Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7863/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər - Maraqlı şəxs1 və Maraqlı şəxs2) çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı (üçüncü şəxslər - Maraqlı şəxs1 və Maraqlı şəxs2) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 170 saylı mənzilinə dair Maraqlı şəxs2 adına verilmiş 22.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 170 saylı mənzil order əsasında iddiaçının atasına verilmişdir. Atası 19.11.2002-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra 20.04.2003-cü il tarixli kirayə müqaviləsi anası Maraqlı şəxs2 adına bağlanmışdır. 04.07.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən, anası evi bacısı Maraqlı şəxs1 qızma bağışlamışdır. 02.11.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Maraqlı şəxs1 mənzilin ½ hissəsini iddiaçıya bağışlamışdır. Həmin bağışlanma müqaviləsi əsasında 06.11.2013-cü il tarixli çıxarışı verilmişdir. 2015-ci il tarixdə iddiaçının anası məhkəmədə bağışlanma müqaviləsinin ləğv olunması tələbinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9559/2015 saylı, 03.12.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Maraqlı şəxs2 ilə Maraqlı şəxs1 arasında bağlanmış 04.07.2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması qət olunmuşdur. Bu səbəbdən iddiaçıya aid olan 02.11.2013-cü il tarixli bağışlanma müqaviləsi də öz qüvvəsni itirmişdir. İddiaçının və bacısının adına verilmiş çıxarışlar ləğv edilmiş 22.11.2019-cu il tarixli çıxarış ilə mənzil anasının mülkiyyətinə keçmişdir. İddiaçı sonradan həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1285/2021 saylı, 16.04.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmiş iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Burdan da aydın görünür ki, Maraqlı şəxs2 adına çıxarışın verilməsinə səbəb olan qətnamə ləğv edildiyindən həmin çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İddia ərizəsi ilə müəyyən edilir ki, iddiaçı anası Maraqlı şəxs2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin ləğv edilməsi səbəbindən həmin çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Həmin çıxarışın verilməsi inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Yəni, həmin qeydiyyat hansısa mülki-hüquqi əqd əsasında aparılmamışdır. Bu səbəbdən həmin çıxarış inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7863/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7863/2021
09.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver