Məhkəmə qərarları › İş №2(060)-8467/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-8467/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8467/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X4, iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx"ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınmasına görə 2875 manat, X1 dəymiş zərərə görə 750 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.12.2017-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan və X1 yüngül dərəcəli bədən xəsarətləri dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2875 manat, X1 dəymiş zərərə görə 750 manat sığorta ödənişi həyata keçirmişdir. 09.12.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük vəsiqəsi olmadığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Buna görə də Cavabdeh mülki hüququ pozuntusu nəticəsində vurduğu ziyanın əvəzi olaraq ödənilmiş ümumilikdə 3625 manat (2875+750=3625) manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasını xahiş etmişlər. İddiaçı iddia tələbini müdafiə edərək eyni zamanda ərizə ilə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - "xxxx"ASC tərəfindən verilmiş 09.01.2018-ci il tarixli, 046276 saylı sığorta aktından görünür ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2875 manat təşkil edir. - "xxxx"ASC tərəfindən verilmiş 28.12.2017-ci il tarixli, 045998 saylı sığorta aktından görünür ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 750 manat təşkil edir. - Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 08 yanvar 2018-ci il tarixli hesabatdan görünür ki, avtomobilə dəymiş zərər nəticəsində görülən işlərin məbləği 2875 manat təşkil edir. - 27.12.2017-ci il tarixli, 1247 saylı ekspert rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarət-ağrı simptomu ilə sağ bazu oynağının şişkinlik və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının qançırı-küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan 09.12.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin salon hissələrinin təsirindən törənə bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 09.12.2017-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan və X1 yüngül dərəcəli bədən xəsarətləri dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2875 manat, X1 dəymiş zərərə görə 750 manat sığorta ödənişi həyata keçirmişdir. 09.12.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük vəsiqəsi olmadığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki,iddia bu hissədə də təmin edilməli iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınmasına görə 2875 manat, X1 dəymiş zərərə görə 750 manat pul və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh “Mercedes Benz” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala salınmasına görə 2875 manat, X1 dəymiş zərərə görə 750 manat pul və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar