Məhkəmə qərarları › İş №2(060)-7074/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7074/2025

11.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7074/2025 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 17- ci mikrorayon, ev 38B, mənzil 53-ə istifadə hüququnun itirilmiş barədə hesab olunması qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 2-də yerləşməklə yaşayış sahəsi 37,3 kvadrat metr olan 3 otaqdan ibarətdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına çıxarış verilmişdir. Cavabdeh iddiaçının qardaşı Azər Abbasovun övladıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-2005/2016 saylı qətnaməsinə əsasən iddiaçının qardaşı X4 və onun həyat yoldaşı X2 bu mənzilə istifadə hüquqları itirilmiş hesab olunmuşdur. Digər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10543/2017 saylı qətnaməsi ilə onların övladları X6 və X7 da mənzilə istifadə hüquqları itirilmiş hesab olunmuşdur. İddiaçının qardaşının və onun həyat yoldaşının mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə məhkəmə qətnaməsindən sonra xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh bu mənzilə qeydiyyata salmışlar. Hazırda isə iddiaçıya məlum olmuşdur ki, o mənzilin mülkiyyətçisi olduğu halda onun xəbəri və razılığı olmadan cavabdeh bu ünvan üzrə şəxsiyyət vəsiqəsi almışdır. Cavabdeh bu mənzildə bir gün belə yaşamamışdır və onun valideynlərinin və qardaşlarının bu mənzilə istifadə hüquqları məhkəmə qaydasında itirilmişdir, bu isə o deməkdir ki, cavabdehin də mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2, yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixində rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Asan-Sumqayıt” tərəfindən daxil olmuş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 30 may 2005-ci il tarixdən ünvan 2-də qeydiyyatdadır. xx.xx.1979-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2003-cü il təvəllüdlü X13 mənzildə qeydiyyatda olan digər şəxslərdir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-2005/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilməklə cavabdehlər X4, X3 və X1 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 38b saylı evin, 53 saylı 3 otaqlı mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-10543/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilməklə cavabdehlər X11 və X7 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 38b saylı evin, 53 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2, yeni qaydalarla AZ 5009, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 2005/2016 saylı qətnaməsinə əsasən iddiaçının qardaşı X4 və onun həyat yoldaşı X2 bu mənzilə istifadə hüquqları itirilmiş hesab olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10543/2017 saylı qətnaməsi ilə onların övladları X6 və X7 da mənzilə istifadə hüquqları itirilmiş hesab olunmuşdur. İddiaçının qardaşının və onun həyat yoldaşının mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh yəni, iddiaçının qardaşı qızı bu mənzilə qeydiyyata salınmışdır. Hazırda isə iddiaçıya məlum olmuşdur ki, o mənzilin mülkiyyətçisi olduğu halda onun xəbəri və razılığı olmadan cavabdeh bu ünvan üzrə şəxsiyyət vəsiqəsi almışdır. Cavabdeh bu mənzildə bir gün belə yaşamamışdır və onun valideynlərinin və qardaşlarının bu mənzilə istifadə hüquqları məhkəmə qaydasında itirilmişdir. Bu səbəbdən cavabdehin də mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından sonrakı dövrə təsadüf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən - yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında olan yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar