Məhkəmə qərarları › İş №2(060)-8473/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8473/2021

05.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8473/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı «məcburetmə» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı «məcburetmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5, X1, X6, X2 və onların azyaşlı övladları 08.08.2013-cü il təvəllüdlü X3, 22.12.2008-ci il təvəllüdlü X4 və 17.07.2015-ci il təvəllüdlü X7 Sumqayıt şəhəri, 14-cü məhəllə, 4/27 saylı evin 15-ci mənzilində pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, habelə qeyd edilən Qanunun tətbiqi haqqında Əsasnamənin 10-cu bəndinə görə şəxsi yaşayış yeri üzrə qeydiyyatdan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı çıxarır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli, 244 saylı Fərmanın 2.2-ci bəndinə əsasən qeyd edilən Qanunun 9-cu maddəsində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər. Göründüyü kimi, şəxsi qeydiyyatdan çıxarmaq səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına aid olmaqla, məhkəmə belə bir səlahiyyətə malik deyil. Odur ki, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə müraciət etməlidir. Əgər şöbə cavabdehləri qeydiyyatdan çıxarmaqdan imtina edərsə, iddiaçı isə bu imtinanı qanunsuz sayarsa, bu halda o, həmin orqanın hərəkətini mübahisələndirməklə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati qaydada və (və ya) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı «məcburetmə» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun, iddia ərizəsi və əlavə edilmiş sənədlər rəsmi qaydada verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar