Məhkəmə qərarları › İş №2(060)-863/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-863/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-863/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 direktoru X4 iştirakları ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “subroqasiya tələbinin təmin edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Sportage” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2464 (iki min dörd yüz altmış dörd) manat 60 (altmış) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh1 05.12.2017-ci il tarixdə idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus ‘İsuzu Ecobus” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə manevretmə qaydasını pozaraq İddiaçı Sığorta Şirkətində Könüllü Sığorta növü ilə sığortalanmış “Kia Sportage” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Sumqayıt şəhər DYPİ-nin 06.12.2017-ci il tarixli İnzibati tənbəh vermə haqqında Protokol və Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə “xxxx” Firmasının təqdim etdiyi qüsür akta uyğun olaraq, “Kia Sportage” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə 2564,60 (iki min beş yüz altmış dörd manat, altmış qəpik) manat ziyan dəymişdir. 22 dekabr 2017-ci il tarixli 045775 saylı sığorta aktına və 25 dekabr 2017-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ümumi zərər məbləğindən müqavilə üzrə nəzərdə tutulmuş 100 manat azadolma çıxılmaqla 2464,60 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh1 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olduğu və “İsuzu Ecobus” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "Cavabdeh2” MMC nəqliyyat vasitəsini icbari sığorta müqaviləsinin bağlamadığını nəzərə alaraq hesab edir ki, İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 2464,60 manat subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğinin cavabdehlərdən tələb etmək hüququ vardır. Odur ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, ümumi zərər məbləğindən müqavilə üzrə nəzərədə tutulmuş 100 manat çıxılmaqla ödənilmiş 2464,60 manat sığorta ödənişi cavabdehlərdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, “Kia Sportage” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2464 (iki min dörd yüz altmış dörd) manat 60 (altmış) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat Cavabdeh1 və Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, Cavabdeh2 MMC-yə məxsus “İsuzu Ecobus” markalı sərnişin avtobusunu idarə edir. O, hadisə zamanı qəza törətdiyi avtomobilin sürücüsü ilə öz aralarında razılığa gəlmiş və onun tərəfindən həmin sürücüyə dəymiş zərərə görə əlavə olaraq 300 manat məbləğində pul ödəmişdir. Bu səbəbdən iddiaçının ondan pul tələb etməsinə heç bir əsas yoxdur. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 direktoru X7 iddia tələbini qəbul etməyərək Cavabdeh1 izahatına uyğun izahat verərək göstərdi ki, MMC-yə məxsus avtobuslar hər il şirkət tərəfindən sığorta olunur. Cavabdeh1 idarə etdiyi “İsuzu Ecobus” markalı avtobusun sığortasında gecikmələr olmuşdur. Lakin buna baxmayaraq, qəza zamanı zərər dəymiş avtomobilin sahibi ilə Cavabdeh1 arasında şifahi razılıq olunmuş və hətda ona dəymiş ziyana görə pul ödənilmişdir. Bu səbəbdən hazırki iddia tələbini əsassız hesab edir. Məhkəmə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 direktoru X4 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 22.12.2017-ci il tarixli 045775 saylı “sığorta akt”ından müəyyən edilir ki, 29 noyabr 2017-ci il tarixində X1 məxsus “Kia Sportage” makralı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil 29.11.2017-ci il tarixdən 28.11.2018-ci il tarixə qədər 14000 manat məsuliyyət həddi dəyərində sığorta edilmiş, sığorta hadisəsi 05.12.2017-ci il tarixdə Sumqayıt şəhəri, Sevgilim şadlıq sarayının qabağında avtonəqliyyat vasitəsi idarə edilərkən “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. “Kia Sportage” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 19.12.2017-ci il tarixli nöqsan aktına əsasən, 2464,60 manat məbləğində hesablanmışdır. İş materiallarında olan “xxxx” firmasının 19.12.2017-ci il tarixli qüsur aktından görünür ki, “Kia Sportage” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər: otrajatel arxa sol 1 ədəd-50 manat, radar 1 ədəd-50 manat, stop arxa sol baqaj 1 ədəd-50 manat, stop arxa sol qanad 1 ədəd-50 manat, arxa sol qanaq 1 ədəd 300 manat, arxa sol qapı 1 ədəd 150 manat, sol qanadın kantı 1 ədəd-30 manat, xizəy sol qanad 1 ədəd 12,80 manat, qapı vinili 4 ədəd-44,8 manat, ön sol qapı ruçkası 1ədəd-19,6 manat, padnoşka sol 1 ədəd-50 manat, ön porpress 1 ədəd-464 manat, kant 1 ədəd-36 manat, vetravik 2 ədəd- 16,8 manat, ön sol qapı 1 ədəd-150 manat, arxa sol qapı rezini 1 ədəd- 54,4 manat, knopka spoyler 40 ədəd-27,2 manat, knopka bufer 10 ədəd-8 manat, germetika porpress 2 ədəd-40 manat, alt qara 1 ədəd-60 manat, arxa sol stanqa 1 ədəd- 40 manat, arxa sol qol 1 ədəd-25 manat, dəmirçi-180 manat, boyaçı sol hissə arxa baqaj- 450 manat, mexanik-27 manat, elektrik-27 manat, plastmas-27 manat, armaturçu-90 manat, razval-20 manat, balans-15 manat yekun məbləğ-2564,60 manat təşkil edir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” TYP № 111724 saylı, 06.12.2017-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobillə X15 küçəsi ilə hərəkətdə olarkən qarşısına maneə çıxan zaman manevr qaydasını pozub yol kənarında dayanmış “Kia” markalı, ** BE *** nömrə nişanlı avtomobillə toquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. İş materiallarında olan İnzibati Tənbeh vermə haqqında TYP № 111724 saylı, 06.12.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan ƏN-İV № 156984 saylı, “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, X6 mülkiyyətində olan “Kia Sportage” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 01.09.2024-cü il tarixədək X2 etibar etmişdir. İş materiallarında olan AC № 823757 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, “Kia Sportage” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan AC № 271453 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, “İSUZU ECOBUS” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh2 MMC-yə məxsusdur. İş materiallarında olan Azərbayçan Respublikası DİN-nin BPOMİ-nin MAPS şöbəsinin 07.09.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh1 Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 12/23, mənzil 16-da qeydiyyatdadır. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən müştərək qaydada “Kia Sportage” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2464 (iki min dörd yüz altmış dörd) manat 60 (altmış) qəpik sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1097ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən müştərək qaydada “Kia Sportage” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2464 (iki min dörd yüz altmış dörd) manat 60 (altmış) qəpik sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar