Məhkəmə qərarları › İş №2(060)-8228/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8228/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8228/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 46.000 manat, hüquqi yardıma görə ödədiyi 150 manat, dövlət rüsumu üçün ödədiyi 30 manat və həmçinin mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 47.180 manat dəymiş real ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 26.11.2019-cu ildə verilmiş reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi 16190372 olan çıxarışa əsasən Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsi üzərində X3 məxsus istifadə hüquqlarını 24.01.2021-ci il tarixə kimi 1 74.000 manata ona satması, onun isə müqavilə rəsmiləşdirilərkən 174.000 manatı satıcıya ödəməsi barədə razılığa gəlmişdirlər. O, razılığa gəldikdən sonra 24.12.2020-ci il tarixdə müqavilənin təminatı kimi cavabdehə 8.000 manat beh ödəmiş qalan 166.000 manatı müqavilə rəsmiləşdirilərkən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonradan ondan daha 15.000 manat beh ödəməsini xahiş etmiş və o, cavabdehlə razılaşaraq ona ümümi 23.000 manat beh ödəmiş, qalan 143.000 manatı isə 24.01.2021-ci il tarixə müqavilə rəsmiləşdirilərkən ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, o, iş üzrə Cavabdeh ümumilikdə 23.000 manat beh ödəmişdir. Lakin Cavabdeh verdiyi vədinə əməl etməmiş və o, başa düşmüşdür ki, Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsi üzərində X3 məxsus istifadə hüquqlarını 24.01.2021-ci il tarixə kimi 174.000 manata ona satmağı cəfəngiyyatdan başqa bir şey deyil, ona görə də verdiyi behi geri tələb etmiş, lakin Cavabdeh ödənilən behi geri qaytarmaqdan imtina etmiş və ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. O, eyni zamanda məhkəmə tərəfindən ona cavabdehin əsl cavabdehlə əvəz olunması barədə edilən təklifi qəbul etmədiyini, X2 deyil, Cavabdeh iş üzrə cavabdeh qismində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirdi və iddia tələbinin rədd olunmasını xahiş etdi. O, eyni zamanda sözügedən torpaq sahəsinin onun bacısı oğlu Raminin adına olduğunu qeyd etdi. Məhkəmə iclasında cavabdehin vəkili iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını, cavabdehin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -19.01.2021-ci il tarixli beh müqaviləsinə əlavənin 1.1-ci bəndindən görünür ki, tərəflər 24.12.2020-ci il tarixdə bağladıqları və notarial qaydada təsdiq edilmiş, 3M-916 reyestr saylı beh müqaviləsinin 2-ci bəndində nəzərdə tutulmuş, gələcəkdə bağlanacaq torpaq sahəsinin alqı-satqı müqaviləsinin təminatı kimi beh verən – İddiaçı tərəfindən beh alan – X3 ödənilən behin məbləğinə 15.000 manat əlavə edilməklə həmin behin miqdarının 23.000 manat məbləğində, həmçinin müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən beh verən tərəfindən ödənilməli olan pul vəsaitinin miqdarının 151.000 manat məbləğində müəyyən edilməsi barədə razılığa gəlmişdirlər. - Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, beh verən bu müqavilə ilə ödənilməsi nəzərdə tutulan puluna əlavə olaraq ödənilən 15.000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə beh alana ödəyir. 2.2-ci bəndindən görünür ki, beh alan həmin məbləği qəbul edir. Müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər beh verən tərəfindən ödənilir. - İddiaçı 23.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o, məhkəmə tərəfindən ona cavabdehin əsl cavabdehlə əvəz olunması barədə edilən təklifi qəbul etmədiyini, X2 deyil, Cavabdeh iş üzrə cavabdeh qismində saxlanılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsinə sahiblik hüququ olan X4 təmsil edərək onun adından 19.01.2021-ci il tarixdə İddiaçı ilə beh müqaviləsi bağlamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh torpaq sahəsinə sahiblik hüququ olan X4 təmsil edərək, notarial qaydada onun adından cavabdehlə beh müqaviləsi bağlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Odur ki, Cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə əsassızdır. Beləliklə, məhkəmə hesab ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 46.000 manat, hüquqi yardıma görə ödədiyi 150 manat, dövlət rüsumu üçün ödədiyi 30 manat və həmçinin mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 47.180 manat dəymiş real ziyanın tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar