Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7661/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddia ərizəsini onunla əsaslandırmışdır ki, mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur, cavabdehlər heç vaxt mənzildə yaşamamış, yalnız qeydiyyatda qalmışdır. Mənzildə cavabdehlərə məxsus heç bir əşya yoxdur. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. İddia ərizəsinin məzmunundan (mənzil alqı-satqı müqaviləsi əsasında alınmışdır) isə aydın olur ki, iş üzrə iddiaçı mənzilə istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. «İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi hüquqsahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən isə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibatiicraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunvericiliyin mənasına görə inzibati məhkəmələr inzibati hüquq münasibətləri ilə əlaqədar mübahisələrə baxırlar və inzibati hüquq münasibətlərinin subyektiv tərkibi inzibati orqan və maraqlı şəxsdən ibarət olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqana (Sumqayıt şəhər Polis İdarəsinə) müraciət etməklə istifadə hüququ olmayan şəxsin qeydiyyatının ləğv olunmasını tələb etmək hüququ mövcuddur. İnzibati orqan tərəfindən iddiaçının bu tələbindən imtina olunduğu halda, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq və Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7661/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7661/2023
04.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver