Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7728/2021 11.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi, küçədən ayrı giriş çıxış qapısının açılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi, küçədən ayrı giriş çıxış qapısının açılması» tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B- 4840B saylı torpaq sahələrinin sərhədləri cavabdehə məxsus 0,12 ha sahəli 4840 saylı bağ sahəsindən ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində əks edilmiş qaydada bölünərək ayrılması və həmin torpaq sahələrinə giriş-çıxış yolu (piyada və nəqliyyatla) cavabdehin istifadəsində olan 4840 saylı bağ sahəsindən və həmin sahəyə olan darvazadan istifadə edilməklə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddia ərizəsinə əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnamə və qərarları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıya 2008-ci ildən borclu olduğu 305.020 manat məbləğində vəsaitin ondan alınaraq iddiaçıya qaytarılması qət edilmiş və həmin mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən iddianın təmin tədbiri qismində Nəsimi rayon məhkəməsinin 18 noyabr 2013-cü il tarixli qərardadı ilə cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməsi üçün icraya daxil edildiyi gündən 1 il keçməsi və borclunun iddiaçıya ödəməli olduğu vəsaiti qaytarmaması və icra sənədinin icrasından qəsdən boyun qaçırması səbəbi ilə Nəsimi rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərardadı ilə Nəsimi rayon İcra Şöbəsinin icra məmuru R.Muradovun Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B- 4840B, B-4840 saylı torpaq sahələrinin üzərindən həbsin götürülməsinə dair təqdimatı təmin edilmiş, həmin bağ sahələrinin adına rəsmiləşdirilməsi üçün qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İstinad edilmiş birinci instansiya məhkəməsinin qərardadından borclu Cavabdeh1 verdiyi apellyasiya və kassasiya şikayətləri apellyasiya və kassasiya instansiya məhkəmələrinin müvafiq qərarları ilə təmin edilməmiş, nəticədə də icra orqanı tərəfindən cavabdehin borcunun 1/3 hissəsinin əvəzinə iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələri təklif edilmiş və iddiaçının razılığı və məhkəmə qərarı əsasında həmin bağ sahələri adına rəsmiləşdirilməsi nəticəsində iddiaçıya DƏDRX-nin 17 fevral 2017-ci il tarixli reyestrlərindən çıxarışlar verilmişdir. Növbəti dəfə cavabdeh Sumqayıt İnzibati İqtisadi Məhkəməsində iddiaçıya qarşı iddia qaldıraraq adına verilmiş çıxarışları mübahisələndirmiş və məhkəmənin 02 iyun 2017-ci il tarixli qərardadı ilə gələcəkdə iddianın təmin tədbirinin təmin edilməsi məqsədi ilə Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələrinin özgəninkiləşdirilməsi iddiaçıya qadağa edilmişdir. Lakin həmin məhkəmənin 03 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçının məhkəmə iclaslarına iştirak etməməsi səbəbi ilə iddianın geri götürülmüş hesab edilməsi haqda qərar qəbul edilmişdir. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərardadı İlə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qərardadı ləğv edilərək Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair qoyulmuş qadağa götürülmüşdür. Cavabdeh iddiaçıya borclu qaldığı 2/3 hissəsini də bu günədək ödəməmiş və bununla əlaqədar o, icra sənədinin icrasından qəsdən boyun qaçırması səbəbi ilə Nəsimi rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutularaq 02 il müddətinə islah işlərinə məhkum edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh bu günədək nə iddiaçıya borclu qaldığı məbləği, nə də ki, qanuni əsaslarla mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novaxnı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələri qanunsuz sahibliyində və istifadəsində saxlayır, ona təhvil verməkdən imtina edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mülki iş üzrə verilmiş 05.08.2019-cu il tarixli, 15644 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840V saylı torpaq sahələrinin sərhədlərini müəyyən etmək mümkündür və həmin sərhədlər ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində öz əksini tapmışdır. Eyni zamanda ekspert mütəxəsis rəyinə əlavə olunmuş sxemdə göstərilən iddiaçıya məxsus sahələri 0,12 kv.m və 0,0529 kv.m olan torpaq sahələrinə gedən yol cavabdehin torpaq sahəsindən açılmalı olduğu üçün bu məsələnin servitut qaydasında həll edilməsinin mümkün olduğuna istinad etmişdir. Mübahisə edilən torpaq sahəsinə yerində baxış keçirilən zaman da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan B-4840 və B-4840B saylı torpaq sahəsinə keçid yolu hazırda Cavabdeh2 məxsus 4840 saylı bağ sahəsinin giriş darvazadan istifadə etməklə və həmin bağ sahəsindən keçməklə müəyyən etmək mümkündür. İddiaçıya məxsus bağ sahələrinə başqa keçid yolu olmadığından hesab edir ki, mübahisə servitut qaydaları tətbiq edilməklə həll edilməlidir. AR Torpaq Məcəlləsinin 54.2-ci maddəsinin tələblərinə əsasən servitut (torpaq sahəsindən məhdud istifadə hüququ)- torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 54.3-cü maddəsinə görə torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. AR Torpaq Məcəlləsinin 54.4-cü maddəsinin tələblərinə əsasən torpaq sahəsindən servitutlar torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək hüququ verilməklə də müəyyən edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək göstərdi ki, cavabdeh tərəf iş üzrə verilmiş 05.08.2019-cu il tarixli, 15644 saylı ekspert rəyi ilə müəyyən edilmiş qaydada iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840V saylı torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsinə ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində göstərildiyi kimi müəyyən edilməsinə etiraz etmir. Lakin hesab edir ki, iddiaçının torpaq sahəsinə giriş-çıxış yolunun verilməsi servitut hüququ əsasında deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Odur ki, iddia tələbinin həmin hissədə rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı, 17 fevral 2017-ci il tarixli və RX ******* saylı, 17 fevral 2017-ci il tarixli çıxarışların notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4840 və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4840 V torpaq sahələri mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində və 20 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 13 saylı notariat ofisinin 05 fevral 2020ci İİ tarixli, 28 nömrəli məktubundan görünür ki, 08 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka dair şəhadətnamə almaq üçün vərəsələrinin ərizəsi əsasında konturda vərəsəlik işi açılmışdır. Qanunauyğun olaraq mərhum X4 vərəsəsi Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 13/16, mənzil 160-da qeydiyyatda olan oğlu-Cavabdeh2 müəyyən olunmuşdur və mərhumdan qalmış miras əmlaka dair ona vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA ******* saylı 31 mart 2010-cu il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4840 torpaq sahəsi mülkiyyət hüququ üzrə X4 adma daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15644 saylı, 05 avqust 2019-cu il tarixli rəyindən görünür ki, yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0.12 kv.metr olan B-4840 saylı və sahəsi 3.0529 kv.metr olan B-4840B saylı torpaq sahələrinin sərhədlərini müəyyən etmək «mümkündür və bu sahələr mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. İdiaçının mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilən 0.12 ha və 0.0529 ha örpaq sahəsinə gedən yol cavabdehin torpaq sahəsindən açılmalı olduğu üçün bu məsələ servitut qaydasında həll oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 1-ci bəndinə əsasən servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. 54-cü maddəsinin 2-ci bəndinə əsasən servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qəran ilə müəyyən edilə bilər. 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. İddia tələbindən görünür ki, iddiaçı ona məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B- 4840B saylı torpaq sahələrinin sərhədləri cavabdehə məxsus 0,12 ha sahəli 4840 saylı bağ sahəsindən ekspert rəyinə əlavə edilmiş mütəxəsis sxemində əks edilmiş qaydada bölünərək ayrılması ilə yanaşı, servitut hüququ əsasında həmin torpaq sahələrinə girişçıxış yolu (piyada və nəqliyyatla) cavabdehin istifadəsində olan 4840 saylı bağ sahəsindən və həmin sahəyə olan darvazadan istifadə edilməklə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını və iş üzrə keçirilmiş ekspertizanın rəyini nəzərə alaraq iddia tələbinin bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi hissəsini əsaslı hesab edir. Lakin məhkəmə iddia tələbinin servitut hüququ əsasında həmin torpaq sahələrinə giriş-çıxış yolu (piyada və nəqliyyatla) cavabdehin istifadəsində olan 4840 saylı bağ sahəsindən və həmin sahəyə olan darvazadan istifadə edilməklə müəyyən edilməsi hissəsini əsassız hesab edir. Belə ki, məhkəmə Mülki Məcəllənin servitut institutunu təsbit edən yuxarıda sadalanan müddəalarına istinad edərək qeyd edir ki, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. İstinad olunan maddi hüquq normalarına görə cavabdehin üzərinə servitutla bağlı məhkəmə qaydasında müqavilə bağlamaq öhdəliyinin qoyulması istisna edilir. Əks halda bu müqavilə azadlıq prinsipinə (Mülki Məcəllənin 390-cı maddəsi) zidd olardı. Bundan başqa mübahisənin kökündən də görünür ki, iddiaçı əslində özünə məxsus torpaq sahəsinə zəruri yolun verilməsini tələb edir, lakin bu servitut hüququ ilə bağlı deyildir və Mülki Məcəllənin 175-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilə bilər. Nəzərə alınmalıdır ki, məhkəmənin bu mübahisə ilə bağlı gəldiyi nəticə iddiaçının cavabdehlərin torpaq sahələrindən zəruri yol və keçidin verilməsi ilə bağlı yeni iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İddiaçının nümayəndəsinin iddia tələbini AR Torpaq Məcəlləsinin 54-cü maddəsi ilə əsaslandırmasına gəldikdə isə məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 31 avqust 1999-cu il tarixdən, Mülki Məcəllə isə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə mindiyi üçün “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən Mülki Məcəllənin müddəalan tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında həmin Məcəllələrin normalarında müəyyən olunmuş kolliziyanı şərh edərkən izah etmişdir ki, əvvəlki “Normativ hüquqi aktlar haqqında” Qanunun 7-ci maddəsində, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsində təsbit olunmuş zaman prinsipinin (Lex posterior derogat legi priori) məzmunu ondan ibarətdir ki, əgər sonrakı qanunda əvvəl qəbul olunmuş qanunun normalarının qüvvədən düşməsinə dair xüsusi qeyd olmasa da, bu qanunlar arasında kolliziya yarandıqda sonrakı qanun qüvvədə olur. Əvvəlki qanunun qüvvəsi isə yalnız onun sonrakı qanuna zidd olmayan hissəsində yol verilir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə məhz Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinin sərhədləri, cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0.12 ha sahəli 4840 saylı bağ sahəsindən ekspert rəyinə əlavə edilmiş mütəxəssis rəyində əks edilmiş qaydada bölünərək ayrılmalı, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT-BİK CTREAZ22 hesaba, mütəxəssis rəyinə görə isə 229.75 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Kapital Bank ASC-nin Xətai filialı, Kod 200071, VÖEN **********, Müxbir hesab AZ 37NABZ********************, SWİFT-kod AİİBAZ2X hesaba keçirilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B-4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinin sərhədləri, cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0.12 ha sahəli 4840 saylı bağ sahəsindən ekspert rəyinə əlavə edilmiş mütəxəssis rəyində əks edilmiş qaydada bölünərək ayrılsın. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT-BİK CTREAZ22 hesaba, mütəxəssis rəyinə görə isə 229.75 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Kapital Bank ASC-nin Xətai filialı, Kod 200071, VÖEN **********, Müxbir hesab AZ 37NABZ********************, SWİFT-kod AİİBAZ2X hesaba keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-7728/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7728/2021
11.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver