Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7142/2025 24.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı ərizəsi üzrə (açar sözlər: geri qaytarma, forma məzmun) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı ərizəsinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun işinə baxıb köməklik göstərilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi
4. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.
5. MPM-nin 149-cu maddəsinə əsasən, ərizədə cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
6. Eyni zamanda qanunvericiliyin yuxarıda qeyd edilən tələbindən görünür ki, ərizə verildikdə dövlət rüsumu ödənilməlidir.
7. Məhkəmə qeyd edir ki, ərizəçi iddia ərizəsində iddia tələbini, tələbinin yönəldiyi cavabdehi və ona aid məlumatları qeyd etməmiş, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz və ya dövlət rüsumunu ödəməkdən azad edilməsi barəd hər hansı bir hüquqmüəyənedici sənəd əlavə etməmişdir.
8. Məhkəmə həmçinin qeyd edir ki, tələbin yönəldiyi cavabdehin dəqiq qeyd edilməsi ilk növbədə işin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə xidmət edir.
9. Bundan başqa, iddia tələbinin dəqiq müəyyən edilməsi iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləğinin müəyyən edilməsi məsələsinin həlli üçün də zəruridir.
10. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış müraciətin məzmunundan görünür ki, İddiaçı borcunun ləğv edilməsini istəmiş, bu mümkün olmadıqda borcu ayda 25 manat ödəmək fikrində olduğunu qeyd etmişdir.
11. İş materiallarından görünür ki, icra sənədi icra qeydi əsasında verilmişdir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin MPM-in 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, notariusun apardığı icra qeydi ilə MPM-də nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə MPM-in 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir.
13. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin, göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin.
14. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4 və 15-ci maddələrinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
15. Belə olduğu təqdirdə müraciətçi notariusun apardığı icra qeydinin ləğvi tələbi ilə icra qeydini aldıqdan sonra 10 gün ərzində iddia icraatı qaydasında, icra sənədi üzrə borcun hissə-hissə ödənilməsini tələb etdikdə isə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər.
16. Odur ki, ərizə MPM-nin tələblərinə uyğun verilmədiyinə görə geri qaytarılmalıdır.
17. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva