində sığorta ödənişi etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Quba RPŞ DYPB-nin arayışından görünür ki, 06.02.2020-ci il tarixdə saat 21.07-də Cavabdeh1 tərəfindən idarə edilən və Cavabdeh2 məxsus olan “QAZ 3102” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşın xxxxnə məxsus olan, X1 tərəfindən idarə edilən “VAZ 21214” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Quba RPŞ DYPB-nin 06.02.2020-ci il tarixli inzibati haqqında protokolundan görünür ki, 06.02.2020-ci il tarixdə saat 21.07-də “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının reyestrinə daxil olan müstəqil ekspert tərəfindən tərtib edilmiş 24.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “VAZ 21214” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərər bazar qiyməti nəzərə alınmaqla 1266 manat, işçilik xidmətlərinə görə 540 manat olmaqla cəmi 1800 manat qiymətləndirilmişdir. İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 03.06.2019-03.06.2020-ci il tarixlərdə qüvvədə olan “QAZ 3102” markalı **-CA- *** dövlət nömrə nişanlı avtomaşına dair mülki məsuliyyətinin sığortalanması barədə 03.06.2019-cu il tarixdə icbari sığorta müqaviləsi bağlanmışdır. 27 iyun 2019-cu il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh1 etibarnamə üzrə idarəçiliyinə vermiş, etibarnamə 27.08.2019-cu il tarixədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.05.2021-ci il tarixli 9/2245 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan avtonəqliyyat vasitələrinin texniki ekspertizasının 24.02.2020-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “VAZ 21214” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1800 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 926.3-cü maddəsınə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbarı sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edılır; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermış sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan- fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqorıyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərılmış əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinın sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 8.1-ci maddəsinə əsasən icbari sığorta muqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında müvafiq icbari sığorta şəhadətnaməsının sığortaliya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.2-ci maddəsinə əsasən bu Oanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbarı siğorta müqaviləsi 1 il müddətinə bağlanılır; Həmin Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi 25.1.3-cü maddəsidir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, 03.06.2019-cu il tarixdən 03.06.2020-ci il tarixədək iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşın mülkiyyətçisinin mülki məsuliyyətinin icbari sığortası həyata keçirilmişdir. 06.02.2020-ci il tarixdə saat 21.07-də Cavabdeh1 tərəfindən idarə edilən və Cavabdeh2 məxsus olan “QAZ 3102” markalı **- CA-*** dövlət nömrə nişanlı avtomaşın xxxxnə məxsus olan “VAZ 21214” markalı **-AA- *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş, zərərin əvəzi olaraq sığortaçı tərəfindən sığorta ödənişi ödənilmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşının idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdehlərə qarşı iddia qaldırmışdır. Göründüyü kimi, icbari sığortanın təmin edilməsi üçün sığortaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə sığortalı “QAZ 3102” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşının sahibi arasında bir il müddətinə icbari sığorta müqaviləsi bağlanmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 əmlak mənafeləri - faktiki sahibliyində olan “QAZ 3102” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalanan şəxs kimi sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində sığorta şəhadətnaməsində göstərilən əmlakı istismar etdiyi anda sığorta olunan hesab edilmiş şəxslər iki kateqoriyaya: həmin əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxslərə və sığortalının özünə bölünmüşdür. İşin hallarından göründüyü kimi cavabdeh nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edır ki, bu Qanun avtonəqliyyat vasitəsi sahiblərının mulkı məsulıyyətının icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərınin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Məhkəmə qanunvericiliyin tələblərini və mülki işin materiallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində cavabdehlərə qarşı subroqasiya hüququ yaranması barədə iddiası əsaslı deyildir. Belə ki, İcbari Sığortalar Haqqında Qanunun 25-ci maddəsinin əsasları, yəni hüququ olmayan şəxs tərəfindən əmlakın istismar edilməsi təqdim edilmiş sübutlarla öz təsdiqini tapmadı. Bu səbəbdən iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddiası rədd ediilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-705/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-705/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver