Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7613/2021 22.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «sökülmüş tikilinin bərpa edilməsi, mülkiyyətdə kənar müdaxilələrin qadağan olunması maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sökülmüş tikilinin bərpa edilməsi, mülkiyyətdə kənar müdaxilələrin qadağan olunması maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhlə, dəmir yolu bağ evinin hasarının uçurulması nəticəsində dəymiş 5000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın cəmi 10.000 (on min) manatın cavabdehdən alınaraq ona verilməsi və qeyd olunan evə kənar müdaxilələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 7500 manat maddi ziyanın və mənəvi ziyana görə 10000 manat məbləğində təzminatın, dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 17.04.2019-cu il tarixdə qəsəbə ərazisində Elxan adlı şəxsdən 5-ci məhəllədə yerləşən ona məxsus fərdi yarımtikili almışdır. Həmin tikilini təmir edib oraya köçmüşdür. 05.05.2019-cu il tarixdə tanımadığı Zinhət adlı qadın və onun oğlu Sadıq evlərinə hücum edərək evin onlara məxsus olduğunu bildirmiş, onu və ailəsini söyüb təhqir etmişlər. Halbuki onlar evi almamışdan qabaq evə baxmağa gələrkən Sadıq evin Elxana məxsus olduğunu bildirmiş və evin divarında yazılmış nömrəyə zəng vurmağı və ev yiyəsi Elxan adlı şəxslə əlaqə saxlamağı məsləhət bilmişdir. 14.09.2019-cu il tarixdə gecə saatlarında 10:00-da o gecə işdə olarkən Sadıq sərxoş halda balta və kəlbətin ilə onun evinin dəmir setkalarını kəsib həyətinə daxil olmuş və yoldaşı Mikayılova Xəyaləni və azyaşlı uşaqlarını söyüb təhqir etmiş, onları öldürəcəyi ilə hədələmişdir. Bundan başqa 15.09.2019-cu il tarixdə səhər saatlarında həyətə gələrək bütün dəmir setkaları söküb aparmış, həyətində olan xırda ağacları və gülləri məhv etmişdir. 20.11.2019-cu il tarixdə Zinhət yenidən evə hücum edərkən qarışıqlıq baş vermiş, 9 yaşlı qızı Mikayılova Ayanın qolu 2 yerdən qırılmışdır. 20.09.2020-ci il tarixdə Zinhət yenidən evə basqın edərək mişar daşından yenicə hördükləri hasarı dağıdaraq yenidən onlara ziyan vurmuşdur. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 2-cü polis Bölməsinin təhqiqatçısı polis kapitanı Fərhad Bayramov tərəfindən araşdırılma aparılmış, 17 iyul 2021-ci il tarixdə cavabdehin əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh hal-hazırda da qanunsuz əməllərini davam etdirir. Bu səbəbdən də o , məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbini onunla əsaslandırdı ki, o ilkin iddia tələbini qəbul etmir. İddiaçının hazırda faktiki yaşadığı ev ona məxsus olmaqla onun vəsaiti hesabına inşa olunmuşdur. O həmin evin tikintisinə ümumilikdə 7500 manat məbləğində vəsait sərf etmişdir. 12.04.2019-cu il tarixdən 27.04.2019-cu il tarixədək Sumqayıt şəhər 4 saylı xəstəxanada stasionar müalicə aldığı ərəfədə oğlu Sadiq Qurbanovun qaynı Elxan Nəsrullayev ona məxsus olan və şəxsi vəsaiti ilə tikmiş olduğu fərdi yaşayış evini cavabdehə öz evi kimi təqdim edərək satmış və o bu barədə yalnız xəstəxanadan çıxıb evə gəldikdən sonra xəbər tutmuşdur .Deyilənə görə Elxan onun evini öz evi kimi təqdim edərək 7 min manat məbləğində pul almışdır. Cavabdeh özü də etiraf etmişdir ki, Elxan bu evi öz evi kimi onlara satmış və evin əsl sahibinin onun olduğunu bilməmişdir. O cavabdehə bildirmişdir ki, evi boşaltmalı və ona təhvil verməlidir, Elxandan aldığı pulu isə ondan tələb etməlidir ,belə ki, o özünün olmayan bu evə görə onlardan pul almışdır. Onu da qeyd edir ki, bu tikili ona məxsus olmaqla torpaq, vergi, rüsum, kommunal xərclər onun tərəfindən ödənilib və həmin ətrafda yaşayan bütün qonşular da bilir ki, bu tikili ona məxsusdur və onun vəsaiti ilə təmir edilmişdir. Lakin cavabdeh verdiyi pulu Elxandan tələb etmək əvəzinə ona məxsus olan evdə yaşamağa davam etmiş, hətta onu həmin ərazidə qanunsuz tikinti işi aparmasına razı olmadığı üçün döyərək ona xəsarət yetirmişdir. O həmin döyülmə faktı ilə bağlı polisə şikayət etmiş, ekspertizadan keçmiş, lakin iş üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. O həmin qərardan şikayət verdikdən sonra qarşı tərəf ona qarşı hazırki iddianı qaldırmış və şər ataraq guya onun qızı Mikayılova Ayanın qolunu qırdığını bildirmişdir. Halbuki o özü bu şəxs tərəfindən döyülmüş və xəsarət almışdır. Cavabdehin bu evə hüququnu təsdiqləyən sənədi yoxdur, lakin onun bu evi tikdirdiyini və evin ona məxsus olduğunu sübuta yetirən şahidləri vardır. Tikiliyə 7500 manat xərc çəkilmişdir ki, həmin vəsait də cavabdehdən alınaraq ona qaytarılmalıdır. Ev üzərində hüquqları dövlət qeydiyyatına alınmadığı üçün cavabdehin bu evdən çıxarılmasını iddia edə bilmir, belə ki, Elxana qarşı bir dəfə məhkəmədə belə bir iddia qaldırmış, lakin ev sənədsiz olduğu üçün məhkəmə onun iddia tələbini təmin etməmişdir. Belə olan halda həmin tikilinin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin olunmalı və evin dəyəri cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan başqa o artıq 2 ildən çoxdur ki, cavabdehin təqsiri üzündən mənəvi sıxıntılarla üzləşmiş, əsəb-stres keçirmiş ,bu şəxs tərəfindən döyülmüş və təhqir olunmuşdur, nəticədə ona mənəvi ziyan da dəymişdir ki, o həmin ziyanı 10000 manat məbləğində qiymətləndirir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 və X1 eyni tərkibli izahatlar verərək bildirdilər ki, ikisi də Cavabdeh ilə qonşudurlar. Mübahisəli ev Zinhətə məxsusdur. Onlar Ceyhun adlı şəxsi tanımırlar. İlkin iddia üzrə cavabdehin vəkili Vəkil da məhkəmə iclasında ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İlkin iddia və qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə iclasında iddia tələblərini əsaslandıra bilməmiş və bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər. Bununla da, məhkəmə hesab edir ki, iddiaçılar iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «sökülmüş tikilinin bərpa edilməsi, mülkiyyətdə kənar müdaxilələrin qadağan olunması maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «sökülmüş tikilinin bərpa edilməsi, mülkiyyətdə kənar müdaxilələrin qadağan olunması maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan» tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-7613/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7613/2021
22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver