Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-836/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə (üçüncü şəxs – Sumqayıt şəhəri üzrə İcra İdarəsi) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən verilmiş 22.10.2021-ci il tarixli, 8İ-14757 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının banka ödənilməmiş 2599 manat 66 qəpik məbləğində borcunun olması, həmin borcun və 20 manat rüsumun iddiaçıdan tutulması ilə bağlı Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən 22.10.2021-ci il tarixli, 81- 14757 reyestr nömrəli icra qeydi yazılaraq icra edilməsi üçün Sumqayıt şəhər İcra şöbəsinə göndərilmişdir. İddiaçı həmin icra qeydi barədə hazırda Sumqayıt şəhər İcra şöbəsinə dəvət olunarkən bilmiş və həmin icra qeydinin surətini götürməklə qeydin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin icra qeydində iddiaçının banka qalan borc məbləği düzgün qeyd olunmamışdır. Belə ki, həmin borc 2014-cü ildə, yəni devolvasiyadan qabaq xarici valyutada götürmüş olduğu kreditlə bağlı yaranmış və tərəfindən həmin vaxt ödənişlər edilmişdir. Onun bankdan götürdüyü kredit bu fərmanın təsiri altına düşdüyü üçün həmin vəsaitə hesablanan kompensasiyaları nəzərə aldıqda iddiaçının banka həm kredit müqaviləsi, həm də albalı kartı üzrə cəmi 1814 manat borcu qalır ki, bunun da 1315,88 manatı kredit müqaviləsindən, 499 manatı isə Albalı kartdan qalan borcdur. Lakin hazırki icra qeydi yalnız qarşı tərəfin təqdim etdiyi məlumat əsasında yazılmış və iddiaçının əlavə pul öhdəliyinə cəlb olunmağına səbəb olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, ondan Cavabdeh2 ASC-nin xeyrinə məhkəmə əmrlərinə əsasən tutulmalı olan məbləğ 02.12.2019-cu il restrukturizasiya edilmişdir. Lakin onun borcu düzgün hesablanmamışdır. Belə ki, həmin müqavilədə onun borcu 2884,57 manat göstərilmişdir ki, bu düzgün deyil. Belə ki, onun tərəfindən banka ödənişlər edilmiş və ona kompensasiya hesablanmışdır. Eyni zamanda bankla öz aralarında razılığa gəlmişlər. Müəyyən ödənişləri yerinə yetirmiş, bununla bağlı qəbzlər də var. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, icra qeydinin ləğvi üçün heç bir əsas yoxdur. İddiaçının banka olan borcu realdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat kontoruna və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1975-ci ildə, ünvan 1ində anadan olmuş, hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 02.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən iddiaçının kredit borcu 2884,57 manat məbləğində, kreditin müddəti 5 il illik faiz dərəcəsi 1 faiz müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə əsasən iddiaçı 60 ay müddətinə 13cü aydan başlayaraq hər ay 61,33 manat, sonuncu ay isə 61,58 manat ödəməli idi. Zəngilan Rayon Məhkəməsinin 31.03.2016-cı il tarixli, 2(034)-360/16 saylı məhkəmə əmrinə əsasən iddiaçıdan 1687,31 ABŞ dolları əsas borc, 504,5 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2191,81 ABŞ dollarının və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi əmr edilmişdir. Həmin məhkəmənin eyni tarixli 2(034)-359/16 saylı məhkəmə əmrinə əsasən iddiaçıdan 499,01 manat əsas borc, 170,07 manat faiz borcu olmaqla, cəmi 689,08 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi əmr edilmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən 22.10.2021-ci il tarixli, 8İ-14757 saylı notariat işinin surəti məhkəməyə göndərilmişdir. Notariat işindən görünür ki, Cavabdeh2 ASC icra qeydinin verilməsi haqqında ərizə ilə Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə müraciət etmiş və həmin ərizə əsasında 22.10.2021-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydində iddiaçıdan 2599,66 manat borcun Cavabdeh2 ASC-nin xeyrinə tutulması qeyd edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 2-ci bəndində göstərilmişdir ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər əsasında icra qeydi aşağıdakı sənədlər əsasında alınır a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayış. İşdən göründüyü kimi iddiaçı ondan kredit müqavilələri üzrə borcun tutulmasına dair Sumqayıt şəhəri 4 saylı Notariat ofisi tərəfindən verilmiş icra qeydlərini mübahisələndirir. Belə olan halda o, həmin icra qeydlərinin verilməsinə əsas olmuş tələbin əsassız olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 ASC arasında kredit müqaviləsi bağlanmış və iddiaçı öz borcunu ödəyə bilmədiyindən cavabdeh icra qeydinin verilməsi ilə bağlı notariat orqanına müraciət etmişdir. İddiaçı icra qeydləri əsasında ondan tutulmalı olan borcun əsassız olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı mövqeyini əsaslandıra bilməmişdir. Eyni zamanda Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 02.12.2019-cu il tarixli müqavilə üzrə hesabdan çıxarışdan görünür ki, iddiaçı kredit müqaviləsi üzrə 2021-ci il ərzində cəmi beş dəfə, hər dəfə 60-62 manat olmaqla ödəniş etmiş, yalnız məhkəməyə müraciət etdikdən sonra 28.02.2022-ci ildə 300 manat ödəniş etmişdir. Yəni, iddiaçıdan borcun tutulması barədə verilmiş icra qeydi əsaslı olmuşdur. MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, iddiaçı 22.10.2021-ci il tarixli icra qeydinin ləğv edilməsini tələb etsə də, onun ləğv edilməsi üçün əsas olan halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı Sumqayıt şəhəri 4 saylı Notariat ofisi tərəfindən verilmiş 22.10.2021-ci il tarixli, 8İ- 14757 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-836/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-836/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver