Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-83/2024 22.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə 22 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi notariusunun 8İ-5574 nömrəli, xx.xx.2023-cü il tarixli və Cavabdeh xüsusi notariusunun 8İ-5572 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını və həmçinin ödədiyi 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xüsusi notariusunun 8İ- 5574 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ondan BPM**********22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2086 manat 95 qəpik pulun və Cavabdeh xüsusi notariusunun 8İ-5572 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ondan BPM**********322 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10389 manat 38 qəpik pulun tutulması müəyyən olunmuşdur. İcra qeydləri Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Kənan Məhərrəmovun icraatındadır. İcra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra qeydləri ilə razı deyil. Belə ki, icra qeydləri verilərkən, "Notariat haqqında” Qanunun 76-cı maddəsinin, Təlimatın 161, 162-2-ci bəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Onun icra qeydlərinin verilməsindən xəbəri olmayıb. Ondan əsassız olaraq artıq məbləğdə pul tələb olunur. Ona görə də hesab edir ki, icra qeydləri ləğv olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ona icra qeydi ilə bağlı məktub gəlməyib, ona göndərilmiş zərfi ailə üzvlərindən heç kəs qəbul etməyib və ona heç bir sənəd verilməyib. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, icra qeydinə əsasən bir müqavilə üzrə 2086 manat, digər müqavilə üzrə isə 10000 manat pulun tutulması müəyyən olunub. “İcra haqqında” AR Qanununun tələbləri kobud şəkildə pozulub. Tərəfə pretenziya məktubu göndərilməli idi, amma icra qeydindən əvvəl məktub göndərilməyib. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, xəbərnamə və digər sənədlərdə olan imzalar şəxsə məxsus deyil. Bu hal bir daha sübut edir ki, iddiaçının notariusun icra qeydi aparmasından xəbəri olamayıb . Vəkil qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirdi ki, icra qeydləri iki kredit müqaviləsi üzrə qeydə alınmışdır. Bununla bağlı iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada eyni vaxtda iddiaçının rəsmi qeydə alındığı ünvana iki bildiriş göndərilmişdir. Bildirişlər iddiaçının qohumları tərəfindən qəbul edilib və göndərilmiş məktubu iddiaçıya təqdim etmək həmin şəxslərin vəzifəsidir. Bir daha qeyd edir ki, icra qeydi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün prosessual qaydalara əməl edilmişdir. Bildirişlərin iddiaçıya təqdim edilməsi barədə sənədlər də məhkəməyə təqdim edilmişdir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 ASAN-Sumqayıt FİN xxxxxxx;d/t: xx.xx.1985) BPM**********22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2086 manat 95 qəpik (iki min səksən altı manat doxsan beş qəpik) tutulması, həmçinin borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2111 manat 95 qəpik (min bir yüz on bir manat doxsan beş qəpik) pul tutulması təklif edilmiş və həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli digər icra qeydinin surətindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 ASAN-Sumqayıt FİN xxxxxxx;d/t: xx.xx.1985) BPM**********22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10389 manat 38 qəpik (on min üç yüz səksən doqquz manat otuz səkkiz qəpik) tutulması, həmçinin borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10414 manat 38 qəpik (on min dörd yüz on dörd manat otuz səkkiz qəpik) pul tutulması təklif edilmiş və həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən İddiaçı illik 22 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli müqavilə üzrə 1963.9 manat əsas borc, 122.65 manat faiz borcu olmaqla, ümumilikdə 2086.55 manat borcu vardır. İşdə olan xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli digər müqavilədən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" ASC tərəfindən İddiaçı illik 20 faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 12900 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli müqavilə üzrə 8901.52 manat əsas borc, 1487.46 manat faiz borcu olmaqla, ümumilikdə 10388.98 manat borcu vardır. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı borcunun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. İş materialllarına əlavə edilmiş 331089 və 331294 nömrəli qaimələrdən görünür ki, "xxxx" ASC tərəfindən yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydlərinin aparılacağı barədə bildiriş ünvan 2 ünvanına göndərilmiş və “Rzayev” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. Məhkəmə qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. İddiaçı iddia tələbini icra qeydlərinin aparılmasından məlumatsız olması, yəni bu barədə ona bildiriş göndərilməməsi ilə əsaslandırmışdır. Bu məsələnin araşdırılması ilə əlaqədar məhkəmə tərəfindən iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/362 saylı ekspert rəyindən görünür ki, 1.1. Ekspertizaya təqdim edilmiş, mülki işin 88-91-ci vərəqlərində olan xx.xx.2020-ci il tarixli BPM**********22 nömrəli Tam kart çərçivə müqaviləsinin 1-3-cü vərəqlərin aşağı sağ hissələrindəki imzalar, 4-cü vərəqində “Müştəri və ya Borcalan” qrafasındakı imza və həmin imzadan aşağıda olan “Rzayev” soyadı - eyni şəxs – İddiaçı tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, mülki işin 72-ci vərəqində olan xx.xx.2023 -cü il tarixli 331089 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasındakı “Rzayev” soyadı, 93-cü vərəqində olan xx.xx.2023 cü il tarixli 3312 94 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasındakı “Rzayev” soyadı - eyni şəxs tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, mülki işin 72-ci vərəqində olan xx.xx.2023-cü il tarixli 331089 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasındakı imza, 93-cü vərəqində olan xx.xx.2023 -cü il tarixli 331294 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasındakı im za - eyni şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, mülki işin 72-ci vərəqində olan xx.xx.2023 -cü il tarixli 331089 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasındakı “Rzayev” soyadı, 93-cü vərəqində olan xx.xx.2023 -cü il tarixli 331294 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasındakı “Rzayev” soyadı - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3.1. Ekspertizaya təqdim edilmiş, mülki işin 72-ci vərəqində olan xx.xx.2023-cü il tarixli 331089 nömrəli qaimədə və 93-cü vərəqində olan xx.xx.2023-cü il tarixii 331294 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafalarındakı imzalar ilə müiki işin 88-91-ci vərəqlərində olan xx.xx.2020 -ci il tarixli BPM **********22 nömrəli Tam kart çərçivə müq aviləsinin 1-3-cü vərəqlərin aşağı sağ hissələrindəki imzaların və 4-cü vərəqində “Müştəri və ya Borcalan” qrafasındakı imzanın - eyni şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3.1-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. 3.2. Ekspertizaya təqdim edilmiş, mülki işin 72-ci vərəqində olan xx.xx.2023-cü il tarixli 331089 nömrəli qaimədə və 93-cü vərəqin də olan xx.xx.2023 -cü il tarixli 331294 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafalarındakı imzaların - İddiaçı tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3.2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Beləliklə ekspert tədqiqi zamanı bildirişlərin təqdim edilməsi barədə 331089 və 331294 nömrəli qaimələrdə olan imzaların İddiaçı tərəfindən icra olunub-olunmamasını qəti olaraq müəyyən etmək mümkün olmasa da, imzaların qarşısındakı “Rzayev” sözünün İddiaçı tərəfindən icra edilmədiyi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, imzaların qarşısında yazılan sözün İddiaçı məxsus olmaması, həmin imzaların da İddiaçı məxsus olmaması nəticəsinə gəlməyə imkan verir. Belə ki, imzaların İddiaçı tərəfindən icra edilib, soyadının başqa şəxs tərəfindən yazılması inandırıcı və ağlabatan deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən icra qeydlərinin aparılacağı barədə bank tərəfindən iddiaçının məlumatlandırılması işdə olan əsaslı şübhədənkənar mötəbər sübutlarla öz təsdiqini tapmadığından icra qeydlərinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xüsusi notariusu tərəfındən tərtib olunmuş 8İ-5574 nömrəli, xx.xx.2023-cü il tarixli və 8İ-5572 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydləri ləğv edilməlidir. Məhkəmə onu da qeyd edir ki, icra qeydinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra kreditorun borc müqaviləsi üzrə yaranmış borcun borcludan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xüsusi notariusu tərəfındən tərtib olunmuş 8İ-5574 nömrəli, xx.xx.2023-cü il tarixli və 8İ-5572 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydləri ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-83/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-83/2024
22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver