Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8008/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 15000 manat pulun, maddi-mənəvi vurduğu zərərə görə 2000 manat pulun, eyni zamanda hər gecikmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında qətnamə icra olunan günə qədər illik 10% hesablamaqla və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2-3 il olar ki, iddiaçının cavabdeh ilə yoldaş kimi münasibəti olmuşdur. İddiaçının hətta onunla bir neçə dəfə alış-verişi də olmuşdur, 2020-ci ilin yanvar-fevral aylarında cavabdeh iddiaçıya Sumqayıt şəhərində yerləşən yeni tikililərdən birində ipotekaya mənzil ala bilməsi məqsədilə 2 dəfəyə 15000 manat almış, lakin vermiş olduğu vədinə əməl etməmişdir. Cavabdeh pulu iddiaçıdan təhvil alarkən bu işin 3-4 ay ərzində həllini tapacağını bildirsə də, sonradan iddiaçı onun vermiş olduğu bütün vədlərinin yalan olduğunu öyrənmiş və ona bildirmişdir ki, əgər pullarını verməsə, ondan polisə şikayət verəcək. Cavabdeh iddiaçının və valideynlərinin iştirakı ilə almış olduğu 15000 manat pulu ayda 4000 manat olmaqla ödəyəcəyinə vəd vermiş və bu barədə də 19 fevral 2021-ci il tarixində əlyazması ilə qəbzdə yazıb qoymuşdur. Lakin cavabdeh bu dəfəki vədində yalan çıxmış və pulları ödəməkdən boyun qaçırmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək onun tərəfindən 19.02.2021-ci il tarixində iddiaçının adına yazılmış iltizamın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının anası olan Valintina adlı şəxsdən faizə pul götürmüşdür. Borcun məbləği 7000 manat olmuşdur. Pul ona faizə verildiyi üçün ödəniləcək məbləğ cəmi olaraq 15 000 manat hesablanmışdır. Borcu verən şəxs qəbzin qızının adına yazılmasını istəmiş və cavabdeh bununla razılaşmışdır. O, Valintinadan dəfələrlə faizə borc götürmüş və qaytarmışdır. Bu dəfə də heç bir problemin olmayacağına inandığı üçün, etibarsız qəbzi imzalamağa etiraz etməmişdir. Amma cavabdehdən pulu Sevinc xanım deyil, onun anası tələb edə bilər. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onu cavabdehlə anası tanış edib. Cavabdeh onun valideynlərinin evinin yaxınlığındakı uşaq bağçasında metodist kimi fəaliyyət göstərir. Anası ilə bir-birini uzun müddətdir ki, tanıyırdılar və yaxşı münasibətləri var idi. O isə cavabdehi 2018-ci ildən tanıyır. Anası xahiş etmişdi ki, o, cavabdehə pul versin və anası ona etimad etdiyi üçün o cavabdehə pul vermək qərarına gəlmişdir. Belə qərara gəlinmişdir ki, o, cavabdehə pul verəcək, cavabdeh isə ona Sumqayıt şəhərində yeni tikilidə ev almağına köməklik göstərəcəkdi. Bu məqsədlə o, cavabdehə 2021-ci ilin 3 yanvar tarixində ilk dəfə valideynlərinin evində 7000 manat pul vermişdir. Bununla bağlı qəbz imzalamağı cavabdehə təklif etsə də, cavabdeh qəbzə ehiyac olmadığını bildirmişdir. Məbləğ çox yuxarı olmadığı üçün o, qəbzi imzalamağı təkid etməmişdir. Daha sonra cavabdehə ikinci dəfə fevral ayının əvvəllərində 8000 manat pul vermişdir. Cavabdeh yenə də pulu götürməsi ilə bağlı qəbz imzalamamışdır. Fevral ayının 19-u tarixində isə cavabdehin anasının ad günü idi və tələsirdi. Onun anası təkid elədi ki, qəbzi imzalasın və o, tələsdiyi üçün həmin gün qəbzi imzaladı. Aralarında olan razılığa əsasən, cavabdeh pulu 2-3 ay ərzində geri qaytarmalı idi. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir, iddiaçı ona ödənişləri etsin dəyə zəng etdikdə zənglərə cavab vermir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin iddiaçı ilə heç bir tanışlığı yoxdur. Onun yalnız iddiaçının anası ilə tanışlığı olub və pulu da onun anasından alıb. Cavabdeh dəfələrlə iddiaçının anasından faizlə pul götürüb, daha sonra isə ödənişlərini edib. Barəsində iddia qaldırılan borcu da cavabdeh başqa iş yoldaşı ilə brilikdə götürüb və qərarlaşdırıblar ki, pulu və ödənişləri bölsünlər. Cavabdeh iddiaçının anasından 7000 manat məbləğində borc götürüb, faizlə birlikdə həmin pul 15000 manat hesablanıb. Cavabdeh borcundan ödənişlər də edib, lakin halhazırda ödənişləri dəqiqliklə məhkəməyə təqdim edə bilmir. Məbləğ düzgün hesablanarsa, cavabdeh götürdüyü borcun qalan hissəsini də ödəməyə hazırdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1973-cü ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 02.06.1965-ci ildə, Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh adından imzalanmış yazılı iltizam əlavə edilmişdir. Həmin iltizamda qeyd edilmişdir ki, “Mən B.Lalə Tağı qızı A.Sevinc Yaşar qızından 03.01.2021-ci il tarixində 15000 (on beş min) manat götürdüm. Hər ay 4000 azn qaytaracam.”. İltizam imzalanmış və imza sözündən əvvəl “B.Lalə” sözləri qeyd edilmiş və 19.02.2021-ci il tarixi qoyulmuşdur. Göründüyü kimi iş materiallarına əlavə edilmiş yazılı iltizamda cavabdeh iddiaçıdan 15000 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Cavabdehin nümayəndəsi həmin əlyazmanın və imzanın cavabdehə məxsus olduğunu məhkəmə iclasında mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materiallarında olan yazılı iltizamda cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin iltizama borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh həmin iltizamla cavabdehə 15000 manat borcunun olduğunu etiraf etdiyi üçün ilkin iddia həmin pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Belə ki, Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Qarşılıqlı iddia ərizəsində cavabdeh iddiaçıdan deyil, iddiaçının anasından 7000 manat məbləğində pul aldığını, lakin iltizamda 15000 manat qeyd edildiyini bildirmişdir. Bu əsaslarla da cavabdeh həmin iltizamın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəlləyə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Cavabdeh iltizamda göstərilən məbləğdə deyil, 7000 manat pulu iddiaçıdan deyil, onun anasından aldığını bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, öz mövqeyini əsaslandıra bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Mənəvi ziyanın tutulması ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçı cavabdehin öz öhdəliyinin icrasını gecikdirməsi səbəbindən mənəvi sarsıntı və iztirablara məruz qalması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia mənəvi ziyanın tutulması hissəsində təmin edilə bilməz. İddiaçı həmçinin həmin puldan faydlanmağa görə cavabdehdən faizlərin tutulmasını tələb edir. Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı cavabdehdən illik faizləri də tələb etməsinə baxmayaraq həmin məsələlərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan iltizamdan cavabdehin öhdəliyi hansı zaman kəsiyində tam icra etməli olması barədə öhdəlik götürməsi mümkün deyildir. Bu səbəbdən cavabdehdən əldən çıxmış fayda kimi faizlərin də hansı dövr üçün tutulmalı olması müəyyən edilmir. Eyni zamanda iddiaçı həmin məbləğdə maddi ziyana məruz qalması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi maddi ziyan və əldən çıxmış fayda qismində pulun tutulması hissəsində də təmin edilə bilməz. İlkin iddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 15000 (on beş min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8008/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8008/2021
26.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver