Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-715/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyanın əvəzi kimi 6000 manat, mənəvi zərərin əvəzi kimi isə 5000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 11.030 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi “BMW 528” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsindən 6-cı mikrorayon istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, onu avtomobilin ön hissəsi ilə vurmuşdur. Nəticədə o, L2 bel fəqərə cisminin kompression fəsadlaşmayan sınığı, sağ qamış sümyününün bayır epikondilusunun yerdəyişməyən, sağ incik sümüyü başının natamam sınıqlarından ibarət xəsarətlər almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-72/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cavabdeh cinayət işinə məhkəmədə baxılarkən o, heç bir iclasda iştirak edə bilməmişdir. Bunun səbəbi isə onun yataq xəstəsi olmağı və ayağa qalxa bilməməsi və yeriyə bilməməsi olmuşdur. Hadisə baş verən gündən indiyə kimi o, hələ də yataqdan qalxa bilmir. O, xx.xx.2019-cu il tarixdən bu günə kimi yataqdadır və yerinin içində dikəlib otura bilmir. Hal-hazırda da belindən ağır əməliyyat olunmalıdır. Bu əməliyyat üçün 10000- 15000 manat pul tələb edilir. Lakin o, Samirdən cəmi 5000 manat köməklik etməsini xahiş etsə də, o, bildirmişdir ki, heç nə etməyəcək, guya o, özü maşının qarşısına atılmış və xəsarət almışdır. Samir dəfələrlə onu və bacısını söyüb təhqir etmiş və nalayiq sözlərlə alçaltmışdır. Halbuki onun müalicəsinə bacısı tərəfindən 1000 manatdan artıq pul xərclənmişdir. Bundan sonra da ayağa qalxmağı və yeriməyi üçün cərrahiyyə əməliyyatına 5000 manatdan artıq pul vəsaiti lazımdır. Odur ki, iddia əsaslıdır və tələbin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırda Ceyranın ayağında olan mil çıxarılmalıdır, bunun üçün əmliyyat olmalıdır, həmin əmliyyatın dəyəri 655 manat təşkil edir, məhkəməyə Liman Klinikası tərəfindən verilmiş arayışı təqdim edir, həmin arayışda göstərilən məlumatlar onun bildirdiklərini təsdiq edir. Yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlə bağlı Ceyran cərrahi əməliyyat keçirməlidir və bunun üçün də 5.000 manat tələb olunur. Lakin bununla bağlı məhkəməyə sənəd təqdim edə bilmir. Ekspertiza təyin olunarsa onun göstərdiklərini öz təsdiqini tapar. İddiaçı almış olduğu xəsarətlərlə əlaqədar yataq xəstəsidir, cavabdeh isə onun müalicəsi lə bağlı tələbə olunan xərcləri ödəməkdən imtina edir, iddiaçının özünün isə belə bir imkanı yoxdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə göstərilən nəqliyyat hadisəsini törətmişdir. O, iddiaçının müalicəsi və əməliyyatı üçün lazım olan xərcləri qarşılamışdır. İddiaçının sağlamlığının bərpa olunması üçün 6000 manatdan çox pul xərcləmişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət törədilməsində təqsirli bilinmiş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bu səbəbdən işləyə bilmir, maddi imkanı məhduddur. Hesab edir ki, öz vəzifə borcunu yerinə yetirərək, müalicə xərclərini qarşıladığından iddiaçının tələbi əsaslı deyil, buna görə də təmin oluna bilməz. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-72/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hökmünün məzmunundan görünür ki, Cavabdeh "BC” dərəcəli, AC 226430 nömrəli sürcülük vəsiqəsi əsasında, texniki cəhətdən saz vəziyyətdə olan, X2 məxsus idarə etdiyi “BMW 528” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə saat 18:30 radələrində X2 məxsus idarə etdiyi “BMW 528” minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsindən 6-cı mikrorayon istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, həmin yolun Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisindən keçən hissəsində yolun solundan sağına keçən piyada, İddiaçı idarə etdiyi avtomobilin ön hissəsi ilə vurub, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin L2 bel fəqərə cisminin kompression fəsadlaşmayan sınığı, sağ qamış sümüyünün bayır epikondilusunun yerdəyişməyən, sağ incik sümüyü başının natamam sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarnı pozmuşdur. Həmçinin hökmün məzmunundan görünür ki, məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 1445 saylı rəyində göstərilmişdir ki, İddiaçı Ağabala qızının bədəni üzərində aşağıdakı xəsarətiər vardır: L2 bel fəqərə cisminin kompression fəsadlaşmayan sınığı, sağ qamış sümüyünün bayır epikondilusunun yerdəyişməyən, sağ incik sümüyü başının natamamam sınıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nə müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla xx.xx.2019-cu il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb otan sağlamlığa az ağır zərərvurmaya aiddir. Həmin hökmdən eləcə də görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olarkən piyada İddiaçı avtomaşınla vuraraq sonuncunun sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, baş vermiş hadisə ilə bağlı Cavabdeh cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmə hökmü ilə cəza təyin edilmişdir. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməklə məhkəmə hesab edir ki, MPM-nin 82-ci maddəsinə əsasən həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı baş vermiş hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı hazırda müalicəyə ehtiyacı olduğunu və həmin xərclərin əvəzinin hadisəni törətmiş şəxs – iş üzrə cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi vurulmuş zərərin ödənilməsinin təmin edilməsi üçün aşadığaklı əsasların müəyyən olunması zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar mövcud olduğu halda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İşin araşdırılmış hallarından görünüdüyü kimi tədqiq olumuş sübutlarla cavabdeh tərəfindən yol nəqliyyat hadisəsinin törədilməsi və baş vermiş hadisə nəticəsində iddiaçının xəsarət alması, zərər vuranın təqsirli olması, hazırda iddiaçının səhhətində yaranmış xəstəliklə baş vermiş hadisə arasında səbəbli əlaqənin olması və müalicəyə ehtiyacının olması öz təsdiqini tapdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə işin müəyyən edilmiş hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələbini əsaslı və qanuna uyğun hesab edir. Bununla yanaşı məhkəmə maddi zərər olaraq tələb olunan məbləği qismən əsaslı hesab edir və gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş “Liman” klinikası tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə “Liman” klinikasında həkim-travmatoloqun müayinəsində olmuşdur. Xəstəyə “metal milin çıxarılması” əməliyyatı təyin olunmuşdur. Cərrahi əməliyyata görə 655 manat pul ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-715/2021 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 144 saylı rəyindən görünür ki, İddiaçı aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur, İddiaçı mütəxəssis müayinəsi zamanı onurğanın L2 fəqərə cisminin pazvari (köhnəlmiş posttravmatik dəyişikliklər ola bilər) və osteoxondrozun, həmçinin sağ qamış sümüyünün lateral kondilusunun bitişmiş sınığı, iki ədəd şuruplarla osteosintezi və çökməsinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun fizioterapevtik və artroloji müalicəyə etiyacı var. Fizioterapevtik və artroloji müalicələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən bu sahədə ixtisaslaşmış hər hansı bir tibb müəssisəsində aparılması mümkündür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-715/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli sorğusuna əsasən “xxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxx 2021-ci il tarixli 4313 saylı arayışda qeyd olunmuşdur ki, 1966-cı il təvəllüdlü İddiaçı “xxxx” MMC tibb müəssisəsində həkim-fizioterapevtin qəbulunda olmuşdur. Həkimin təyinatı ilə pasientə 20 günlük “elektroterapiya və müalicə idman” kursu təyin olunmuşdur. Müalicə prosedurlarının məbləği cəmi 590 manat təşkil edir. Məhkəmə qeyd olunan sənədləri və ekspert rəyini Azərbaycan Respublikası MPMnin 76 və 88-ci maddələrinə müvafiq olaraq sübut növü kimi qəbul edərək hesab edir ki, maddi zərərin ödənilməsi hissədə tələb 655 manat+590 manat olmaqla, cəmi 1245 manat məbləğ həcmində təmin olunması əsaslıdır. İddiaçı mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir”. Göründüyü kimi mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin təmin edilməsi üçün zərərçəkənin, yəni hazırki iş üzrə iddiaçının şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqları və ya əmlak hüquqlarının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə pozulması, bu pozuntu nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi tələb olunur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ail əvə tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Plenum eləcə də izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması...., anlaşılır. Qeyd edilən Plenum qərarında həmçinin göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Plenum qərarının 8-ci bəndində tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudliyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitutsiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır». Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarının 10-cü bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçının uzun müddət sağlamlığının pozulması, onun bu vəziyyətdə sərbəst hərəkət edə bilməməsi nəticəsində onun mənəvi sarsıntı, iztirab keçirməsi şübhə doğurmur və bunun əlavə sübuta ehtyacı yoxdur. Bu qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin əvəzi olaraq 300 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının sağlamlığına dəymiş maddi zərərin əvəzi olaraq 1245 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 04,20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1.245 (bir min iki yüz qırx beş) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,20 (dörd manat iyirmi qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-715/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-715/2021
05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver