Məhkəmə qərarları › İş №2(060)-74/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-74/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-74/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MTK-yə qarşı Abşeron rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində işə cəlb etməklə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» MTK-yə qarşı Abşeron rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində işə cəlb etməklə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, dəymiş maddi zərərə görə 10.000 manat, mənəvi zərərə görə 3000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 0,0131 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan ümumi sahəsi 62,98 kv.metrdən ibarət 3 otaqlı fərdi yaşayış evi var. Həmin evə daşınmaz əmlakın Dövlət reysterindən 24.08.2011-ci il tarixli Seriya MA ******* saylı çıxarış almışdır. Həmin ərazidə fəaliyyət göstərən bir neçə kiçik ticarət obyektləri 6 il əvvəl sökülərək, həmin əraziyə hasar çəkilmişdir. Söküntü nəticəsində ərazi uzun müddət Mənzil-Tikinti Kooperativi tərəfindən təmizlənmədiyi üçün zibilxanaya çevrilmiş və ekoloji cəhətdən ona və onun ailə üzvlərinin sağlamlığına ciddi zərər vurmuşdur. Həmçinin həmin ərazidə bu yaxınlarda yanğın hadisəsi baş vermişdir, fövqəladə halların yanğından mühafizə əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində yanğının qarşısı alınmışdır. Adı çəkilən MTK cinayət tərkibi mövcud olan addımı atmışdır. Belə ki, “xxxx” Mənzil-Tikinti Kooperativi ondan icazəsiz, ölkədə olmadığı müddətdə evinin ərazisinə daxil olmuş, evinin şəkillərini çəkmiş və müstəqil qiymətləndirmə şirkətinə müraciət edərək fərdi yaşayış evinə özü qiymət müəyyən etmişdir. Adıçəkilən MTK tərəfindən özbaşınalıq kimi, qanunazidd olaraq mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı onunla müqavilə bağlamadan evin bünövrəsi traktorla qazılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə müraciət etmişlər və onlar da faktı təsdiqləyiblər. “xxxx” Mənzil-Tikinti Kooperativi yaşadıqları evin bünövrəsi olan hissədə 1 metr dərinliyi və evlərinin boyu qədər uzunluğunda torpaq sahəsi qazılmışdır. Bu da evin uçma təhlükəsini yaradır. Belə ki, bu qazıntıdan sonra evləri hər an uça bilər. Qazıntıdan sonra ev elə vəziyyətə salınıb ki, evin içi nəm çəkib, ətrafdakı ağaclar sulandıqda evin bünövrəsində su axıdılır. Həmin evdə 2 azyaşlı uşaqlar da yaşayır. Cavabdehin günahı ucbatından ona həm maddi, həm də mənəvi ziyan dəymişdir və ziyan cavabdehin hüquqazidd əməlləri nəticəsində vurulduğundan cavabdeh mülki-hüquq məsuliyyəti daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfin bildirdikləri həqiqəti əks etdirmir, qazıntı işləri ilk olaraq onların evindən başlamış, traktor vasitəsilə yaşadıqları evin bünövrəsi olan hissədə 1 metr dərinliyi və evin boyu qədər uzunluğunda torpaq sahəsi qazılmış, nəticədə evin təməlinə zədə dəymiş və təhlükəsizlik baxımından həmin evdə yaşamaq onlar üçün təhlükə törədir. Bundan əlavə qazıntı işləri nəticəsində sahə zibillənmiş, heç bir təmizlik işləri aparılmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin və maraqlı şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. 10 fevral 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçıya məxsus olan fərdi yaşayış evi MTKnın mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. İddiaçıya məxsus olan evlə qonşuluqda yerləşən digər ev MTK tərəfindən yeni tikilinin inşa edilməsi üçün alınmış və həmin ərazidə söküntü işləri aparılmışdır. Söküntü işlərinin aparılması nəticəsində həmin ərazidə zamanı dağınıqlıq yaranmış və Abşeron rayon İcra Hakimiyyətinin şifahi göstərişinə əsasən MTK tərəfindən ərazi təmizlənmişdir. Təmizlik işləri həm insan əməyi, həm də ekskavatorların köməkliyi ilə aparılmışdır. Söküntü və təmizlik işlərinin aparılması zamanı iddiaçıya məxsus yaşayış sahəsinə heç bir zərər yetirilməyib. İddiaçının guya onun evinə təhlükə yaranması barədə göstərdikləri doğru deyil, evdə heç bir zədə yoxdur. İddiaçının evinin ətrafında heç bir qazıntı işləri aparılmayıb, yalnız torpağın üst hissəsi daranıb, təmizlənib, həmin sahənin təmizlənməsi nəticəsində bir neçə kamaz zibil daşınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24.08.2021-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X2 Ekspertiza Baş İdarəsinin 22 may 2019-cu il tarixli 27346 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yaşayış binası (Blok A və B) üzrə tikinti layihəsi razılaşdırılmışdır. Abşeron rayon İcra hakimiyyətinin 10 aprel 2017-ci il tarixli 52 saylı sərəncamından görünür ki, “xxxx” MTK-nın mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 3180,45 kv.metr torpaq sahəsində 2 girişli 16 mərtəbəli yaşayış. Binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 8V saylı ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmaqla onun və ailə üzvlərinin istifadəsindədir. İddiaçı fərdi yaşayış evinin uçma təhlükəsində olduğunu, evin divarlarında çatlar əmələ gəldiyini, evin bünövrəsinin nəm çəkdiyini bildirir və bu halların cavabdeh şirkət tərəfindən fərdi yaşayış evinin bünövrəsi yaxınlığında aparılan söküntü və qazıntı işləri nəticəsində yarandığını iddia edir, cavabdehin bu hərəkətlər nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İş üzrə obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə məhkəmənin 17 fevral 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli 10/474 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, mülki iş materiallarındakı məlumatları və tədqiq olunan evin ətrafındakı torpaq sahəsinin faktiki vəziyyətini nəzərə alaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bünövrəsinin yaxınlığında qazıntı işləri aparıldığı, lakin sonradan həmin sahənin torpaq qatı ilə yenidən doldurulduğu müəyyən edilmişdir. Tədqiq olunan evin yaxınlığındakı (hasara alınmış sahə) qazıntı aparılan sahə faktiki olaraq torpaq qatı ilə örtüldüyündən və evin bünövrəsi torpaq altında qaldığından, həmin evin bünövrəsinə ziyan dəyibdəyməməsini, dəymiş ziyanın qazıntı işləri ilə əlaqəli olub-olmamasını eləcə də bünövrəyə dəymiş ziyanın dəyərini müəyyən etmək mümkün olmamışdır. Lakin yaşayış evinin daxilindəki tikililərə baxış zamanı, həmin tikililərin tavan və divarının üzərində, eləcə də arakəsmə divarlarda müxtəlif istiqamətli çatlar əmələ gəldiyi, suvaq qatının töküldüyü, paduqaların çatladığı müəyyən olunmuşdur. Məhkəmənin 08.02.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli 10/958 nömrəli əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin müvafiq rəyi təqdim olunmadığından iddiaçı X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, məhəllə 30, 8v saylı yaşayış evinin daxilində tikililərin tavan və divarlarının üzərində, eləcə də arakəsmə divarlarda müxtəlif istiqamətlərdə müəyyən edilmiş çatların, eləcə də suvaq qatının tökülməsinin, paduqaların çatlamasınm səbəblərini və həmin qüsurların evin bünövrəsi yaxınlığında aparılmış qazıntı işlərinin aparılması arasında səbəbli əlaqənin olub- olmamasını müəyyən etmək mümkün olmamışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin müvafiq rəyi təqdim olunduqdan sonra həmin fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği müəyyən oluna bilər. 27 dekabr 2019-cu il tarixdə məhkəmə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə sorğu verərək mülki işə baxılması zərurəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin X3 Mərkəzinin 112 Çevik reaksiya idarəsinə edilmiş müraciət əsasında mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində əldə edilmiş faktlar barədə toplanmış materialların təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsinin təmin olunması xahiş olunmuşdur. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 28 yanvar 2020-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında “xxxx” MTK tərəfindən ərazi hasarlanmışdır, lakin tikinti-quraşdırma işləri aparılmır. Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə sorğusuna Abşeron rayon İcra hakimiyyətinin 03 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Nurayə Abdullayevanın müraciəti əsasında araşdırma aparılmış, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında “xxxx” MTK-nın istifadəsində və mülkiyyətində olan torpaq sahəsində heç bir qazıntı işləri aparılmamışdır. Aparılan torpaq işləri üfüqi planlaşdırma məqsədi daşıyır və İddiaçı məxsus evin konkstruktiv dayanıqlığına heç bir təsir göstərə bilməz. İşin hallarından göründüyü kimi, məhkəmə araşdırması zamanı iki dəfə məhkəmə ekspertizaları təyin olunmuş, aparılan ekspertiza tədqiqatları nəticəsində yalnız evin divarlarında çatlar əmələ gəlməsi, suvaq qatınının çökməsi kimi hallar müəyyən olunmasına baxmayaraq həmin halların cavabdeh təşkilat tərəfindən aparılan inşaat işləri nəticəsində yaranmasını müəyyən etmək, iddiaçının evində yaranmış qüsurla cavabdeh təşkilat tərəfindən aparılmış qazıntı işləri arasında səbəbli əlaqəni müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda şərh olunan maddələrin məzmunundan görünür ki, şəxsin mülki hüquq məsuliyyətinin və digər şəxsin ona vurulmuş zərərin tələb etmə hüququn yaranması üçün 1) vurulmuş zərərin real olması 2) əməlin hüquqazidd olması və 3) əməllə vurulmuş zərər arasında səbəbli əlaqənin olması şərtləri gözlənilməlidir. Yalnız həmin şərtləri hər biri mövcud olduqda şəxsin vurulmuş zərərin əvəzini tələbetmək hüququ yaranır. Məhkəmə hesab edir ki, cavabdehin əməllərinin hüquqazidd olması və iddiaçıya dəymiş ziyanla həmin əməllər arasında səbəbli əlaqənin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədi. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Belə ki, iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün göstərdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. İddiaçı iddianın əsası olaraq cavabdeh tərəfindən qanunsuz olaraq qazıntı işlərinin aparılmasına və cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakına və ona maddi və mənəvi zərər vurulmasını iddia etsə də əsaslandığı bu halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilmədi. Həmçinin məhkəmə hesab edir ki, zərərin əvəzini tələb etmə hüququnun yaranması əsaslarından olan “əməlin hüquqa ziddliyi şərti” də məhkəmədə öz təsdiqini tapmadı. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən də göründüyü kimi qeyd olunan tikinti işləri qanunla nəzərdə tutulmuş qaydada müvafiq orqanın sərəncamı əsasında, müvafiq rəylər alınmaqla və layihələndirmə aparılmaqla həyata keçirilmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar natamam sübutlar kimi qiymətləndirilməli və iddia sübut yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «xxxx» MTK-yə qarşı Abşeron rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində işə cəlb etməklə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar