Məhkəmə qərarları › İş №2(060)-813/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-813/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-813/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehna, üçüncü şəxslər "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdehna, üçüncü şəxslər "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun maaş kartından kiber cinayətkarlar vasitəsilə pul oğurlanıb. Belə ki, onlayn qaydada adına kredit xətti açılaraq pul çəkilib və o, heç bir pul vəsaiti görmədən "xxxx" ASC qarşısında əsassız olaraq borclanıb. Müraciəti əsasında Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı AR CM-nin 177.2.3-1- ci maddəsi ilə cinayət işi qaldırılmış və xx.xx.2023-cü il tarixdə iş icraata qəbul olunmuşdur. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınıb. Yəni kiber cinayət yolu ilə onun kart hesabından vəsait oğurlanıb və bu əməldən zərər çəkib. "xxxx" ASC onunla kredit müqaviləsi olduğunu iddia etməklə əmək haqqına yönəltmə etməyə başlamış və onun 2 aylıq əmək haqqını əsassız olaraq tutmuşdur. Bundan sonra o, əmək haqqından tutmaların dayandırılması ilə bağlı Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-188/2024 saylı qərardadı ilə ərizəsi təmin edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)-364/2024 saylı qərardadı ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tutmalar dayandırıldığı halda "xxxx" ASC Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə müraciət etmiş xüsusi notariusu xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən ondan 10884, 88 manat pulun tutulması qərara alınmışdır. İcra qeydi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən icra hərəkətlərinə başlanılmışdır. O, öz iradəsi ilə "xxxx" ASC-dən kredit götürməyib. Bu pulun ondan tutulması qanunsuz və əsassızdır. Çünki ortada cinayət əməli var və o, bu əməldən zərərçəkmiş şəxsdir. Artıq cinayət işi üzrə ondan oğurlanan pulun kimlərin hesabına köçürülməsi də müəyyən edilmişdir. Ona görə də hesab edir ki, icra qeydi ləğv edilməlidir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin qərarının ləğv edilməsi hissəsində xitam verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, övladlarının ödənişli təhsil alması ilə əlaqədar torpaq sahəsini 15000 manata satışa qoymuşdur. Elanı görən şəxslərdən biri ona 1500 manat beh atmaq üçün kart hesabını istəmişdir. Onun isə kart hesabı olmadığı üçün bacısınının kartının 16 rəqəmli kodunu həmin şəxsə demişdir. Daha sonra həmin şəxs bacısının kartına pul ata bilmək üçün 2 dəfə 6 rəqəmli təhlükəsizlik kodunu istəmiş və ikisini də o, qarşı tərəfə demişdir. Daha sonra bacısından kartına pul oturub oturmadığını soruşmuş, bacısı isə onun kartına heç bir pul məbləğinin oturmadığını demişdir. Dərhal informasiya təhlükəsizliyi sahəsində işləyən bacısı oğlu ilə əlaqə saxlamışdır. Bacısı oğlu ona hadisənin dələduzluq olduğunu bildirmişdir. Bundan sonra polisə muraciət etmiş və kartı bloklamışdır. 5-ci polis bölməsindən hadisə ilə əlaqədar çağırıldıqda aydınlaşmışdır ki, bacısının adına kredit götürülüb və bu pul məbləği Bank of Bakı kart hesabına köçürülüb. Daha sonra isə adına kredit götürülməsi ilə əlaqədar Beynəlxalq bankın ofisinə yaxınlaşdıqda əməkdaş ona bank sirri olması səbəbilə bu məlumatları verə bilməyəcəyini bildirdi. Bacısı 450 manat maaş aldığı halda bacısının adına 10000 manat kredit məbləğinin necə verildiyini başa düşə bilmir. Bank etirazına baxmayaraq yenə də onu günahkar çıxarmışdır. Daha sonra isə o, bankın əməkdaşından 16 rəqəmli kodu almış və dərhal polisə məlumat vermişdir. Polis də Kamran adlı kart sahibinin tapmışdır. Aydın olmuşdur ki 23 oktyabr tarixində Kamranın kartına 16000 manat pul daxil olub və Kamran bu pullardan 3000 manatını Elçin adlı şəxsə məxsus Leobank, 5000 manatını isə kapital bank kart hesabına ötürüb. Ümumi məbləğdən 3800 manat banka qaytarılmışdır. Bank bacısını məhkəməyə vermiş və iddia qaldıraraq kreditin bacısından tutulmasını istəmişdi. Nəsimi rayon məhkəməsinin qərarı ilə borcun bacısından tutulmasının dayandırılması qət edildi və son ödənişlərdən 2 ayı bacısına geri qaytarıldı. Kamranın kartı yalnız 26 oktyabrda kartından pul çıxdıqdan sonra bloklanıb. Şəxsən o, beynəlxalq bankdan 20000 manat kredit istəmiş, bank isə ona sadəcə 15000 manat verə biləcəyini bildirmişdir. O, 1500 manatdan çox maaş aldığı halda ona bu qədər, bacısı isə 400-500 manat maaş aldığı hala bacısına 10000 manat kredit verilməsi sual doğurur. Bank hər cür vasitə ilə pulunu geri almağa çalışır. Bacısının işi ilə əlaqədar cinayət işi getdiyi halda bacısından pul tutulmamalıdır. Qeyd edir ki, bacısının kartı debet kartı olmuşdur. Hadisə ilə əlaqədar cinayət işi üzrə araşdırma gedir. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İlqar Abdullayev tərəfindən cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Bacısı hadisə üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Hesab edir ki, müstəntiq özü də cinayət işi ilə bağlı məlumatlara dair məhkəməyə ətraflı izahat verə bilər və onun verəcəyi ifadələr cinayət işinin düzgün araşdırılmasına yardımçı olacaqdır. Bir daha qeyd edir ki, bacısının adına götürülmüş pullardan 5000 manatı Kapital bank, qalan 3000 manatı isə Leobank kart hesablarından tapılmışdır. Kart hesablarının sahibi olan şəxslər də bu məsələnin qurbanı olduqlarını bildiriblər. O, kartdan pul çıxan kimi 102-yə zəng etmişdi və pulun bir hissəsinin göndərildiyi Kamran adlı şəxsin kartını tapmışdı. Müstəntiq isə bu qədər vaxtda heç bir addım atmayıb. O, bankın bildirişini almışdır. Bundan sonra notariusa getmişdir və notarius tərəfindən ona icra qeydinin elektron qaydada gəldiyi bildirilmişdir. Hazırda onun iddia tələbi həmin icra qeydi üzrə tutulmanın dayandırılmasıdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh, üçüncü şəxslər "xxxx" ASC-nin və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Cavabdeh və üçüncü şəxs "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər üçüncü şəxs isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh, üçüncü şəxslər "xxxx" ASC-nin və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə hazırlıq iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı və bank arasındakı bağlanılmış kredit müqaviləsi hələ də etibarlıdır. Qarşı tərəfə bank tərəfindən bildiriş göndərilmiş və bütün prosessual müddətlər gözlənilmişdir. Hesab edir ki, icra qeydinin ləğvi üçün heç bir əsas yoxdur. Mübahisəyə dair sonuncu məhkəmə qətnaməsinə baxdıqda məhkəmənin mövqeyindən də müqavilənin etibarlı olması görünür.

7. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Sumqayıt şəhət ŞPİ-nin İŞ –nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır.

9. İşdə olan "xxxx" ASC-ninn xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əmək haqqından akseptsiz qaydada aparılan tutmalar “ABB" ASC tərəfindən dayandırılmışdır.

10. İşdə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-7402 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı 10884.88 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Tələb olunan 10884.88 manat ödənilənədək borclu İddiaçı əmək haqqından hər ay 50 % tutulub "xxxx" ASC-nin hesabına köçürülməsi məqsədi ilə məhkəmənin icra sənədi icra olunması üçün göndərilir. Eyni zamanda bildirilir ki, borclu şəxs qanunda nəzərdə tutulmuş qaydada könüllü icra müddəti ərzində icranı təmin etmədiyi üçün tələb olunan 10884.88 manat manat məbləğ 7% həcmində icra ödənişi, yəni 761.94 manatı Sumqayıt Şəhəri üzrə icra İdarəsinin xüsu fondunun hesabına köçürülməlidir. İcra sənədi icra olunduqdan sonra tutulmalar haqqında qeydiyyat aparılmalı və idarənin möhürü ilə təsdiq edildikdən sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmalıdır.

11. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-7402 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı 761.94 manat pulun tutulması və icra ödənişinin "xxxx" ASC-də Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xüsusi fondunun hesabına köçürülməsi qərara alınmışdır. 12.İşdə olan Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-7402 saylı xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə Sumqayit şəhəri, yat-15, Baki küçəsi, məhəllə 15, ev 5ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1975) TL-EE002029919 nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixi müddət üçün vaxtında ödənilməmiş 10859 manat 88 qəpik (on min səkkiz yüz əlli doqquz manat səksən səkkiz qəpik) tutulması, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10884 manat 88 qəpik (on min səkkiz yüz səksən dörd manat səksən səkkiz qəpik) pul tutulması təklif edilmiş və həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. 13.İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)- 188/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiasına əsasən mülki işdə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək İddiaçı əmək haqqından "xxxx" ASC tərəfindən akseptsiz qaydada tutulmaların həyata keçirilməsi "xxxx" ASC-yə qadağan edilmişdir. 14.İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınını 16(103)-364/2024 saylı, xx.xx.2024-cü il tarikli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 15.İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2756/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.

16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TL-EE002029919 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən İddiaçı illik 24 faiz dərəcəsi olmaqla, 59 ay müddətinə 10000 manat məbləğində kredit xətti açılmışdır. 17.İşdə olan notariat icra qeydi haqqında ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli TL-EE002029919 nömrəli müqavilə üzrə 10000 manat əsas, 589.48 manat faiz borcu olmaqla, ümümilikdə 10859.88 manat borcu vardır. 18.İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı borcunun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. 19.İş materiallarına əlavə edilmiş 213705 nömrəli qaimədən görünür ki, "xxxx" ASC tərəfindən yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydlərinin aparılacağı barədə bildiriş Sumqayıt şəhəri, yataqxana 15, ünvan 2 ünvanına göndərilmiş və “Bağırova” adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli TL-EE002029919 nömrəli müqaviləyə əsasən bank tərəfindən illik 24 faiz dərəcəsi olmaqla, 59 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilə üzrə İddiaçı üzərinə düşən öhədlikləri yerinə yetirmədiyi üçün həmin müqavilə üzrə "xxxx" ASC-nin notariat icra qeydi haqqında ərizəsinə əsasən Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən 8İ-7402 saylı xx.xx.2024-cü il tarixli icra qeydi aparılmışdır. Hazırda iddiaçı həmin icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

21. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. 22.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. 23.Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. 24.Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. 25.Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. 26.Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür.

27. İş materiallarından görünür ki, icra qeydinin aparılması üçün notariat orqanına müddəti keçirilmiş borcun məbləği göstərilməklə, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə maliyyə arayışı və tərəflər arasında bağlanmış kredit müqaviləsi təqdim olunmuşdır.

28. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

29. İş materiallarından görünür ki, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclunun məlumatlandırılması barədə bildiriş və bildirişin borcluya çatdırılmasını təsdiq edən sənəd də notariat orqanına təqdim olunmuşdur.

30. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında icra qeydinin aparılacağı barədə bildirişi aldıqlarını bildirmiş və bu halı mübahisələndirməmişdir.

31. İddiaçı iddia tələbinin əsası kimi xx.xx.2023-cü il tarixli TL-EE002029919 nömrəli kredit müqaviləsinin onun xəbəri və razılığı olmadan "xxxx" ASC tərəfindən bağlanılmasına, kredit müqaviləsi ilə ayrılan məbləğin kibercinayətkarlar tərəfindən mənimsənməsinə istinad etmişdir. 32.Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni onun kredit müqaviləsi bağlanarkən cinayətkarlar tərəfindən aldadılması icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz.

33. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarlı olması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur.

34. Digər tərəfdən məhkəmə qeyd edir ki, cinayət işinin istintaqı zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapsa belə, bu cinayət hadisəsi bankın hər hansı hərəkət və ya hərəkətsizliği nəticəsində baş vermədiyindən bu hal tərəflər arasında bağlanmış və halhazırda qüvvədə olan kredit müqaviləsi üzrə yaranmış borcun iddiaçı tərəfindən ödənilməməsinə səbəb ola bilməz.

35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan hüquqi əsaslar mövcud deyil.

36. Eyni zamanda məhkəmə iddiaçıya izah edir ki, cinayət hadisəsi məhkəmə hökmü ilə təsdiqini tapdığı və iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığı halda, iddiaçının kredit müqaviləsi üzrə banka ödədiyi məbləği ona vurulmuş ziyan qismində təqsirləndirilən şəxsdən tələb etmək hüququ olacaqdır.

37. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

39. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 40.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehna, üçüncü şəxslər "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. 41.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. 42.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 43.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı Cavabdehna, üçüncü şəxslər "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar