Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-824/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1177 manat məbləğində vurulmuş zərərin və 31,77 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “TOYOTA LAND CRUİSER” markalı, **- MX-*** dövlət nömrə nişanlı avtomobil 16.01.2019-cu ildən 16.01.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 08.01.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2019-cu il fevralın 26-da cavabdeh etibarnamə olmadan idarə etdiyi “TOYOTA LAND CRUİSER” markalı, **-MX-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qələbə dairəsində, “MERCEDES BENZ C 180” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Yasamal RPİ-nin DYPŞ tərəfindən 01.03.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Yasamal RPİ-nin DYPŞ-in 01.03.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. “MERCEDES BENZ C 180” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilə 1177 manat məbləğində zərər dəymişdir. İddiaçı 19.03.2019-cu il tarixində 966 nömrəli ödəniş tapşırığı ilə həmin məbləği zərəçəkmiş şəxs X3 ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-824/2022 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.1978-ci ildə, Sabirabad rayonunda anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. AC seriyalı, 017332 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA LAND CRUİSER” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. İddiaçı ilə Tural Salahov arasında 08.01.2019-cu il tarixli, PXA********** saylı sığorta müqaviləsi bağlanaraq, **-MX-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA LAND CRUİSER” markalı avtomobil 1 il müddətinə avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. PXA44393 saylı sığorta aktında göstərilmişdir ki, 26.02.2019-cu il tarixli sığorta hadisəsi nəticəsində “TOYOTA LAND CRUİSER” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz C 180” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və “Mercedes Benz C 180” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanla bağlı X3 1177 manat sığorta ödənişi edilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda göstərilmişdir ki, mülkiyyətçisi X2, hadisə baş verən anda sürücüsü cavabdeh olan “TOYOTA LAND CRUİSER” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə mülkiyyətçisi X5 olan “Mercedes Benz C 180” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Mercedes Benz C 180” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Hadisə baş verən vaxt cavabdehin “TOYOTA LAND CRUİSER” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillin idarə edilməsi üçün etibarnaməsi olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında 01.03.2019-cu il tarixli, ******* nömrəli protokola əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. 01.03.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzinin 28.02.2019-cu il tarixli qüsur aktına əsasən **-VV-*** dövlət qeydiyyat nişanlı “Mercedes C Klass” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 1177 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş 07.06.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə 7 təqvim günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 31,77 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Göründüyü kimi mülkiyyətçisi X2, hadisə baş verən anda sürücüsü cavabdeh olan “TOYOTA LAND CRUİSER” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən sığortalanmış avtomobil Cavabdeh təqsiri ucbatından sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Mercedes Benz C 180” markalı, **-VV-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə ziyan vurulmuşdur. Bununla bağlı həmin X3 iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı hazırda həmin sığorta ödənişinin cavabdehdən tutulmasını xahiş edir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilmişdir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin müəyyən edilmiş hallarından görünür ki, sığorta hadisəsi baş verərkən cavabdehin “TOYOTA LAND CRUİSER” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillin idarə edilməsi üçün etibarnaməsi olmamışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və avtomobili onun mülkiyyətçisinin razılığı ilə idarə etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 1177 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 31,77 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1177 (min yüz yetmiş yeddi) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-824/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-824/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver